Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Elmar Hüseynovun qətlindən 7 il keçdi [VİDEO]


Elmar Hüseynovun qətlindən 7 il keçdi
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00
Direct-ə keçid

Elmar Hüseynovun qətlindən 7 il keçdi

Martın 2-də Elmar Hüseynovun mənzilinin qarşısında öldürülməsindən 7 il ötdü. O hakimiyyəti tənqid edən «Monitor» jurnalının redaktoru idi. Ölümündən sonra xanımı və azyaşlı oğlu Norveçə mühacirət etdi. Onun qətlini törədənlər hələ də cəzalandırılmayıb. Qətl 2005-ci ildə baş verib.
«ƏVVƏL-AXIR TAPILACAQ, AMMA...»
2012-ci il. Saat 12-nin yarısı. Məzarı üstünə birinci atası ilə qardaşı gəldi. Ətrafı səliqəyə salıb, qərənfil düzdülər. Sabir kişi şaxtadan qurumuş qızılgülləri budamaq istəsə də, fikrindən daşındırdılar, gətirdiyi qayçını yenidən çantasına qoydu. Az sonra bura siyasi xadimlər, jurnalistlər, hüquq müdafiəçiləri, ABŞ səfirliyinin əməkdaşları gələcəkdi deyə tələsmək lazımdı.
- Sabir bəy, 7 il keçdi.
- Bəli, 7 il tamam olur.
- Necə keçdi bu 7 il?
- Mənim üçün çox ağır, ailə üçün çox ağır. Necə keçər?
- 7 ilə qatilləri də tapılmadı.
- Tapılıb, tutan yoxdur. Eynulla getdi Gürcüstanda tapdı onları. Bir ay vaxt istəmişdi məndən. Dedi ki, «1 aya arxayın ol tapacam». Artıq 7 ildir. İndi nə səs var, nə səmir. Prokurorluq açmır. Hamısı bilir hardadır, kimdir, sifarişçi kimdir, əvvəl-axır açılacaq. Amma mən görəcəmmi?.. Bilmirəm.
GƏNCLƏR AĞIZLARINI BAĞLADILAR
Elmar Hüseynovun qatillərinin tapılmaması haqda az sonra məzarı başına yığışanlar da danışdı. Bir qrup gənc isə cinayətin üstünün açılmamasına fərqli şəkildə etiraz etdi. Onlar ağızlarını kağızla, yapışqanla möhkəmcə bağlayaraq əllərində plakatla Elmar Hüseynovun məzarı önündə dayandılar. Plakatda yazılmışdı: «Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb».
QƏNİMƏT ZAHİDİN GƏNCLƏRDƏN XAHİŞİ
Qənimət Zahid
Qənimət Zahid
«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid isə gənclərdən xahiş etdi:
«Növbəti flaşmobları ağzınızı bağlayaraq keçirməyin. Ağzı bağlanacaq bu ölkədə çox adam var. Onların deməyə sözü yoxdur. Bizim deməyə sözümüz var. Onlar etdiklərini ediblər. Bu ölkədə bundan artıq yaramazlıq eləmək olmaz. Azərbaycan gəncliyi onların ağzını bağlamalıdır! Öz ağzını bağlamalı deyil».
Elmar Hüseynovun dostu Şahbaz Xuduoğlu isə istintaqın üstünün «küllənməsindən» danışdı:
«Elmarın qətli siyasi qətldir. Yazılarına görə öldürülüb. İstintaqın dondurulub, üstünü kül basmasına səbəb qətlin siyasi və məqsədli olduğunu göstərir. Bu, Azərbaycan üzərində ləkədir. Zaman gələcək, bu cinayət açılacaq».
İSA QƏMBƏR: «BU HADİSƏ İLHAM ƏLİYEV ÜZƏRİNDƏ LƏKƏDİR»
İsa Qəmbər
İsa Qəmbər
Müsavat Partiyası başqanı İsa Qəmbər:
«7 il keçdi. Qətlin üstünü açmadılar. Aça da bilməzdilər. Çünki özləri öldürüblər. Bu hadisə hakimiyyətin, İlham Əliyevin üzərində bir ləkədir. Bu gün Elmarın yeri hər zamankından daha artıq görünür. Dünənki Quba hadisələri Elmarın zamanında yazdığı təhlillərin nə qədər dərin olduğunun sübutudur. Əminəm ki, sağ olsaydı, Quba hadisələri ilə ən dərin, maraqlı, cəmiyyəti ən çox inandıracaq təhlilləri Elmar yazardı».
ƏLİ KƏRİMLİ: «7 İLDƏ BİZ ONU ÖYRƏNDİK Kİ...»
AXCP sədri Əli Kərimli də diqqəti ona yönəltdi ki, prezident İlham Əliyev cinayətin üstünün qısa vaxtda açılacağına söz versə də, qatillər azadlıqdadır:
Əli Kərimli
Əli Kərimli
«Bu 7 ildə biz onu öyrəndik ki, Azərbaycanda hansı qətlin açılması məsuliyyətini İlham Əliyev üzərinə görürsə, həmin cinayət işləri açılmır. Bir dənə belə nümunə yoxdur ki, mühüm ictimai-siyasi qətllər olsun, dövlət başçısı bunun açılmasını boynuna götürsün və o açılsın. Son hadisələr göstərir ki, böyük dəyişikliklər uzaqda deyil. Elmarın qanı yerdə qalmayacaq».
ZAHİD ORUC: «SİZCƏ, BUNLAR HESABLANMIRDIMI?»
Zahid Oruc
Zahid Oruc
İstintaqı aparan hüquq-mühafizə orqanları ilə danışa bilmədik. Amma onlar hər il ənənəvi bəyanatla çıxış edirlər ki, istintaq gedir, şahidlər dindirilir və sairə.
Deputat Zahid Orucun fikrincə, cinayətin üstünün açılmaması kimlər üçünsə hüquq-mühafizə orqanlarını tənqid etmək üçün səbəb ola bilər. Amma jurnalistin ölümünü hakimiyyətlə bağlayanlar yanlış yoldadırlar: «Belə qətllərin həyata keçirilməsi iqtidarın maraqlarına uyğun deyil. Mən düşünürəm ki, Elmar Hüseynov 2005-ci il rəngli inqilablar layihəsinin qurbanı olub. Cənab İlham Əliyevin prezidentliyinin ikinci ilində, parlament seçkiləri kimi mühüm proseslər ərəfəsində jurnalisti öldürmək iqtidarın nəyinə lazım idi? Bundan sonra beynəlxalq qurumlar hakimiyyətin üstünə gedirdilər ki, media susdurulur, bunu dayandırın. Sizcə, bu hesablanmırdımı?»
XARİCİ TƏŞKİLATLARIN NARAHATÇILIĞI...

«Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlinin 7-ci ildönümündə Azərbaycan üzrə beynəlxalq hüquq müdafiə tərəfdaşlıq qrupu – IPGA Azərbaycanda jurnalistlərə qarşı davam edən zorakılıq və onların təqibçilərinin cəzasız qalması ilə bağlı dərin narahatlığını bildirib.

Tərəfdaşlıq qrupunun bəyanatında hakimiyyət Elmar Hüseynovun qatillərini məsuliyyətə cəlb etməyə və jurnalistlərə qarşı zorakılıq faktlarını ciddi şəkildə araşdırmağa çağırılır.

«Bu gün 2005-ci ildə planlaşdırılmış cinayət nəticəsində güllələnmiş Elmar Hüseynovun qətlindən yeddi il ötür. O vaxtdan Azərbaycanda jurnalistlərə qarşı onlarla zorakı hücumlar olub, o cümlədən 2011-ci ilin noyabrında publisist Rafiq Tağı qətlə yetirilib. Bu cinayətlərdən heç biri ciddi şəkildə araşdırılmayıb və bu, cəzasızlıq atmosferi yaradır, zorakılıq tətbiq edərək, mətbuatı susdurmaq imkanı yaradır», deyə bəyanatda bildirilir.

Elmar Hüseynov
Elmar Hüseynov
«Elmar Huseynovun qətlindən ötən yeddi il ərzində Azərbaycan hakimiyyəti hələ də ifadə azadlığı hüququnun müdafiəsini təşkil edə bilməyib. Bundan başqa, o, jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq atmosferi yaratmağa imkan verib, tənqidi fikirlərinə görə jurnalistləri və blogerləri, habelə etiraz aksiyalarında iştirak üçün küçələrə çıxan siyasi fəalları və sıravi vətəndaşları həbs etməyə davam edir.

Azərbaycan insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinin icrası üçün dərhal addımlar atmalıdır», deyə Article 19-un icraçı direktoru Agnès Callamard bildirib.

«Yeddi il sonra Elmar Hüseynovun qatilləri azadlıqdadır, Azərbaycanda müstəqil jurnalistlər isə əvvəlki kimi təqiblərə, zorakılığa, siyasi səbəbli məhkəmə təqiblərinə, həbslərə və qətllərə məruz qalır.

Azərbaycan ədalətli mühakiməyə sadiqliyini nümayiş etdirməli və Hüseynovun qətlinə, habelə mətbuata qarşı digər cinayətlərə görə məsuliyyət daşıyanları cəzalandırmalıdır», deyə Jurnalistləri Müdafiə Komitəsinin proqram rəhbəri Nina Ognianova bildirib.

«Elmar Hüseynovun qatillərinin hələ də cəzalandırılmaması və Rafiq Tağının qətlinin araşdırılmasında nəticə olmaması Azərbaycan jurnalistlərində qətiyyətsizlik və ümidsizlik hissi yaradır. Hədələr və fiziki hücumlar onlar üçün adi hala çevrilib. «Sərhədsiz reportyorlar»ın reytinqində Azərbaycan heç vaxt indiki qədər aşağı düşməmişdi», deyə «Sərhədsiz reportyorlar»ın direktoru Olivier Basille Olivye bildirib.

Beynəlxalq Tərəfdaşlıq Qrupu söz azadlığının məhdudlaşdırılması üçün zorakılıq tətbiqini pisləyir və Azərbaycan hakimiyyətini bu bədnam vəziyyətə son qoymağa, jurnalistlərə qarşı bütün hücumları dərhal və qərəzsiz araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırır.

Elmar Hüseynov yaşadığı binanın blokunda öldürülüb. O zaman İlham Əliyev qatili tapmaq üçün istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq qətli törədənlərin Tahir Xubanovla Teymuraz Əliyevin olduğunu, Gürcüstanda gizləndiklərini bildirdi. Amma həmin şəxslər bu gün də həbs olunmayıblar.
XS
SM
MD
LG