Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Van Qoqun məşhur rəsm əsəri hərraca çıxarıldı


Holland rəssamı Vinsent Van Qoqun “Saint-Remy kilsəsi” adlı tablosu yarım əsrdən sonra yenidən satılacaq.

Tablo fevralın 7-də Londondakı Christie’s auksionunda hərraca çıxarılacaq.

Dünya mediası bu tablonun satışına xüsusi diqqət ayırır.

İş orasındadır ki, satışa çıxarılan tablo Hollivudun bənövşə gözlüsünün—keçən il dünyadan köçən aktrisa Elizabet Teylorun şəxsi kolleksiyasındandır.

Elizabetin atası Francis Taylor bu tablonu 1963-cü ildə Londonda- Sotheby’s auksionundan 257 min 600 dollara satın alıb qızına bağışlamışdı.

Ekspertlər Van Qoqun tablosunun 6 milyonla 8 milyon yarım avro arasında satılacağını güman edirlər.

Yeri gəlmişkən, Van Qoq sənətinin pərəstişkarları onun Christie’s-də hərraca çıxarılacaq tablosunu ala bilməsələr də, İstanbulda sərgilənəcək əsrlərinə tamaşa edə bilərlər.

Fevralın 10-dan mayın 15-dək İstanbul Karaköy Antrepo 3-də. 15 oktyabr-30 dekabr tarixlərində isə Ankara Cer Moderndə bu ünlü rəssamın əsərləri sərgilənəcək.

Sərginin özəlliyi odur ki, Van Qoqun əsərləri yeni formatda təqdim olunacaq.

Tamaşaçılar işıq, rəng və səs effektlərindən istifadə olunan maraqlı bir sərgi görəcəklər.

Sərgidə 3 mindən çox dijital görüntüdən istifadə olunacaq.

“Van GoghAlive” adlanan sərgi Grande Exhibitions Avstraliya tərəfindən təşkil olunub.

Əvvəlcə Sinqapurda, sonra isə İstanbul və Ankarada nümayiş olunacaq.

Xatirladaq ki, ünlü holland rəssamı Van Qoq 1853-cü ildə Hollandiyada doğulub.

Rəssamlıqdakı impressionizm cərəyanının (təəssüratçılar) öncüllərindəndir.
Van Qoq müasirləri tərəfindən layiqincə dəyərləndirilməyib.

Ancaq ötən əsrin əvvəllərində dünyanın böyük şəhərlərində təşkil edilən sərgilərdən sonra Van Qoqun əsərləri qiymətə minib.

Həyatının çox hissəsini bir fincan qəhvə, bir dilim çörək həsrətiylə keçirən rəssamın əsərləri indi dünya incəsənət auksionlarında rekord qiymətə satılır.

Həyatının sonunda əsəb xəstəsi olan Vinsent Van Qoq cəmi 37 yaşında dünyadan köçüb.
XS
SM
MD
LG