Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:22

«Xəyal» TV-nin əməkdaşlarından hələ də xəbər yoxdur


Azerbaijan - Protests in Guba, Guba, 01Mar2012
Azerbaijan - Protests in Guba, Guba, 01Mar2012
Ailə üzvləri Quba hadisələri ilə əlaqədar saxlanılan «Xəyal» televiziyasının əməkdaşları barədə hələ də heç bir məlumat əldə edə bilməyiblər.

Bu barədə AzadlıqRadiosuna saxlananlardan biri - Zaur Quliyevin atası Musafəddin Quliyev məlumat verib:

«Heç bir xəbər yoxdur. Demirlər bizə ki, haradadır, necədir».

«Xəyal» televiziyasının baş redaktoru Zaur Quliyevlə yanaşı, daha 3 jurnalist də martın 13-dən polisə aparılıb və ailələri həmin şəxslər barədə heç bir məlumat əldə edə bilmirlər. «Xəyal» TV-nin reklam işləri üzrə redaktoru Zaur Mustafayevin qardaşı Vüqar Mustafayev də AzadlıqRadiosuna qardaşı barədə məlumatsız olduqlarını təsdiqləyib.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə saxlananlar barədə sualları yalnız bayram günlərindən sonra cavablandıra biləcəyini deyir.

Media Hüququ İnstitutu isə yaydığı bəyanatda jurnalistlərin saxlanmasından narahatlıq keçirdiklərini bildiriblər. İnstitutun rəhbəri Rəşid Hacılı AzadlıqRadiosuna bildirib ki, apardıqları araşdırma nəticəsində məlum olub ki, jurnalistlərin saxlanmasına səbəb noyabrın 22-dəki iclasdan video-çəkilişdir. Həmin iclasda sabiq icra başçısı Rauf Həbibov yerli sakinlərin ünvanına təhqiramiz ifadələr işlətmişdi. Hadisədən bir neçə ay sonra bu görüntü internetdə yayılmış və yerli əhali küçələrə çıxaraq etiraz etmişdi. Bu etirazlardan sonra icra başçısı işdən uzaqlaşdırılıb. 5 nəfər isə saxlanılıb və cinayət işi açılıb.

Media Hüququ İnstitutunun bəyanatında deyilir ki, toplum üçün çalışan jurnalistlərlə davranış mütləq qanunla müəyyən edilən çərçivələrə və ifadə azadlığı hüququnun ölçülərinə uyğun olmalıdır.

İnstitut Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edərək jurnalistlərin saxlanılması barədə toplumu bilgiləndirməyə, saxlanılan jurnalistlərin hüquqlarının təmin olunması üçün digər zəruri addımları atmağa çağırır.
XS
SM
MD
LG