Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Yazıçı müsabiqənin nəticələrindən narazıdır


Azad Qaradərəli
Azad Qaradərəli
Yazıçı Azad Qaradərəli "Oxu zalı"na göndərdiyi bu yazıda “Polşa haqqında ən yaxşı ədəbi iş” müsabiqəsinin nəticələrindən narazılığını bildirir.


Azad Qaradərəli


“POLŞA HAQQINDA ƏN YAXŞI ƏDƏBİ İŞ" MÜSABİQƏSİNƏ SÖZARDI


Mən bu müsabiqələr məsələsinə elə sən deyən alışmamışam. Bir də axı haçan bir ərəli-bərəli müsabiqə oldu ki, mən də orda iştirak etməyim.

Gənclik illərim Sovetin uçub dağılan vaxtlarına təsadüf edib ki, onda hər kəs öz hayındaydı.

1987-ci ildə 33 yaşımda güc-bəla ilə ilk kitabımı nəşr etdirə bildim. (Əslində, düz on il gecikmişdi) O da Sabir Rüstəmxanlı olmasaydı, yəqin ki, baş tutan iş deyildi.

O vaxtki komsomol mükafatı, nə bilim başqa mükafatlar necə verilirdi, daha bu barədə qurd-quran açmağa lüzum yox, məncə.

Və bir gün eşitdim ki, Milli kitab mükafatı olub. Hətta Qaraqan adlı bir reper (!?) qalib gəlib.

O reperin “A” adlı kitabını alıb oxudum, bir şey anlamadım. Yox, əslində o gənc istedadlı gəncdir, amma harda? Məncə, o ağır oturub batman gələn nəsrlə musiqi meydanını səhv salmışdı.

Özü də deyəsən, anladı bunu, sonralar bir kitab da buraxdı və bu işin də başını buraxan kimi oldu. Nə bir hekayə, nə bir qeyri-hekayəsi belə gözə dəymədi.

İkinci il mən də bir nəsr kitabımı o müsabiqəyə göndərdim və uzun siyahıya – iyirmiliyə düşdüm. Dostların təkidinə baxmayaraq tanıdığım bir münsifə belə zəng etmədim. “Nə olar, olar”.

Təbii ki, ordan qabağa gedə bilmədim. (İnanın ki, mən heç o uzun siyahını da gözləmirdim). Eyni vaxtda Azadlıq radiosunun Oxu zalı da müsabiqə keçirmişdi, fəqət hekayə müsabiqəsi. Mən də ora bir hekayə göndərmişdim və yenə gözləmədiyim halda ikinci yeri tutdum. (Rəhim Əliyevlə birgə)

2011- ci ilin yaz aylarında Polşa səfirliyi bir müsabiqə elan etdi: “Polşa haqqında ən yaxşı ədəbi iş” adında. Mən düzü, buna elə də reaksiya vermədim, fəqət yenicə nəşr olunan “Burda yer fırlanmırdı” nəsr kitabımda bir hekayə vardı ki, dolayısıyla bu müsabiqəyə uyarlığı vardı. Bu hekayə kitabımdan başqa, bir neçə saytda və “Sənət qəzeti”ndə (indi çıxmır) yayımlanmışdı. Dostlar, hekayəni oxuyanlar bu müsabiqədə həmin hekayə ilə iştirak etməyimi istədilər. Hətta bir xeyirxahım dedi ki, əgər vaxtınız yoxsa, icazə verin, biz tələb olunan sənədləri və hekayəni müsabiqəyə təqdim edək. Təbii ki, mən razılaşdım, amma bu yarıkönül razılaşma idi. Ona görə ki, səfirlik müsabiqəni Yazıçılar Birliyi ilə birgə keçirirdi və mən buranın üzvü olmamaq bir yana, AYB-ın yazıçılar haqda və hər şey haqda apardığı siyasəti bəyənmir, yazılarımda tənqid edirdim.

Nəysə, hekayə - “Sonuncu kibrit çöpü” (hekayə ilk olaraq ötən ilin aprelində müəllifin icazəsi ilə "Oxu zalı"nda çap edilib - red.) – Polşanın şəhid prezidenti Kaçinskinin xatirəsinə həsr olunmuşdu və elə bu amacla da, yəni Polşa ölkəsinin adına güvənərək müsabiqədə iştirak haqda qərar verdim.

***

Bu günlərdə o müsabiqənin nəticələri iştirakçıların elektron ünvanında yerləşdirildi və mənim hekayəmə fərqlənmə diplomu verildiyi həmin məlumatdan bəlirlənirdi. Amma necə? Məni bütün ədəbi ictimaiyyət AZAD QARADƏRƏLİ kimi tanıdığı halda, məlumatda bunu AZAD VƏLİYEV kimi göstərmişdilər.

Təbii ki, o da mənəm, bu da. (Müsabiqə iştirakçılarından iki zərf istəmişdilər: biri gizli imzayla, biri həqiqi imzayla. Amma ikinci zərfdə şəxsiyyət vəsiqəsinin surəti də olmalıydı.) Bunlar mənim həm gizli imzamı – Qarabağlı, həm əsl imzamı – Qaradərəli, bir kənara qoyub, şəxsiyyət vəsiqəsindəki ad, soy adımı göstərmişdilər.


Müsabiqənin qalibi - Əlişirin Şükürlü
Müsabiqənin qalibi - Əlişirin Şükürlü
Bir gün sonra mənə və yazılarıma xüsusi diqqət və qayğı göstərən Kultaz.com saytı isə bir az da qabağa gedərək Azad Vəliyevi Azadə Vəliyeva kimi vermişdi. Bunlar əslində xırda məsələlərdir. Və bu yazını yazmağa o qədər də dəlalət etmir.

Bu ölkə dünya sivilzasiyasına Mariya Küri kimi iki dəfə Nobel mükafatı laureatı (o, həm də Nobel ödülü alan iık qadın kimi düşüb tarixə) olan alim, Henrik Senkeviç və Çeslav Miloş kimi Nobel mükafatçıları olan yazıçılar bəxş edib.

Və AYB-ın Natəvan adına klubunda tədbir başlandı...

Qaliblərin üçü də məndən cavan idilər. Səhəri gün “525-ci qəzet”də yazılarını vərəqlədim və düşündüm ki, allah eləsin, onların gələcəyi uğurlu olsun.

Birinci yerin sahibinə (Əli Şirin Şükürlü “Xoşbəxtlik ehtimalı) bir iradımı deməliyəm, cavandır, gərəyi olar: damcı “dammaq” sözündən olsa da, düşəndə heç vaxt “dam, dam, dam” səsləri çıxarda bilməz. Damcı uzağı “şıp, şıp, şıp”, yaxud “tıp, tıp, tıp” səsinə oxşar səs çıxarır. “Dam, dam, dam” isə palaz çırpanda, odun yaranda, (yox, o da “taqq” səsidi), ağır bir şeyin hündürdən yerə düşməsi anında (məsələn boş çəlləyin) və sairədə olur. Sözügedən yazıda isə kəlməbaşı damcılar düşür və “dam, dam, dam” səsləri çıxardır. Bunu da deməliyəm: yazıdakı riyazi anlayışlar (“istək – n, reallıq – r, xoşbəxtlik ehtimalı – p bərabərdir reallığın istəklərə nisbəti: p=r/n) təəssüf ki, bədiyyatın korlanmasına xidmət edir…

İkinci yerə layiq görülən iş (Xumar Ələkbərova “Polşa nağılı”) süjet baxımından nisbətən babat olsa da, bədii cəhətdən çox zəifdir. Üçüncü yeri tutan (Aysel Xəlilova “Polşada üç gün”) hekayə isə məşhur türk serialı “Yabançı damad”ın zəif kalkasıydı desəm səhv etmərəm. Hər üç yazıda bədiilik - əsas olası məsələ - çox zəif idi…

Mənim “Sonuncu kibrit çöpü” hekayəm Polşa haqqında deyil. Bu mənim işğal etdirilmiş kəndim və öz əliylə tikdiyi evini işğaldan qabaq əliylə yandırıb çıxan kəndçim haqqındadır. Təbii ki, Polşa da var orda, polyak qızı Yadviq də, şəhid prezident Kaçinski də…

Tədbiri izləyə-izləyə düşünürdüm: axı bu hay-həşir nəyə gərəkdi? Bu yazılar polyakcaya çevrilməyəcəkdisə, polyaklara çatırılmayacaqdısa, bu vurçatdasın kimə lazımdı? Yazılan yazılıb, oxuyan oxuyub. Axı hədəf nə idi? Bax, bu görünmürdü.

Polşa da bir vaxtlar bölüm-bölüm idi. İndi vahid Polşa var. Bizim ölkə isə hələ də tikə-parçadı.

Nobel ödülünün özəyini biz qoysaq da, özü hələ bizə nəsib olmayıb.

…Polşa bizə doğma ölkədir. Məhəmməd Əmin Rəsulzadəyə qucaq açıb, İsmayıl bəy Qutqaşınlı ilk Azərbaycan nəsr nümunəsi olan “Rəşid bəy və Səadət xanım”ı burda nəşr etdirib. Polşada bu gün də çoxlu soydaşımız yaşayır. Mən bu yazını 31 dekabrda yazıram. Dünyada, Polşada yaşayan soydaşlarımızı həmrəylik günü və Yeni il münasibətiylə təbrik edirəm. Elə polyakları da.


Redaksiyadan: "Oxu zalı"nda qarşı tərəfin fikrini də çap etməyə hazırıq.


Həmçinin oxu
Azad Qaradərəli "Sonuncu kibrit çöpü" (Hekayə)

Mükafata layiq görülmüş əsərlər:

1-ci yer - Əlişirin Şükürlü. Xoşbəxtlik ehtimalı
2-ci yer - Xumar Ələkbərova. Polşa nağılı
3-cü yer - Aysel Xəlilova. Polşada üç gün
XS
SM
MD
LG