Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatı - türkiyəli yazarlara verildi


Rəşad Məcid
Rəşad Məcid
Yeni təsis edilən Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı ilk sahiblərini tapdı.

Bunlar - Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin sədri Yaqup Dəliöməroğlu, «Qardaş qələmlər» dərgisinin baş redaktoru Əli Ağbaş və yazıçı-tərcüməçi İmdat Avşardır. Mükafat onlara AYB-nin Natəvan klubunda keçirdiyi mərasimdə təqdim edildi.

Niyə məhz onlar?

Mükafatı təsis etmiş Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə söhbətimiz bu haqdadır.

15-dən ÇOX AZƏRBAYCAN YAZIÇISININ KİTABI ÇIXIB

- Rəşad bəy, belə bir mükafatın təsis olunması ideyası necə doğdu?

- Avrasiya Yazarlar Birliyi 2006-cı ildən Türkiyədə fəaliyyət göstərir. Bu birlik Türk dünyası ədəbiyyatını Türkiyədə təbliğ etməklə məşğuldur.

«Qardaş qələmlər» adlı bir dərgisi də var. Bir neçə ildir türk cümhuriyyətlərindən kitablar çap edir. Üstünlüyü odur ki, qazax, qırğız, özbək, türkmən, azərbaycanlı müəlliflərinin əsərləri bir yerdə türk dilində çap olunur.

O xalqlar həm bir-birinin ədəbiyyatını tanıyır, həm də Türkiyə sənətsevərləri onları tanıyır. Avrasiya Yazarlar Birliyinin «Bəngü» nəşriyyartı var.

Həmin nəşriyyatda 15-dən çox Azərbaycan yazıçısının kitabı çap edliib. Cəlil Məmmədquluzadənin, Anarın, Elçinin, Əjdər Olun, Aqil Abbasın və s.

Biz Azərbaycan Yazıçılar Birliyində müzakirə açdıq və katibliyin qərarı ilə belə bir mükafat təsis etmək istədik.

Katiblik yekdilliklə bu mükafatın Bəxtiyar Vahabzadə adına Beynəlxalq Mükafat adlandırılmasına qərar verdi.

YAZIÇILAR BİRLİYƏ ÜZV QƏBUL OLUNDULAR

- Təqdimat mərsimində daha kimlər vardı?

Rəşad Məcid
Rəşad Məcid
- Mərasimdə YB-nin rəhbərliyi, millət vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, təltif olunanlardan başqa Türkiyədən mərasimə təşrif buyuran qonaqlar iştirak etdilər. Hazırda Avrasiya Yazarlar Birliyi fəaliyyətini artırır, Türkiyədə yeni ofisinin tikintisinə başlayır. Birliyə üzvlük məsələsini də genişləndirib. Bu gün də Anar müəllim başda olmaqla 10 Azərbaycan yazıçısına Birliyin üzvlük vəsiqəsi təqdim olundu. Bunların arasında gənc yazarlar da var idi. Qismət, Pərvin, həmçinin Qulu Ağsəs, Əjdər Ol, Vaqif Bəhmənli və digərləri bu Birliyə üzv oldu. Tədbirdə yeni kitabların da təqdimatı oldu.

ÖVLİYA ÇƏLƏBİNİN YOLU İLƏ - AZƏRBAYCANA


- Lütfən, hansı kitabların təqdim olunduğunu söyləyin...

- Tədbirdə Əli Ağbaşın Bakıda nəşr olunan «Seçilmiş şeirləri» toplusunun, İmdat Avşarın «Anamın saatları» hekayələr toplusunun və onun Türkiyədə nəşr edilən «Övliya Çələbinin izi ilə Azərbaycan» kitablarının da təqdimatı olub. Bu sonuncu kitabın özəlliyi odur ki, Türkiyənin Mədəniyyət Nazirliyinin xətti ilə Övliya Çələbinin XVII əsrdə səyahət etdiyi əraziyə Türkiyənin müxtəlif yazarları ezam olunub və bu marşrut üzrə yeni səyahətnamə yazılıb. İmdad Avşar da Azərbaycan haqqqında yazıb. Artıq kitab işıq üzü görüb və təqdim olunan da həmin kitab idi.

KLASSİKLƏRİMİZİ TÜRKİYƏDƏ TANIMIRLAR

- Mükafat özündə nəyi birləşdirir ?

- Mükafatın açıqlaması - Türk dünyası ədəbiyyatına xidmət mükafatıdır. Sovet dövründə türk cümhuriyyətlərində yaranan ədəbiyyat Türkiyədə tanınmayıb. Mən bayaq Mirzə Cəlilin adını nahaqdan çəkmədim. Heç Mirzə Cəlilin özü çap olunmayıb. Digər klassiklərimizi də Türkiyədə tanımırlar. Bu vəziyyət hələ də tam dəyişməyib. Odur ki, mən düşünürəm ki, Avrasiya Yazarlar Birliyinin fəaliyyəti türk dünyasına böyük xidmətdir, bu isə onların gördüyü işə bir stimuldur. Biz mükafatın maddi tərəfini nəzərdə tutmamışıq. Sadəcə bir diplom hazırladıq və onları təltif etdik.

GÖZLƏNİLMƏZ ADLAR DA OLA BİLƏR

- Rəşad bəy, gələcəkdə kimlər bu mükafata layiq görülə biləcək? Daha doğrusu, hansı fəaliyyətə görə bu mükafatı almaq mümkün olacaq?

Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə
- İndidən deyə bilmərik kim olacaq? Bu gün çıxışında Sabir Rüstəmxanlı Ramiz Əsgərin fəaliyyətini xüsusi qiymətləndirdi. Onun illərdir türk dünyasına xidmət sahəsində böyük işlər gördüyünü dedi. Türk xalqlarının ədəbiyyatından Azərbaycan dilinə çoxlu əsərlər çevirib. Odur ki, fikrimcə bu mükafata layiq çoxlu şəxslər var. Eyni zamanda gözlənilməyən də adlar ola bilər. Məsələn, İmdad Avşar 5 il əvvəl türkcə yazan bir yazıçıydı və müəllim işləyirdi. Amma bu 5 ildə hədsiz kitablar çevirdi. Bir də mən Avrasiya Yazarlar Birliyindən bir xahiş etdim. Onlar hər il türk dünyası ədəbiyyat dərgilərinin konqresini, tərcümə əsərlərinin konqresini keçirirlər. Mən hərdən birliyin toplantısında iştirak edirəm.Təklif etdim ki, türk dünyasından olan gənc yazarların toplantısını təşkil etsinlər. Qoy gənc yazarlar da bir-birini tanısın. Gənclər bir-birini tanısa, əədbiyyatların yaxınlaşması işinə də xeyri olar. Güman ki, bu təklifim nəzərə alınacaq.

- Rəşad bəy, təşəkkür dedirəm müsahibə üçün. Təltif olunanları da təbrik edirik.

- Sağ olun.
XS
SM
MD
LG