Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:31

Əli Əhmədov: «Bu, Ziyalılar Forumu yox, Narazı Ziyalılar Klubudur»


Əli Əhmədov
Əli Əhmədov
«Ziyalılar Forumuna toplaşanları birləşdirən əsas motiv həll olunmamış şəxsi maraqlarıdır».

Bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bu partiyanın icraçı katibi Əli Əhmədov söyləyib.

Əli Əhmədov deyib ki, Ziyalılar Forumunun yaradılmasında məqsəd məhz həmin şəxsi maraqlara ictimai don geyindirməkdir:

«Təklif edirəm ki, Ziyalılar Forumu «Narazı Ziyalılar Klubu» adlandırılsın. Ancaq onu da deyim ki, Ziyalılar Forumuna daxil olanların narazılıqları da əslində ictimai motivli deyil. Deməli, kimsə hansısa problemini həll etmək istəyir, bunun üçün bir dəstə adamı başına yığıb ictimai fon yaratmağa çalışır. Kim başqalarının problemlərinin həll olunması üçün ictimai fon yaratmaq rolunu oynamaq istəyirsə, bu, onun öz işidir. Amma əvvəl-axır aldandığını başa düşəcək».

YAP-ın icraçı katibi qeyd edib ki, Azərbaycanda ictimai nüfuz sahibi olan yüzlərlə ziyalının heç 1 faizi Ziyalılar Forumunda təmsil olunmayıb:

«Ziyalı ilk növbədə bir peşə sahibidir və çox yaxşı olar ki, bütün peşə sahibləri kimi, ziyalı da öz işi ilə məşğul olsun. Ziyalılar Forumu ölkəmizdə elmin, ədəbiyyatın, incəsənətin inkişaf problemlərini müzakirə etsəydi, düşünürəm ki, bu, daha faydalı olardı… Ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, demək o, artıq tükənib. Demək o, ziyalı adını və statusunu istismar etmək yolu seçib».

Əli Əhmədov Ziyalı Forumunun üzvlərini siyasi fəaliyyətdə də ittiham edib:

««Ziyalılar Forumu» adlanan qurumda toplaşanlar, bir yandan deyirlər ki, guya siyasətlə məşğul olmurlar, digər yandan isə siyasi bəyanatlar verir, özlərini siyasi fəaliyyət subyekti kimi aparırlar… Azərbaycanda nəyisə tənqid etməzdən əvvəl böyük inkişafı və müsbət dəyişiklikləri də etiraf etməyi bacarmalısan. Axı hər kəs, elə o «tənqidçilərin» özləri, övladları, yaxınları da həmin inkişafın və müsbət dəyişikliklərin içindədirlər».
XS
SM
MD
LG