Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:24

«Turizm ili»ndə Gürcüstana gedənlərin sayı niyə artdı?


Batumi
Batumi
2011-ci ilin 11 ayında Azərbaycandan Gürcüstana 643 min turist səfər edib. Bu barədə Gürcüstanın Milli Turizm Agentliyi məlumat yayıb. Bu, ötən dövrlə müqayisədə 30% artım deməkdir.

2011-ci il Azərbaycanda rəsmən «Turizm ili» kimi qeyd olunsa da, həm yay istirahətini, həm də Yeni il şənliyini ölkədən kənarda keçirənlərin sayı artıb.

TURİZM İLİNİN TƏDBİRLƏR PLANI

Amma «Turizm ili» sayəsində Azərbaycana gələnlərin də sayının artığı deyilir. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib ki, bu ilin 9 ayında artım 14% təşkil edib. İlin yekunlarına dair rəqəmləri isə 2012-ci ilin fevralında açıqlayacaqlar.

Prezident 2011-ci ili «Turizm ili» elan edəndə yanvar idi, amma Tədbirlər Planını ölkə başçısı ilin 2-ci yarısında – iyul ayının 20-də təsdiqləyib.

Tədbirlər Planı 46 məsələni əhatə edir. 2010-cu ilin noyabrından etibarən Azərbaycan viza qaydalarına dəyişiklik edərək hava limanında viza verilməsini dayandırdı. Üstündən 7 ay keçəndən sonra isə «Turizm ili»nin Tədbirlər Planında belə bir bənd vardı: «Turizm məqsədi ilə Azərbaycan Respublikasına səfər edən şəxslərin sayının artırılması üçün onlara viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflər hazırlansın».

Əlövsət Əliyev
Əlövsət Əliyev
VİZA PROBLEMİ QALIR

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, «Turizm ili» başa çatsa da, qarşıya qoyulan bu məqsədə nail olunmayıb:

«Azərbaycan öz viza siyasətini sərtləşdirdi. Azərbaycan vətəndaşlarının turist kimi başqa ölkələrə - xüsusilə Qərbi Avropa ölkələrinə getmə qaydaları da həmin ölkələr tərəfindən sərtləşdirildi. Çünki bu münasibətlər qarşılıqlıdır. «Şərq Tərəfdaşlığı» Proqramına daxil olsaq da, Azərbaycan hələ də readmissiya sazişlərini imzalamayıb».

BAKI VƏ BÖYÜK TURİZM

İqtisadçı ekspert Zöhrab İsmayıl da viza rejimi ilə yanaşı, «Turizm ili»ndə həll edilməli olan başqa problemləri də qeyd edir:

«Biz böyük turizmdən danışırıqsa, burda Bakı şəhəri də mühüm rol oynamalıdır. Keçdiyimiz ildə isə Bakıda hər tərəf qazılıb. Tikinti işləri ilə əlaqədar olan tıxaclar və s. mənfi təsir edən amillərdəndir.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
Üçüncü məsələ isə ekologiya ilə bağlıdır. Hər il çimərlik mövsümündə Ekologiya Nazirliyi elan edir ki, Bakının əksər çimərlikləri çimmək üçün yararsızdır. Azərbaycanı turizm ölkəsinə çevirmək istəyən insanlar məncə, bu 3 məsələdən başlamalıdır».

TƏDBİRLƏRİN ƏKSƏR HİSSƏSİ YERİNƏ YETİRİLİB

BMT Turizm İnkişafı Layihəsinin milli koordinatoru Faiq Qürbətov isə deyir ki, 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin əksər hissəsi yerinə yetirilib:

«Qarşıda qoyulan məqsədlərdən biri yeni otellərin açılışı idi. Onlar da açılmaqdadır. Ümumdünya turizm təşkilatları ilə beynəlxalq tədbirlər nəzərdə tutulmuşdu, onlar da sentyabr-oktyabr aylarında Bakıda keçirildi. Həmçinin, qanunvericilik sistemində də işlər aparılıb. Turizm haqqında yeni qaydalar hazırlanıb, indi onun təsdiqlənməsi məsələsi qalıb.
Faiq Qürbətov
Faiq Qürbətov
Ümumiyyətlə, özəl sektorun inkişafı üçün yeni turizm şirkətləri açılıb, onların qrup halında təşkilatlarını qurması bu ilin sonuna qədər başa çatıb».

YENƏ GÜRCÜSTAN

«Turizm ili» ilə əlaqədar bu il Bakı Turizm Peşə Məktəbi açılıb. Milli Məclisə «Turizm haqqında» yeni qanun layihəsi təqdim edilib. Regionlarda «Bu Vətən bizimdir!» adlı yay düşərgələri təşkil olunub.

Amma bütün bu tədbirlər Yeni ili Gürcüstanda keçirəcək Nərmin Məmmədovanı yolundan etməkdə acizdir. Onun Gürcüstana cəlb edən az pulla çox əyləncə əldə edə bilməsidir:

«Getmişdik bilet almağa, ayın 28-dən sonraya bilet qalmayıb artıq. Tbilisidə otel, ərzaq daha ucuzdur. İkinci səbəb də əhaliyə görədir. Burda Yeni il əhval-ruhiyyəsi hiss olunmur. Tbilisidə o qədər də pul getməyəcək, amma bir həftə maraqlı keçəcək».
XS
SM
MD
LG