Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:21

Prezidentin dediklərinə sahibkarlardan cavab gəldi


İlham Əliyev «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunmuş konfrans»da çıxış edərkən
İlham Əliyev «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunmuş konfrans»da çıxış edərkən
«Azərbaycanda yalnız prezidentə və onun ətrafına yaxın olan sahibkarlar üçün şərait yaradılır. Digər iş adamları arxaları olmadığı üçün sonda olan-olmazını da itirib hətta adi sürücüsünə də borclu qalırlar. Çünki işləməyə imkan verilmir». Bunu AzadlıqRadiosuna iş adamı Elman Abdullayev deyir və əlavə edir ki, bəzən azad sahibkarlara da kimlərsə kömək edir. Ancaq bunu dövlətin dəstəyi hesab etmək olmaz. Çünki belə hallar bir iki dəfədən artıq mümkün olmur:

«ARXAMDA DÖVLƏTİN BİR FAİZ DƏ DƏSTƏYİNİ HİSS ETMİRƏM»

«Mən arxamda dövlətin heç bir faiz də dəstəyini hiss etmirəm. Yalnız prezidentə yaxın adamlara dəstək verilir. İmkan vermirlər ki, xalq dolana bilsin. Səbəb odur ki, xalq ac olanda tez möhtac olur, tez əyilir. Mənə də tez-tez mane olurlar. Heç bir şey də edə bilmirəm».

Elman Abdullayevin sözlərinə görə, monopoliya azad sahibkarın gətirdiyi ərzaq məhsullarının ölkəyə keçməsinə imkan vermir. Malı gömrükdən keçirdib bazarlara çıxarmaq üçün əlavə pul verməli olursan. Həmin pulu düzəldib verənədək mal xarab olur. Üstəgəl malın anbarlarda qalmasına görə də hər gün üçün xeyli pul ödəmək məcburiyyətində qalırsan: «Hara da şikayət etsən, baxan olmur. Çünki prokuror da, məhkəmə də özlərininkidir».

Fevralın 28-də prezident İlham Əliyevin iştirakı ilə «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda çıxışı zamanı prezident deyib ki, Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bugünə qədər, güzəştli şərtlərlə 900 milyon manat kredit verilib. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür:

İMKANLI ŞƏXSLƏR ÖLKƏDƏN GEDİR

«Maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olub. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlayıb. Onlar sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun».

Elman Abdullayev isə deyir ki, sahibkarlar üçün ölkədə mövcud olan vəziyyətə nəinki xırda bizneslə məşğul olmaq istəyənlər, heç imkanlı şəxslər də tab gətirə bilmirlər:

«Azərbaycan sahibkarı-hətta mənim tanıdığım çox imkanlı adamlar var ki, onlar artıq burada biznes qurmurlar. Qaçıb gedirlər bu ölkədən».

SAHİBKARLAR QARŞISINDA TƏLƏB YOXDUR, AMMA...

Qubad İbadoğlu
Qubad İbadoğlu
Prezident İlham Əliyev deyir ki, Azərbaycanda sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, onun həmin sahibkarlara münasibətini daha da yaxşılaşdırır: «Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə yardımlar edirlər. Mən bunu dəstəkləyirəm». İlham Əliyev belə bir tələbin sahibkarlar qarşısında qoyulmadığını bildirir. Deyir bu könüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər...

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə özlərinin apardığı tədqiqatlara istinadən deyir ki, Azərbaycanda xüsusilə azad sahibkarlar çox ciddi çətinliklərlə üz-üzədirlər. İdxal və ixrac əməliyyatlarında mövcud olan inzibati baryerlər-icazə, lisenziya və sair məhdudiyyətlər sistemi sahibkarın həm vaxtını alır, həm də onu qeyri- formal ödənişlər etmək zorunda qoyur. Qubad İbadoğlu hesab edir ki, hazırda Azərbaycanda xüsusilə sahibkarlar üçün vacib olan bir sıra institutlar müstəqil olmadığı üçün sahibkarların hüquqlarının qorunması, eləcə də sahibkarlığın inkişafına dəstəyin yaxşı olduğundan danışmaq tezdir:

AZƏRBAYCAN ÜTT-YƏ ÜZV OLMALIDIR

«Müstəqil məhkəmə hakimiyyətinin olmaması, dövlət orqanlarında korrupsiya, qeyri- formal monopoliyalar təbii ki, sahibkarların ödənişlərini artırır. Xüsusilə, iri dövlət şirkətlərinin şəffaflığının və hesabatlılığının aşağı olması, onların bazarlarda müxtəlif əməliyyatlar adı altında fəaliyyət göstərməsi və digər bu kimi hallar da təbii ki, kiçik sahibkarlıq sektorunda vəziyyətin pisləşməsinə gətirib çıxarıb».

Qubad İbadoğlu deyir ki, əgər ölkədə sahibkarlığın vəziyyəti yaxşı olsaydı, xarici investisiyaların Azərbaycan iqtisadiyyatına qoyuluşu da ildən ilə artardı. İqtisadçı hesab edir ki, sahibkarlığın gerçək inkişafı üçün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, ticarətin daha da liberallaşdırılması istiqamətində addımlar atılmalı, gömrük prosedurları sadələşdirilməlidir.
XS
SM
MD
LG