Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Bulvarın yeni daş plitələri yenidən dəyişdirilir (VIDEO)


Bulvarın təzə döşəməsi yenilənir
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00
Direct-ə keçid

Bulvarın daş plitələrlə yenilənməsi ötən il başa çatmışdı, amma.....

Dənizkənarı Bulvarda bir il əvvəl döşənmiş daş piltələr indi qoparılır və yeniləri ilə əvəzlənir. İşləri Bakı Bulvar idarəsi görür. Bu səbəbdən bir neçə gündür bulvarın «Azneft» meydanından «Kukla» teatrına qədər ərazisinə giriş bağlanıb.

İndi döşənilən piltələr forma, qalınlıq və qiymət baxımından əvvəlkindən fərqlənir.

500 METRLİK ƏRAZİDƏ PLİTƏLƏR DƏYİŞDİRİLİR

Fəhlələr bu dəyişikliyin bütün bulvar ərazisini əhatə edəcəyini desələr də Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bunu təkzib edir. Deyir Dənizkənarı parkda bir neçə yerdə yeraltı keçid tikilən zaman ağır texnika bəzi yerlərdə piltələri yararsız hala salıb və elə işlər də həmin əraziləri əhatə edir. Amma o, işlərin davamlı olacağını və digər əraziləri əhatə edəcəyini də istisna etmir:

«Daşların dəyişməsi o qədər də böyük ərazini əhatə etmir. 500 metr ərazini əhatə edir. Bu işlər bir adamın qərarı ilə olmur. Bulvar İdarəsi kollegial orqandır. İdarədə kifayət qədər səriştəli mütəxəssislər, memarlar var. Əgər onlar qərara gəlsələr ki, bulvarın harasında yenə də nə isə dəyişsin, daha yenisi, daha gözəli qoyulsun, burda qəbahət axtarmağa dəyməz. İndi zaman göstərər ki, nə qədər hissədə piltələr dəyişdiriləcək. Mən hələ bu gün bunu bilmirəm».

Fəhlələr təmir zamanı
Fəhlələr təmir zamanı
Nazim Məcidov bütün işlərin may ayında Bakıda keçiriləcək «Eurovision» mahnı yarışmasına qədər tam yekunlaşacağını bildirir.

«TORPAĞA BASDIRILAN BÜDCƏ PULLARI»

Təmir işlərini kənardan seyr edən sakinlər isə görülən işləri «büdcə pullarının torpağa basdırılması» kimi qiymətləndirirlər. Bunu iki ağsaqqal deyir.

Dənizkənarı Parkda fikrini soruşduğumuz digər sakinlərin bulvarda baş verənlərə münasibətləri belə oldu:

- Bakıda, Azərbaycanda belə şeylər çox olur. Axır ki, pulu oğurlamağın, mənimsəməyin bir yolunu tapırlar. Bu, təmirdən çox oğurluqdur.

-Ayaq altında məhv olub gedir, hamısı da puldur. Bizə gərək xərclənsin, niyə belə olmalıdır? Pula qənaət olmalıdır.

-Bəlkə «Eurovision»-a görə, daha yaxşı düzəltmək istəyirlər. İstəyirlər ki, daha miniatür olsun... Onlar özləri bilər, nə sənlikdir, nə mənlik.

YENİ PARKA KÖHNƏ DAŞLARLA

Nazim Məcidov
Nazim Məcidov
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə görülən abadlıq işlərində korrupsiya, pul yeyintisi axtarmağın düzgün olmadığını söyləyir:

«Siz baxın 4 kilometr uzunluğunda bir ərazidir. Balaca yer deyil, bir rayonun ərazisi boydadır. Onun hər tərəfi təmir olunub. İndi hardasa balaca bir yerdə təmir işləri aparılırsa, müəyyən daş örtükləri dəyişilirsə, bundan ajiotaj yaratmaq, «ay bulvar təzə təmir olunmuşdu, yenə təmir olunur» deyib hay-küy salmaq lazım deyil».

Rəis müavini onu da deyir ki, köhnə parkdan qoparılan piltələr çölə atılmır, onlar yeni salınan dənizkənarı parka döşənilir.

«BİZ HEÇ KİMDƏN HEÇ NƏYİ GİZLƏTMİRİK, AMMA...»

Nazim Məcidovdan Bulvarın yenidən qurulmasına indiyə qədər nə qədər pul xərcləndiyini də soruşduq. O, indi bu barədə məlumatlara malik olmadığını bildirdi. Amma söz verdi ki, işlər bitəndən sonra ona bir də müraciət etsək o, 2008-ci ildən 2012-ci ilə qədər Bulvara xərclənən pulların miqdarını bizə deyəcək:

«Mən onu sizə deyərəm burda elə bir şey yoxdur. Kimdən nəyi gizlədək ki? Bir şeyi ki, dövlətdən gizlətmək mümkün deyilsə, onu insanlardan gizlətməyin nə marağı var? Biz heç kimdən heç nəyi gizlətmirik».

Bulvarın yeni daş plitələri yenidən dəyişdirilir
Bulvarın yeni daş plitələri yenidən dəyişdirilir
Nazim Məcidov maliyyə rəqəmlərini açıqlamasa da deyir ki, Nazirlər Kabinetinin tabeliyində olan Bulvar İdarəsini kifayət qədər büdcəsi olan imkanlı idarədir. Deyir bundan başqa idarənin Milli Park Müəssisəsi də xidmətlərdən xeyli vəsait əldə edir.

«BU, İLİN SONUNA QALAN BÜDCƏ PULLARININ MƏNİMSƏNİLMƏSİNƏ OXŞAYIR»

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, bulvarda aparılan «döşəmə- qoparma» əməliyyatı daha çox ilin sonuna qalan büdcə pullarının mənimsənilməsinə hesablanmış addıma oxşayır. İqtisadçıya görə, adətən dövlət qurumlarına büdcədən ayrılan pullar xərclənməyəndə o, yenidən geri büdcəyə qaytarılmalıdır. Bəzi qurumlar isə həmin pulu geri qaytarmamaq üçün müxtəlif işlər həyata keçirirlər.

2010-cu ildə dövlət büdcəsindən Dənizkənarı Bulvar İdarəsinə 12 milyon manat pul ayrılıb.
2012-ci ilin büdcəsində isə Bulvar İdarəsinə ayrılacaq vəsait göstərilməyib. Gələn ilin büdcəsində Dənizkənarı bulvar da daxil olmaqla 6 layihəyə 20 milyon 500 min manat vəsait nəzərdə tutulub.
XS
SM
MD
LG