Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:10

Nəqliyyat Nazirliyi 5 milyard manata nə iş görüb? POLEMİKA


Arxiv foto. Bakıda yeni təmir olunmuş yollardan biri.
Arxiv foto. Bakıda yeni təmir olunmuş yollardan biri.
-


Son 7 ildə dövlət büdcəsindən yollara 5 milyard manat ayrılıb. Bu pullar nə qədər səmərəli xərclənib? Fevralın 23-də AzadlıqRadiosunun “Korrupsiometr” verilişində yol tikintilərinə xərclənən pulların nə qədər şəffaf olması müzakirə edilib.

Qonaqlar:

Nazim Məmmədov - İqtisadçı ekspert, keçmiş deputat
Zöhrab İsmayıl - milli büdcə qrupunun rəhbəri
Namiq Həsənov - Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri - telefonla.


Zöhrab ismayıl
Zöhrab ismayıl
Zöhrab İsmayıl hesab edir ki, yol layihələri həyata keçirilərkən harada körpülərə, harada keçidlərə ehtiyac olduğu hesablanmır. Tikinti layihələrinin də konkret neçəyə başa gəldiyi haqqında məlumat almaq mümkün olmur.

Onun bildirdiyinə görə son illər yollara təkcə dövlət büdcəsindən ayrılmır, ölkənin xarici borcunun da əhəmiyyətli hissəsini yollara verilən pullar təşkil edir.

Zöhrab İsmayıl düşünür ki, xarici banklar və qurumların verdikləri kreditlərlə birlikdə son illər ölkənin yollarına ayrılan pullar 6 milyard manatı keçir:

- Gənclikdə yol ötürücüsünün tikintisinə 2010-2011-ci ildə 305 milyon manat ayrılıb. 300 milyon vəsait Mingəçevir, Şəki kimi şəhərlərin bütün infrastruktur problemlərini həll edə bilər.
Özü də yollara nəinki dövlət büdcəsindən vəsait xərcləyirik eyni zamanda beynəlxalq səviyyəli banklar, maliyyə qurumlarından da vəsait cəlb edirik. Azərbaycanın xarici borcları beş milyard dollara yaxınlaşır. Onların içində ən böyük pay nəqliyyat layihələridir - 29 faiz.

Zöhrab İsmayıl əlavə edir ki, yol tikintiləri ilə bağlı layihələrin büdcələri haqqında detallı məlumat almaq mümkün olmur: “Bəzən görürsən, hansısa yolun kilometri 30-40 milyon manatı keçir. Bilinmir ki, bu pulun nə qədəri yolun özünün tikintisinə, nə qədəri yola düşən evlərin, obyektlərin köçürülməsinə sərf olunur. Bu isə ciddi korrupsiya şübhələri yaradır.”

Nazim Məmmədov
Nazim Məmmədov
Keçmiş millət vəkili Nazim Məmmədovun fikrincə isə hazırda yol tikintisində ən başlıca problemlərdən biri bahalı materialdan istifadə və hökumət qurumları arasında əlaqələndirmənin olmamağıdır:

- Əksər keçidlərdə yol ötürücülərində dəbdəbəli materialdan istifadə edilməsi düzgün deyil. Bu dövlət xərclərini artırır, bunların səmərəsiz layihələrə çevrilməsi barədə fikir yaradır.
Əsaslandırıla bilər ki, bu cür bahalı materialların ömrü də uzundur, amma fikirləşirəm ki, daha ucuz və sadə materiallardan istifadə oluna bilərdi.

Bir də Azərbaycanda dövlət qurumlarının arasında əlaqələrin olmaması ilə bağlı xroniki xəstəlik var. Yol işi görülürsə əlaqələndirmək, yoldan keçən kommunikasiyaları bilmək lazımdır.

Layihələri icra edən insanlar tələsik tenderi keçirmək, pulu mənimsəmək, xaricə köçürməklə məşğul olurlar.

Namiq Həsənov
Namiq Həsənov
Namiq Həsənov isə səslənən ittihamları rədd edir. O deyir ki, layihələrdə təkcə yol tikintisinə deyil, yolun ətrafındakı obyektlərə xərclənən pullar da göstərilir. Əsas problem isə ağır maşınların yolların asfaltını dağıtmasıdır:

- 6000 kilometrdən çox yol təmir olunub. 160-dan çox körpü tikilib. Son 150 ildə bu qədər körpü tikilməyib. Bu layihələrin də heç birində bir manat da kənarlaşdırılmayıb.
2011-ci ildə avtomobil yollarının çəkilməsi və saxlanmasına 1 milyard 608 milyon manat xərcləmişik.

Yolun hər kilometrinin başqa ölkələrdəkindən baha başa gəlməsi barədə iddialara gəldikdə, bu da əsassızdır. Bu qiymətləri hesablayanlar, yolların kənarlarındakı köçürülən evlərə və obyektlərə ödənilən kompensasiyanı da hesablayırlar.

Məlumat üçün deyim ki, hələ də bizim belə obyektlərə kompensasiyalarla bağlı 85 milyon manata yaxın ödəməli olduğumuz pul var, 60-a yaxın əmlak sahibi ilə mübahisəni məhkəmə araşdırır.

Gəlin, yolların niyə dağılmasını müzakirə edək. Biz yolu çəkirik, ağır yük maşınları onu dağıdır, heç kim vecinə almır. Ona görə cərimələr artırıldı, ölkənin müxtəlif yerlərinə tərəzilər qoyuldu ki, normadan ağır yüklü maşınlar yola buraxılmasın.

Müzakirəni tam şəkildə burada dinləyə bilərsiniz:


Yollara ayrılan pulların daha səmərəli xərclənməsi üçün qonaqlardan səslənən təkliflər:

Nazim Məmmədov

  • Azərbaycanda istehsal olunan yerli materiallardan istifadə olunsun
  • Mətbuat xidmətlərinin rəhbərləri öz nazirlikləri haqqında, gördükləri iş haqqında cəmiyyətə məlumat versinlər
  • Bakı şəhər icra hakimiyyəti də tabeliyində olan yolların necə təmir olunması barədə hesabatlar versin.
  • Tenderləri yeri gəldikcə bələdiyyələr də udsun.
  • Qərarlar kollegial qəbul olunsun.


Zöhrab İsmayıl

  • Layihələr planlaşdırılarkən ehtiyaclar nəzərə alınsın, səmərəlilik amili önə çəkilsin
  • Podratçı şirkətlər materialları ölkə daxilində alsınlar
  • Nəqliyyat nazirliyi hansısa bir yola vəsait ayrılanda məlumat versin ki nə qədəri yolun çəkilməsinə xərclənəcək nə qədəri həmin yol kənarındakı obyektlərin torpaqların alınmasına xərclənəcək.

Namiq Həsənov

  • İri həcmli yük daşıyan maşınlar həddindən artıq yüklənməsinlər. Asfalt örtüyü qorunsun.

Sən də fikirlərini FORUMA göndər, ideyaların yayılsın:
XS
SM
MD
LG