Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:56

Elnarə Tofiqqızı - Aqil Abbasın romanını tənqid edir


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı bu yazısı ilə yazıçı Aqil Abbasın "Dolu" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı

MÜHARİBƏ HAQQINDA MÜƏLLİF FƏRYADI


Yazıçı Aqil Abbasın «Dolu» əsəri Qarabağ müharibəsində baş verən real hadisələri özündə əks etdirməsi baxımından diqqəti çəkir.

Müəllif əsəri iki hissəyə ayırıb: birinci hissədə «Dünyanın Ən Varlı Şəhəri» adıyla obrazlaşdırılan Ağdam, burda gedən döyüşlər, müdafiə batalyonu və qeyri-bərabər döyüşdə könüllü əsgərlərin, «Vurğun Vurmuş Cavanlar»ın torpağı qorumaq üçün özlərini qurban vermələri təsvir olunub; ikinci hissədə isə Ağdamsız ağdamlıların (Qarabağsız qarabağlıların), «Dünyanın Ən Varlı Şəhəri»nin sakinlərinin çadır şəhərciklərində hümanitar yardım ümidinə yaşamaları, müdafiə batalyonu komandirinin müharibədən sonrakı həyatı qələmə alınıb.

1.

Əsər şəhərə düşən mərmi zərbələri ilə başlayır və müəllif bu mərmiləri dolu ilə müqayisə edir. Əsərin adı da burdan yaranıb:

Vaxtsız yağan dolu sütül sünbülləri, torpağın bəhərini məhv etdiyi kimi, «Qrad» «dolu»su da müharibəyə hazır olmayan «Dünyanın Ən Varlı Şəhəri»ni, onun sütül övladlarını əbədi susdurur.

Müəllifin yaxın tariximizi xüsusi həssaslıqla izlədyi bütün əsər boyu görünür. Buna görə də «Dolu» əsərinin «Qarabağ haqqında salnamə» adlandırılmasında, qismən də olsa, müəyyən həqiqət var.

Ancaq «Dolu» sənədli deyil, bədii mətn olaraq yazılıb və ədəbi dəyərləndirilməsi bu səbəbdən qaçılmazdır.

«Dolu»da müharibə reallıqlarını əks etdirən ədəbi təsvirlər, mənzərələr, səhnələr kifayət qədərdir və müəllifin peşəkarlığı, oxucunu təsvir etdiyi hadisələrin iştirakçısına çevirmək qabiliyyəti aşkar hiss olunur.

Könüllü batalyonlarındakı hərbi nizamsızlığın fonunda döyüş ruhu, dövlət rəhbərliyinin dəstəyindən kənarda, düşmənlə üz-üzə yalnız qalan ağdamlıların əsəbi iradları (Komandirlə jurnalistin görüşü), Pələngin ölümü, Komandirin başçılığı ilə son döyüş və s. canlı təsvirlərdir.

Ancaq bu təsvirlər «Dolu»nun roman olmasına imkan vermir.

2.

Aqil Abbas «Dolu»da Allahın və mələklərin (Əzrayılın) obrazının yaradılmasına cəhd edib və doğrusu, bu cəhdi qiymətləndirməmək olmaz.

Ancaq Allah obrazı nə mifik yaddaşa əsaslanıb, nə dini dünyagörüşə, nə də kütləvi təsəvvürə. Müəllifin müharibə vəhşiliyindən (bura ilk növbədə məğlubiyyəti əlavə etmək lazımdır) doğan ürək yanğısı ona Tanrı obrazını asilikdən o tərəfə təsvir etməyə imkan vermir: «Allah» surəti - «müharibədə qırılmış bu günahsız cavanlar kimi vaxtından əvvəl qocalmışdı» (s., 30) kimi təzadlı müqayisə ilə yaradılır.

Müəllifin təsvirində «qəzəbli» və «yorğun» Tanrının Qədir Rüstəmovun səsinə qulaq asması səbəbindən «Yiyəsiz Övladların» və onların ana-bacılarının yalvarışlarını eşitməməsi də (s., 31) anlaşılmaz müqayisələrdir.

Dövlətin yiyə çıxmadığı insanların «kimsəsizlər kimsəsi» (Bikəs) Allahın da yadından çıxmasını Q.Rüstəmovun ilahi səsinin sehrinə bağlamaq, hər halda, heç bir bədii-fəlsəfi yük daşımır.

Ümumiyyətlə, müəllifin Allah, Əzrayıl, mələklər və s. bağlı publisistik müdaxilələrində informasiya yox dərəcəsindədir.

Bunlar yaratdığı (gördüyü) hadisə və ya obrazların dəhşətli taleyindən narahat olan insanın çılğın fəryadından başqa bir şey deyil və mətnin bədii dəyərini azaltmaqdan başqa heç nəyə xidmət etmir.

3.

Müəllif obrazların adlanmasında diqqətiçəkən bir neçə formadan istifadə edib:
a) Obrazların adıyla tam ümumiləşdirilənlər: «Vurğun Vurmuş Cavanlar», «At Belində Olan Adam», «Bordağa Bağlanmış Buğaya Dönən Məmur» və s.
b) Qismən ümumiləşənlər: «Səhiyyə Nazirinin Müavini», «Birincinin Daimi Nümayəndəsi» və s.

v) Adlanmasına ehtiyac görülməyən konkret obrazlar: Musanın Qardaşı, Musanın
Xalası Əri, Pələngin Anası, Tarix Müəllimi və s.

q) Öz adı ilə iştirak edənlər: Ayaz Mütəllibov, Polyaniçko, Şerbak, Şükür Rzayev…

Şərti olaraq apardığımız bu bölgünü genişləndirmək də mümkündür. Diqqəti çəkən odur ki, müəllif adlandırmalarda hər hansı qaydaya riayət etməyə ehtiyac görməyib və ona görə də, məsələn, «Səhiyyə Nazirinin Müavini»nin digər tarixi şəxslər kimi adının çəkilməməsi və ya «Nazir Müavini» olaraq ümumiləşdirilməməsinin, yaxud, «Musanın Xalası Əri»nə ad verilməməsinin səbəbi qaranlıq qalır.

4.

«Dolu» əsərində müəllif ön cəbhə ilə paytaxtdakı vəziyyəti müqayisə etməyə və siyasi iradəsizliyin doğurduğu acı nəticələri, düşmən dəyirmanına su tökən ölkə rəhbərliyinin xəyanətini verməyə çalışıb. Bu baxımdan, əsər dövrün siyasi və tarixi proseslərini də əhatə etməyə iddialıdır və nəzərə alsaq ki, «Dolu» həm də «salnamə» olaraq qiymətləndirilir, onda bu fakta daha diqqətli yanaşmaq lazım gəlir.

Qeyd edək ki, «Dünyanın Ən Varlı Şəhəri» olaraq obrazlaşdırılan məkan Qarabağ döyüşlərini ümumiləşdirməyə hesablansa da, təsvirlər («Qarabağ» komandasının stadionu, «İmarət» kimi yer adları (s, 56), «bazarında atom bombasının satılması» (s, 68), Rəşid Behbudovla bağlı hadisə (s., 84) və s.) Ağdamın üstündə qərarlaşır. Eyni sözləri Komandir haqqında da söyləmək olar: «Komandir özü də şəhəri kimi tək qalmışdı: Eldar Bağırovu günün günorta çağı Bakıda güllələmişdilər, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanla vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı «Qrad»la parçalamışdılar…» (s., 172) müdaxiləsi ilə müəllif «könüllü müdafiə batalyonunun komandiri» olaraq ümumiləşdirdiyi Komandiri də konkretləşdirir. Məkan konkretləşirsə, tarix də bəlli olur və bu səbəbdən «salnamədə» Ağdamın müdafiəsindəki çatışmazlıqlarda «Xədim Ölkənin Xədim Rəhbərinin günahı» göstərildiyi kimi, şəhərin təsliminə səbəb olan 1993-cü ilin siyasi-hərbi xaosuna da müəllif münasibəti davam edə bilərdi.

Ancaq bu münasibət yoxdur, o cümlədən, Komandirin 10 illik həbsinin «sifariş» olduğu müstəntiqin dilindən bildirilsə də (s., 196), əsərin bu yerində müəllif birbaşa deyil, siyasi konyukturaya uyğun olaraq, dolayı müdaxiləyə ehtiyac duyur ki, bunun da hiss olunması əsərin siyasi dəyərini azaldır.

5.

Müəllifin Komandiri döyüşdən sağ çıxarması və ona daha 10 il yaşama fürsəti verməsinin səbəbi müharibədən sonrakı dövrə və döyüşçü həbslərinə işıq tutma cəhdidir. «Dolu»nun ikinci hissəsi bu məqamlara həsr olunub.

Komandir 30-cu illər represiyasının məşhur qurbanları ilə eyni təcridxanada cəza çəkir və müəllif «məkan qapısından» məharətlə istifadə edib, o dövrə daxil olur. Beləliklə, struktur baxımından birinci və ikinci hissələr arasında böyük fərq yaranır.
Ancaq müəllif həddindən artıq böyük zaman və fərqli struktur, əvəzində isə bunları özündə ehtiva etmək gücünə malik olmayan forma seçdiyindən, ideyanın bədii həllinə nail olmayıb. Həcm baxımından çox kiçik olan ikinci hissədə həbsin
Yazıçı Aqil Abbas
Yazıçı Aqil Abbas
səbəbləri, müharibədən sonrakı çadır şəhərcikləri, insanları aşağılayan humanitar yardımalma növbələri, ölkənin siyasi qütblərə parçalanması, yaxın keçmişə biganəlik, Qarabağsız qalan azərbaycanlıların restoranlarda Qarabağa aid mahnı sifariş etmələri, ictimai münasibətlər və s.-in əksini tapması çox çətindir, həm də ona görə ki, müəllif dövrün siyasi mənzərəsini və yaşam reallıqlarını real cizgilərlə (Komandirin təzyiqlər səbəbindən kirayə qaldığı evdən çıxarılması, «yolunda hər şeyini qurban verdiyi ölkədə» bir kirəkeş otağın da ona çox görülməsi, partiyalara dəvət və s. (s.,220) təsvir etməyə çalışır.

Buna görə də «Dolu» - sanki böyük bir mətni yazmağa hazırlaşan müəllifin apardığı kiçik qeydlər, bu qeydlərdəki «müdaxilələr» isə bədii inikasını gözləyən ştrixlər təsiri bağışlayır. Əsərdən belə bir rəy yaranır ki, A.Abbas səbəbi bəlli olmayan tələskənlik göstərib və yazacağı romanın özünü deyil, qeydlərini oxuculara təqdim edib.

6.

Əsərdə, məsələn, «Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma eyni şəhəri eyni paylaşmamışdılar» (s., 32) tipli cümlə xətalarını redaktə, «Dünya yenə 24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafında fırlanaraq öz kefindəydi» (s., 218) kimi yanlışlıqları diqqətsizlik hesab etmək olar. «Məsciddə tabut düzəltməyə taxta çatmırdı» fikrinə isə aydınlıq gətirilməsi vacib idi. Müəllif bu fikri bir neçə yerdə (s., 75, 103 və s.) işlədib və elə təsəvvür yaranır ki, şəhidlər tabutda basdırılır.

Tabutda dəfn və ya məscidlərdə tabutların düzəldilməsi ənənəsi Azərbaycan xalqı üçün (müsəlman adətinə görə) xarakterik deyil. Əgər şəhid çox olduğundan, qəbiristanlığa aparılması və ya başqa bölgəyə göndərilməsi üçün əlavə tabutların hazırlanmasına ehtiyac yarandığı təqdim edilirsə, bu, xüsusi təsvir olunmalıydı.

7.

Yuxarıda qeyd etdik ki, A.Abbas müharibə və müharibədən sonrakı dövrü əhatə edən reallıqları bədiiləşdirməyə cəhd edib və belə bir cəhdin alınmaması təbiidir. Əlbəttə, müharibənin başa çatmaması müəyyən mənada bu məqamda rol oynayır və dövr bitmədiyindən, təsvirdə də natamamlıq özünü göstərir. Görünür, əsas səbəb də hər günü böyük bir tarix olan həmin dövrə yanaşma çətinliyində, əsərlərin böyük zaman və məkana iddiasının bədii həllini müdaxilələr və publisistik yanaşmalarla tapma istəyindədir.
XS
SM
MD
LG