Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:58

«Eurovision-2012» finalçıları kimlərdir? (VİDEO)


Eurovision Milli seçimi finiş xəttinə çıxır
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
-

Azərbaycanı «Eurovision-2012» müsabiqəsində kim təmsil edəcək? Orxan, Səbinə, Fəqan, Arzu, yoxsa Elton?

Bu sualın cavabı bu həftənin son günü bəlli olacaq. Elə yarışmanın finalçıları da səbirsizliklə son günü gözləyirlər, axı bu nəticə qalibin musiqi karyerasında dönüş yarada bilər.
Son günə bir neçə gün var, biz hələlik finalçıları tanıdaq.

KEÇƏN İL ÖZÜMƏ GÜVƏNİM YOXDUR

Birinci həftənin qalibi Orxan Kərimli. 6-cı sinifdən Londonda kollecdə təhsil alıb. 19 yaşı var. Uşaqlıqdan rəqslə məşğul olub, vokal dərsləri alıb, hətta İsveçrədə də 1 il vokal üzrə oxuyub, indi də təhsilini Azərbaycanda davam etdirir. Üzgüçülük, tennis və voleybolla məşğul olub. Kiçik bacısı İsveçrədə təhsil alır. Deyir musiqi, rejissorluq, iqtisadiyyat üzrə təhsil alan anası onun böyük dəstəkçisi olub.

Bəs ötən ilki «Eurovision»a nədən qatılmadı?

- Keçən il özümə güvənim yox idi. Bu il mənə inam gəldi, müsabiqələrin birində bir prodüsser mənə dedi ki, nədən «Eurovision»a getmirsən? Məndə də inam yarandı, anama dedim, o da mənə dəstək oldu. Gəlib namizədliyimi verdim.

- Rəqibləriniz arasında öz imkanlarınızı necə qiymətləndirirsiz?

- Özümü çox şanslı sayıram. Niyə... Uşaqlar hamısı çox istedadlıdı, amma mən özümə çox güvənirəm. Çünki səs tembrim də yaxşıdır, rəqs də eləyirəm, xarizmam var, səhnə mədəniyyəti üzrə iki il dərs almışam. 19 yaşım var, çox gəncəm. Fikirləşirəm ki, hər cəhətimə görə «Eurovision»a yaraşıram.

BİR PLASTİLİN KİMİYƏM

Orxan Kərimli deyir ki, onun arzusu, istəyi səsinin Avropadan gəlməsidir. Xəyallarında özünü Avropanın heyran olduğu azərbaycanlı müğənnisi kimi görür.

- Məncə, «Eurovision» olmasa da, müğənni olmaq üçün məndə hər şey var, dedim bayaq, səsim var, bu da ən vacibidir. 19 yaşım var. Bir plastilin kimiyəm.
- Azərbaycan bəstəkarlarından kimi həvəslə dinləyirsən?
- Bəstəkarlardan? Olar dinlədiyim müğənniləri deyim? Rəşid Behbudov, Polad Bülbüloğlu, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Aygün...
- Bəs ədəbiyyatdan nələr oxuyursuz?
- ... Vaxtım yoxdu artıq danışmağa... olar müsahibəni qurtaraq? Artıq dərsim başlayır...
- Əlbəttə, olar... sağ olun...
- Amma bəstəkarlardan deyim, Eldar Mansurova, Vaqif Gərayzadə, Cavanşir Quliyevə qulaq asıram.

DOSTLARIM QƏRAR VERDİ...

Yarışmanın yarımfinalında dördüncü həftənin qalibi Fəqan Səfərov. 22 yaşı var. Uzun müddət Moskvada yaşayıb, orda musiqi təhsili alıb, gitara və pianino üzrə oxuyub. «Eurovision»-a qatılmağı ona dostları məsləhət görüb:

- Birdən-birə oldu, dostlar qərar verdi ki, qatılım musiqiyə. Mənim də arzum idi ki, Avropada Azərbaycanı, millətimizi təmsil edim.

«Space» televiziyasının «Azəri star-2011» mahnı yarışmasında ikinci yerin qalibi olan Fəqan bu dəfə birinciliyi qazanacağına əmindi:

- Azərbaycan tamaşaçısı niyə məhz sizə səs verməlidir?

- Niyə verməlidir? Çünki mən estradadan başqa, öz milli üslubumuzda da, bəstəkar mahnıları da oxuya bilirəm. Elə bilirəm ki, Azərbaycan tamaşaçısı da məni seçməlidir ki, «Eurovision»-da ölkəni mən təmsil edim.

ARTIQ KARYERAMI QURMAĞA BAŞLAMIŞDIM...

- «Eurovision»-sız öz müğənni karyeranızı qura bilərsizmi?

- Artıq qurmağa başlamışam. Bir neçə müsabiqələrdə olmuşam. Türkiyədə konsertlərdə iştirak etmişəm, Rusiyada da tanınmış müğənnilərlə birgə konsertlərə qatılmışam. Yəni artıq karyeraya başlamışdım.

- Azərbaycan bəstəkarlarından kimi dinləyirsiz?

- Tofiq Quliyev, Elza İbrahimova, Emin Sabitoğlu... bir çoxunu...

- Ədəbiyyatdan necə, kimi oxuyursuz?

- Qısa-qısa oxuyuram. Mən həyatımı daha çox musiqiyə, notlara ayırıram. Ədəbiyyat az oxuyuram. Sevimli yazıçım İsmayıl Şıxlının adını çəkə bilərəm.

2 GÜN QORXUSU

Elton İbrahimov. Rusiyada, Barnaulda doğulub. 18 yaşı var. Uşaqlıqdan idman, bal rəqsləri ilə məşğul olub. Rusiyada keçirilən musiqi yarışmalarına qatılıb. Gitara və fortepianoda ifa etməyi bacarır. Musiqi məktəbini bitirib, vokal dərsləri alıb. Özündən böyük bacısı Rusiyada Tibb Universitetin bitirib, qardaşı isə iqtisadiyyat üzrə təhsil alır. Atası Altayda Ümumi Xalq Mədəniyyət Mərkəzinin sədri Nazim İbrahimovdur. Atası həm də Rusiyada bizneslə məşğuldur.

Elton deyir ki, Rusiyadaxili mahnı və rəqs müsabiqələrində yüksək yerlər qazansa da, «Eurovision-2012» müsabiqəsində isə Rusiyanı yox, vətənini təmsil etməyi arzulayıb:

- Rusiyada yaşamağıma baxmayaq, vətənimi təmsil etməyi istədim.

MİLLİ BOĞAZLARI ÖYRƏNİR

«Eurovision-2012» müsabiqəsinə qatılmaq üçün isə ərizəni qohumları verib və ona deyiblər ki, iki gün ərzində gəlib qeydiyyatdan keçməlidir. Keçə bilməzsə, bu şansdan məhrum olacaq. Elton da dərhal Moskvaya, ordan da Bakıya uçub. Müsahibə boyu Azərbaycan dilində güclə danışan Elton bundan sıxılsa da, fikrini doğma ana dilində ifadə etməyə çalışır, deyir ki, Azərbaycan musiqi korifeylərini sevə-sevə dinləyir, ana dilini də, milli boğazları da öyrənməyə çalışır:

- Mənə çalışmaq lazımdır, Rusiyada ömür boyu yaşadığım üçün milli boğazları öyrənməyə çalışıram. Öyrənməyə də həvəsim var.

Elton deyir ki, o mahnıları ilə tamaşaçılara enerji verir və ona görə də hesab edir ki, onlardan səs almağa haqqı çatır.

«MƏLAHƏTLİ SƏSİM VAR»

Arzu İsmayılova. Rusiyada doğulsa da, uşaqlığı Bakıda keçib. 18 yaşı var. Pianino üzrə musiqi təhsili var, hazırda Odlar Yurdu Universitetinin ingilis dili fakültəsinin I kurs tələbəsidir. İncəsənət gimnaziyasında da vokal təhsili alır. «Eurovision-2012» müsabiqəsi onun həyatında ilk təcrübədir. Ona qədər isə yalnız məktəb tədbirlərində öz məharətini göstərə bilib. Müsabiqədə iştirak etmək arzusuna ailəsi dəstək verib:

- Ailəm pis baxmadı, razılaşdı qatılmağıma.

İlkin mərhələdən keçməyi onun tərəddüdlərini azaldıb:

- Turdan-tura keçdikcə inamım artırdı. Yəqin bilirsiz, 8-lərin yarışmasında tamaşaçı səslərinə görə mən ikinci idim. Amma münsiflər mənə daha çox bal verdi deyə birinci oldum. Yəqin ki, onlar mənim səsimi bəyənmişdilər.
- Nəyə görə hesab edirsən ki, «Eurovision-2012»-də Azərbaycanı təmsil edə bilərsən?

- Özümün deməyim düz deyil, amma başqaları deyirlər ki, mənim yaxşı, məlahətli səsim var.

4-CÜ CƏHT

Səbinə Babayeva. Bu ad Azərbaycanda «Eurovision»a əvvəlki milli seçimləri izləyən tamaşaçılara tanışdır. Bu dəfə tale Səbinənin üzünə gülüb və o, finala çıxa bilib. Bakıda doğulub, burda da böyüyüb. Asəf Zeynallı adına Musiqi Kollecini bitirib. Artıq musiqi karyerasını qurub, klip çəkdirib, yerli və xarici müğənnilərlə duetlər oxuyub. «Aypara» qrupunun solistidir.
«Eurovision» onun üçün ilk beynəlxalq yarışma səhnəsi olmasa da, bu müsabiqəyə böyük önəm verir, ona görə də bundan əvvəl üç dəfə yarışmanın yarımfinalına belə çıxmamağı onu inadından sapdırmayıb:

- Səviyyəsi başqadır bu müsabiqənin. Daha populyardır, daha reytinqlidir.

Səbinə şanslarını yüksək dəyərləndirir, amma deyir ki, eyni zamanda digər finalçıların da şanslarını yüksək sayır: «Hər birimizin qalib olmaq şansı var və seçimi də tamaşaçılarla münsiflər edəcək».
XS
SM
MD
LG