Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:44

Batumidə dincələn azərbaycanlılar


Batumi
Batumi
Azərbaycandan Gürcüstanın Batumi kurortunda istirahət etməyə gedənlərin sayı bu il daha da artıb. Qara dəniz sahillərində istirahət edənlərinin sayına görə Azərbaycan yalnız Türkiyədən və İrandan geri qalır. Halbuki, həmin ölkələrin əhalisi Azərbaycanla müqayisəolunmaz dərəcədə çoxdur.

«Turan» agentliyi Mədəniyyət və Turizm Nazirliyinə istinadən yazır ki, iyun ayında Batumiyə 3 minə yaxın, iyulda isə 3 mindən çox Azərbaycan vətəndaşı gedib.

«10 GÜNƏ QALMAQ VƏ YEMƏK DƏ DAXİL 250 MANAT XƏRCLƏDİLƏR»

Bir neçə ildir yayı ailəsi ilə Batumidə istirahət edən Şahin Bəkirov deyir ki, istər şəxsi evlərdə, kiçik obyektlərdə, istərsə də böyük istirahət mərkəzlərində qalmaq baxımından ora Azərbaycanla müqayisədə xeyli ucuzluqdur. Şahin Bəkirov bu il Batumidən başqa bir neçə kurort şəhərinə baş çəkməyi planlaşdırdığı üçün özü ilə 500-600 manat götürür. Amma təkcə Batumidə dincəlmək üçün deyir daha az pul tələb olunur. Ona görə də gedənlərin sayı ildən ilə artır:

«Gedənlər dəhşətli dərəcədə çoxdur. Son vaxtlar Batumiyə gediş daha da intensivləşib. Ay yarım əvvəl tanış uşaqlar da orada idilər. 10 günə qalmaq və yemək də daxil 250 manat xərclədilər».

Şahin Bəkirov hesab edir ki, Batumiyə Azərbaycandan turist axınının əsas səbəbi orada qiymətlərin münasib olmasıdır. O, Gürcüstanın kurort şəhərlərinə turist kimi getməyi planlaşdıranlara tövsiyə edir ki, turist biletini Tbilisidən alsınlar. Çünki Azərbaycanla müqayisədə 100 manatdan ucuz başa gəlir.

«BİR OTAQDA BİR GÜN QALMAQ 25-30 LARİDİR»

İstirahət üçün Batumini seçən Bakı sakini Araz Məmmədovun isə seçim üçün ucuzluqla yanaşı başqa səbəbləri də var:

Gürcüstan. Batumi

«Bir otaqda bir gün qalmaq 25-30 laridir. Bizim pulla 15-17 manat. Restoranlarda və digər yerlərdə yeməklər 2 dəfə buradan ucuzdur. Bir pay həcm etibarı ilə də buradakından artıqdır. Çünki orada standartlar qorunur. Amma bununla belə xidmət də az əhəmiyyətli deyil. Sərhədi o tərəfə rahat keçirik. Bütün gecəni gəzə bilərsən, polis şübhə ilə yanaşmaz, sənəd soruşmaz».

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev hesab edir ki, Azərbaycan turistlərinin daha çox Türkiyəyə və Gürcüstanı seçmələrinin əsas səbəbi həmin ölkələrin Azərbaycana qonşu olması və dil baryerinin olmamasıdır. «Trend» agentliyinə bu günlərdə verdiyi müsahibəsində şöbə müdiri deyir ki, «Gürcüstanda rus, Türkiyədə Azərbaycan dilində danışmaq mümkündür. Xarici dilləri bilənlər isə Avropa ölkələrində özlərini daha rahat hiss edirlər».

AZƏRBAYCAN OTELLƏRİNDƏ 40 MANAT ÖDƏYİB DİNCƏLMƏK OLAR

Aydın İsmiyev bu axının səbəbini Azərbaycanda daxili turizm xidmətlərinin qiymətlərinin baha olması ilə əlaqələndirmir. Deyir artıq Azərbaycan otellərində gündə 40 manat ödəməklə normal istirahət etmək mümkündür.

Nazirliyin mətbuat əlaqələndiricisi Zöhrə Əliyeva da Gürcüstanın kurortlarının əsasən ucuzluğa görə cəlbedici olduğu fikri ilə razılaşmır:

«Avtomobillə səfər etmək mümkün olduğu üçün buradan ora getmək rahatdır. Bundan başqa dil problemi yoxdur. Orada həm Azərbaycan, həm də rus dilində çox yaxşı danışırlar. Bəlkə də səbəblərdən biri kimi orada ucuzluq olması göstərilir. Amma o qədər də yox. Çünki qiymətlərdə çox böyük fərq yoxdur».

250 MANAT VƏ 250 LARİ

Yeri gəlmişkən, Mədəniyyət və Turizm Nazirliyinin saytında-Azərbaycandakı istirahət marşrutları barədə məlumatdan yalnız Qubadakı qiymətləri öyrənə bildik. Məsələn, orada qeyd olunur ki, Qəçrəş istirahət zonasında yerləşən «Naxçıvan», «Səməd», «Cənnət» istirahət guşələrində 4 – 6 nəfərlik evlər var ki, bu evlərdə 1 nəfər üçün qiymət 10 manatdan 50 manatadək dəyişir. Rayon ərazisində istirahət guşələrinə yaxın kəndlərdə isə bir adama sutkada 5 manatdan 20 manatadək fərdi yaşayış evi kirayələmək mümkündür.

Əgər Qubanın məşhur «Cənnət bağı»nda bir günlük qiymət bir nəfər üçün 250 manatdırsa Batuminin mərkəzindəki David mehmanxana kompleksinin lyuks nömrəsində 250 laridir (1 lari Azərbaycanın 47 qəpiyinə bərabərdir).

Nazim Məmmədov
GÜRCÜSTANDA BİZNES QURAN İŞ ADAMLARI

İqtisadçı ekspert Nazim Məmmədov isə deyir ki, bazarın klassik tələblərinə uyğun olaraq insanlar həmişə istirahət üçün münasib qiymətə yaxşı xidmət olan yerləri seçirlər. Gürcüstan isə turizm sektorunun inkişafında açıq qapı siyasəti yürüdür. Onun sözlərinə görə, Gürcüstan hökuməti buna dair strateji plan da tərtib edib. Həmin plan yaxın 3 ildə hər il ölkəyə gələn turistlərin sayının 3 milyondan artıq olmasını hədəf götürüb. Gürcüstanda hazırkı turizm bumunun əsas səbəbi oradakı ucuzluq və bu sektora yaradılan şəraitdir:

«Gürcüstanın Mədəniyyət və Turizm naziri Azərbaycanda olarkən buradakı investorları öz ölkəsində otel biznesinə, turizm sektorunda vəsait yatırmağa çağırdı. Dedi ki, bunun üçün 15 il müddətinə onları vergidən azad edib pulsuz torpaq sahələri verməyə hazırdırlar. İndi mən Azərbaycandan çoxlu iş adamı tanıyıram ki, gedib orada vəsait yatırıb, iş qurublar».

Nazim Məmmədov deyir ki, qonşu ölkədə turizmin belə sürətli inkişafında Azərbaycan iş adamlarının əməyi az deyil. Ona görə də turizmi inkişaf etdirmək istəyirsə Azərbaycan hökuməti ilk növbədə bu sahədə liberal dəyərlərin artırılmasına, iş adamlarına şərait yaradılmasına, ayrı- ayrı məmurların onların işinə müdaxiləsini azaltmağa çalışmalıdır.

Nazim Məmmədov azərbaycanlıların istirahət üçün Gürcüstana axınını dil faktoru ilə də əlaqələndirməyi də düzgün saymır. Deyir indi orada ingilis dili rus dilindən daha aktualdır.
XS
SM
MD
LG