Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Nəqliyyatda intellektual idarəetmə sistemi işə düşür


Foto: Arxiv
Foto: Arxiv
İNTELLEKTUAL SİSTEM İŞƏ DÜŞÜR

Bakıda nəqliyyatda intellektual idarəetmə sistemi işə düşür. Dekabrın 20-25-i arasında. Bu haqda AzadlıqRadiosuna Nəqliyyat Nazirliyində nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov deyib. Onun sözlərinə görə, bu son deyil:

“Əlavə çox şeylər nəzərdə tutulur. Çünki “intellektual” başa çatandan sonra şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı görüləsi çox işlər var”.

İclasa tələsdiyini bildirən Sədrəddin Məmmədov görüləsi işlər haqda danışmadı.
Nəqliyyatda intellektual sistemin istismara verilməsi bir neçə dəfə təxirə salınıb. Sonuncu dəfə sistemin bu ilin avqustunda işə düşəcəyi gözlənirdi. Amma deyəsən, bu dəfə sistem doğrudan da işə düşür. Şəhər dayanacaqlarında yeni monitorlar quraşdırılır. Yada salaq ki, onların biri 10 min dollara başa gəlir.

AVTOBUSLARIN NÖMRƏSİ DƏ DƏYİŞDİRİLİR

Bakıda intellektual sistem işə düşməzdən öncə başqa yeniliklər də müşahidə olunur. İndi avtobus dayanacaqlarında sərnişinlər gözlərini dörd edib avtobus gözləyirlər ki, marşrutlarını səhv salmasınlar. Niyə? Şəhərdaxili nəqliyyatda bəzi avtobusların nömrəsində dəyişiklik edilir. 3 rəqəmli olan nömrələr 2 rəqəmlə əvəzlənir. Bəs məqsəd nədir? Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyir ki, “optimallaşdırma”:

“İntellektual sistemin tətbiqi ərəfəsində bütün marşrutlarda paralel xətləri aradan götürürük. Eyni zamanda, ehtiyacı olan istiqamətdə avtobus daxil edirik. Bununla da 310 marşrutu 217-ə endiririk. Marşrutların da nömrələrində sadələşdirmə aparırıq. Yəni 1-dən 100-ə qədər olan ikirəqəmlilər şəhər içində hərəkət edəcək. 3 rəqəmlilərsə şəhərətrafı qəsəbələrdə hərəkət edəcək. Məqsəd də odur ki, tıxac aradan qaldırılsın. Həm paralel xətlərdəki marşrutlar yığışdırılsın, həm də ehtiyacı olan istiqamətə avtobus verilsin”.

Yada salaq ki, təxminən son bir ildə 93-dək marşrut ixtisar edilib.

SƏRNİŞİNLƏR ÇAŞACAQ

Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov isə deyir ki, avtobus nömrələrinin dəyişdirilməsi sərnişinləri çaşdıracaq:
“Əhali üçün çətinlik törədəcək. Yəni sərnişinlər üçün anlaşılmazlıq yaranacaq, avtobusları səhv salacaqlar. Yəni vaxt lazım olacaq ki, sərnişin yenidən avtobusları tanısın”.

Elə Rafiq Həsənov da belə sərnişinlərdən biridir:

“Günəşliyə gedəndə gördüm ki, marşrutda 316-nı pozub 50 yazıblar. Elə şəhərdə də gördüm ki, birinci rəqəmi pozub, 2 rəqəm saxlayırlar. Xoşuma gəlmədi. Elə nömrələr var ki, sovetdən qalıb, uzun illərdir hamı tanıyır. İndisə hamı qarışıq salacaq”.

NAMİQ HƏSƏNOV: “QİYMƏT ARTA DA BİLƏR, ARTMAYA DA”

Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov
Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov
Bəs yeni sistemin işə düşməsi nəqliyyatda qiymət artımına səbəb ola bilərmi? Bu ilin iyununda nəqliyyat naziri Ziya Məmmədov şəhər daxili nəqliyyatda gediş haqqının artacağını demişdi. Nazir bu addımı Bakıda nəqliyyatın idarə edilməsində intellektual sistemin tətbiqi ilə əlaqələndirmişdi:

“Bu sistem çərçivəsində yeni avadanlıqlar tətbiq edilir. Bu isə öz xərcini çıxarmalıdır”.

Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov isə qiymət artımı ilə bağlı suala birmənalı cavab vermədi:

“Azərbaycanda nəqliyyat bazar prinsipləri əsasında fəaliyyət göstərir. Bazar özü təyin edir. Qiymət arta da bilər, artmaya da. Amma hələ bu haqda danışmağa tezdir. Qiymət artımını da müstəsna olaraq Tarif Şurası özü müəyyənləşdirir. Amma hələ ki elə şey yoxdur”.

ƏVVƏL ŞƏHƏRİN MƏRKƏZİ, SONRA...

Namiq Həsənovla söhbətdə o da aydın olur ki, dekabrın sonunda intellektual sistemin birinci mərhələsi işə düşəcək. Tam şəkildəsə sistem gələn ilin mayından fəaliyyətə başlayacaq. Yəni “Eurovision 2012” mahnı yarışması başlayanadək. Amma bu dəfə də şəhərin yalnız mərkəzi hissəsində:

“Bakının əsas istiqamətlərində işə salmağı planlaşdırırıq. Sonra coğrafiya genişləndiriləcək. Mətbuat prospekti, 20 yanvar dairəsi, Neftçilər prospekti, Zığ dairəsi və s. Əsas olaraq altı istiqamət nəzərdə tutulur”.

İlkin mərhələdə izləmə qurğuları, dayanacaqlarda rabitə xətləri quraşdırılması başa çatacaq və vahid dispetçer mərkəzi ilə əlaqə yaradılacaq. Bunu da nazirlik rəsmisi deyir.

Məzahir Rüstəmova görə, tıxacların getdikcə böyüdüyü paytaxtda intellektual sistemin sərnişinə faydası olmayacaq:

“Nə qədər ki, hərəkətdə maneələr var, tıxac var, nəqliyyatda idarəçilik düzgün qurulmayıb, çətin nəsə alına. Bu sistem hələ alınmayacaq. Artıq xərcdir. Hələ vaxtı çatmayıb. Nə əhali buna hazırdır, nə də nəqliyyat sistemi”.
XS
SM
MD
LG