Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

«Sanki Azərbaycan bu kişilərin çiynində qurulmayıb»


Bakı milyonçusu Ağa Yusif Dadaşov
Bakı milyonçusu Ağa Yusif Dadaşov
1918-ci ilin martında Bakıda törədilən kütləvi qırğınlarda Bakı milyonçusu Dadaşovların bir nümayəndəsi də həlak olub - Ağa Yusif Dadaşov. AzadlıqRadiosunun dinləyiciləri onu hazırda Belçikada yaşayan nəvəsi Ofeliya və nəticəsi Kəmalə Dadaşovalar vasitəsi ilə tanımaq fürsəti qazanıblar.

- Kəmalə xanım, lütfən, bizə bir az ulu babanız barədə danışın.

K.D. - Ağa Yusif Dadaşov 1870-ci ildə Bakıda - İçərişəhərdə anadan olub. Ağa Yusif Bakı milyonçusu Hacı Hacağanın oğlu idi. İlk təhsilini ev murrəbiyyələrindən alıb. Müxtəlif dilləri bilib - ingilis, alman, ərəb, fars, rus, fransız və türk dillərini. Atası Hacı Hacağa məşhur gəmi sahibkarı və I Nikolayın həqiqi müşaviri olduğundan, oğlunu hər zaman özü ilə Rusiya və İran hökmdarlarının saraylarına apararmış. Hacı Hacağa oğlunu diplomatiyanı öyrənmək üçün İsveçə, gəmiçilik işini öyrənmək üçün Almaniyaya göndərib. Sonralar Ağa Yusif Almaniyada, Drezden şəhərində otel tikdirib.

DREZDENDƏKİ OTEL HƏLƏ DƏ DURUR

- Drezdendəki otel hələ də dururmu?

- Ötən il anam Ofeliya xanım həmin oteli tapmağa nail oldu. Hətta orada saatlarla oturub kofe də içdik. Babasının dünyanın o vaxtında buralarda da iz buraxmasından danışdıq. Otel işçilərinin hamısı Ofeliya xanımın başına yığışmışdılar...

AĞANIN ÖMÜR YOLDAŞI TANINMIŞ AİLƏDƏN İDİ

Bir az da Ağanın xanımından söz açım. Ağa Yusifin ömür yoldaşı İzzət xanım Ələsgərova «Mina» ləqəbli salnamələrin müəllifi Ağa Əbdül Həmid Ələsgərovun qızı idi. Onun 300-dən çox çap edilməmiş əsəri indi də Əlyazmalar Fondunda qorunur, Amma planda başqa əsərlər olduğundan hələ tərcümə edilməyib. Bizim evdə bir kitabı indi də durur - daşadöymə ilə yazılıb. Mən uşaq olanda nənəm - Ağa Yusifin gəlini Fəxrəndə xanım həmin kitabın üstündə əsər və bizə deyərdi ki, bu, böyük yadigardır.

AĞA YUSİF I I NİKOLAYIN HƏQİQİ MÜLKİ MÜŞAVİRİ OLUB

- Ağa Yusif təhsilini tamamladıqdan sonra harada çalışıb?

Ağa Yusif 20 yaşından gəmiçiliklə məşğul olub, kontorda idarəçilik işlərini özü yürüdüb. Xəzər dənizində çoxlu gəmiləri üzüb. Bir neçə gəmiçilik idarəsinin sahibi, sonralar bankir olub. Rusiya, İran, Buxara xanlığı və digər dövlətlərlə diplomatik əlaqələrin yaranmasında xidmətlərinə görə bu ölkələrin başçıları tərəfindən orden və medallara layiq görülüb. O, II Nikolayın Həqiqi Mülki Müşaviri vəzifəsini tutub və bu vəzifələrdən yararlanaraq Vətəni üçün çox işlər görüb. 1914-cü ildə Bakı quberniyasının müsəlmanları arasında savadlılığın yayılmasına çalışan «Nəşrül-Maarif» cəmiyyətinin sənədlərində yazılır: «Cəmiyyətin ömürlük fəxri üzvü Ağa Yusif Dadaşov». İngilis səyyahı B.A. Dornenin «Qafqaza və Xəzər dənizinin cənub sahillərinə səyahət» kitabında yazılır (əsər rus dilində nəşr edilib): «Öz dövrünün nüfuzlu və varlı adamlarından sayılan Ağa Yusif Dadaşov Bibiheybət məscidini bərpa edərək yanında yenisini də tikib». Peterburqda tikilən Came məscidinə də Ağa Yusif çoxlu ianə - 40 çil-çıraq və xeyli xalça göndərib (Q. İlkin).

ŞƏKİLLƏR DİVARA HÖRÜLÜB SAXLANILIB

- Ağa Yusif hansı orden-medallar alıb?

- Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Əli Rəcəbli Ağa Yusifin şəklinə və geyiminə dayanaraq onun yüksək rütbəli dövlət məmuru olduğunu, əynindəki həqiqi mülki müşavir mundirinin qızıl saplarla tikildiyini, əlində ağ əlcəklər və belində qılınc olduğunu təyin edib. Orden və medallara gəlincə, Rusiya imperatoru ona «1-ci dərəcəli Müqəddəs Anna», 1-ci və 2-ci dərəcəli «Müqəddəs Stanislav», 1-ci dərəcəli «Müqəddəs Georgi», «İkibaşlı Qartal», Buxara Əmiri yalnız böyük monarxlara verilən 1-ci dərəcəli «Buxaranın Şərəf Nişanı» (Nişoni Şerif Buxara), İran şahı 1-ci və 2-ci dərəcəli «Şiri-Xurşid» ordenləri ilə təltif ediblər. Şəkildə göründüyü kimi, orden və medallar zümrüd, yaqut, almazlarla süslənib. Şəklin köhnəliyi digər ordenləri müəyyənləşdirməyə mane olur. Çünki Ağa Yusifin və ailəsinin şəkilləri sovet dövründə qorxudan divara hörülüb saxlanıb. Romanovların 300 illiyi münasibətilə keçirdikləri mərasimə Bakı quberniyasından yalnız Ağa Yusifi dəvət ediblərmiş. Onun «İosif Dadaşov», «Kapitan», «Kette» və s. adlı gəmiləri olub.

«MÜSAVAT»IN İLK QURULTAYI «METROPOL» OTELİNDƏ KEÇİRİLİB

Kəmalə və Ofeliya Dadaşovalar
Kəmalə və Ofeliya Dadaşovalar
- Ağa Yusif Vətəni üçün daha nələr edib?

- Ağa çox vətənpərvər insan olub. Dediyim kimi, o, milləti üçün çox işlər görüb. Amma gördüklərinin qeydiyyatını aparmağı və özünün təbliğatını xoşlamayıb. O, Müsavat partiyasına hər zaman maddi və mənəvi yardım göstərib. Vətəninin nə zamansa azad olunacağına inanıb. Hətta ADR hakimiyyəti zamanında, hökumət Gəncədən Bakıya köçürüləndə ilk qurultay Dadaşovların binasında - keçmiş «Metropol» otelində (indiki Nizami adına muzeydə) keçirilib. Həqiqi Mülki Müşavir və imkanlı olması ona bu yolda çoxlu qapılar açıb. Onun M.Ə. Rəsulzadə ilə çoxlu gizli görüşləri olub.

BAKIYA ÇOXLU SİLAH GƏTİZDİRİB

- Ağa Yusif 1918-ci ilin mart qırğınlarını necə qarşılayıb?

- O, 1918-ci ildə növbəti oğlunun dünyaya gələcəyini, cəmiyyətdə tutduğu yüksək mövqeni itirməkdən qorxmayaraq Bakıya çoxlu silah gətirtdirirdi. Bu işə bütün adamlarını səfərbər etmişdi. Rus qoşunları Bakını əhatə etdiyindən, şəhərdə xüsusi vəziyyət yaranmışdı. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif hər yana özü gedir, kisələrlə qızıl xərcləyib şəhərin müdafiəsinə yardım edir və axırda da həlak olur.

SANKİ AZƏRBAYCAN BU KİŞİLƏRİN ÇİYNİNDƏ QURULMAYIB…

- Ağa Yusif Dadaşovun Bakıda qəbri haradadır?

- Ağa Yusifin qəbri bilinmir. Toplu məzarlıqda basdırıldığı güman edilir. Məzarı indiyə kimi anam Ofeliya xanımın uzunmüddətli axtarışlarına baxmayaraq tapılmayıb. Dövlətə çoxsaylı müraciətlərimiz nəticəsiz qalıb. Nə Dadaşovların adları əbədiləşdirilir, nə də ailəsinə hər hansı diqqət və ya qayğı göstərilir. Sanki müasir Azərbaycan bu Kişilərin fundamenti üzərində qurulmayıb. Hə, bir də xatırladım ki, Qurban Səidin
«Əli və Nino» romanında, Cəmilə Mənsurovanın kitablarında da Ağanın adı çəkilir və onun xeyirxah əməllərindən söz açılır.

O.D.—Ağa Yusif 1918-ci ilin mart hadisələrində sərkərdə olub, xalqın qarşısında olub. Zirə kəndinə gəmiləri qarşılamağa gedib, silahları qəbul edib, özü geri qayıdanda daşnaklara tuş gəlib. Ona pusqu qurublar. Xəncərlə doğranılıb. Vətənin dar günündə o hərbi geyimdə olub. Onun döşünü bəzəyən üstü brilyantla, almazla, yaqutla süslənmiş saysız-hesabsız orden-medallar də yoxa çıxıb. Bu qanlı hadisə 1918-ci il martın 26-da baş verib…

- Ofeliya xanım, babanızın Bakıda hansı binaları olub?

- Babam özündən sonra Bakıda tarixin daş yadigarları sayılan binalar qoyub gedib. Amma indi o binalar heç kəsə lazım deyil. Onları göydələnlərlə əvəzləyirlər. O şəxslər nə vaxtsa dünya məhkəməsi qarşısında cavab verəcəklər.

MƏN ONUN MİLYONLARI İLƏ DEYİL, KİŞİLİYİ İLƏ FƏXR EDİRƏM

- Binaları saya bilərsinizmi?

- Xatırlayırsınızsa, təxminən 6-7 il əvvəl «Azneft» dairəsində - Neftçilər-81-də gözəl bir bina var idi. O binanı vaxtilə Ağa Yusif Dadaşov xanımına hədiyyə etmişdi. Həmin binanı sökdülər, indi yerinə otel tikirlər. Funikulyorun yanında daha bir ev - Neftçilər-65 ünvanında yerləşirdi. Sonra indiki Nizami muzeyi—ora Ağa Yusifin atası Hacı Hacağanın idi. Keçmiş MTN-in (KQB) binası—indi orada Sərhəd Qoşunları yerləşir. Bir də, vaxtilə «Dok Dadaşovıx»—«Dadaşovların tərsanəsi» - adlandırılan yer də babamın idi. İndi həmin yerdən camaatı köçürüb, «Eurovision» keçiririk deyə «Büllur Saray» tikirlər. Səməd Vurğun küçəsində yerləşən Diaspor Komitəsinin binası da Dadaşovların olub. Çox binaları var. Gərək dəftəri açıb deyəm. Çoxu sökülüb. Avropada qədim binaların yanında tikilən 30-40 ilin binalarına görə peşmançılıq çəkirlər və qərara gəliblər ki, onları söksünlər. Amma bizdə o cür dövlət xadiminin, diplomatın, xalq qəhrəmanının binalarını sökürlər. Mən onun milyonları ilə deyil, kişiliyi ilə fəxr edirəm. Təəssüf ki, onun qəbri indiyədək naməlumdur. Dövlətə etdiyim sorğular cavabsız qalıb.

- Ofeliya xanım Ağa Yusifin öldürülməsindən daha nələr danışdı?

- Niyə bakılılar saatlarını Ağa Yusif Dadaşovun şəhərə çıxmasıyla yoxlayırmış?

- Tutuquşusu Qoşa Qala Qapısından İçərişəhərə girən Ağanın faytonunun səsini eşidəndə nə çığırırmış?

- Nənəsi Kəmalə xanıma Bayılı göstərib nə deyirmiş?

Ofeliya xanım Dadaşovanın şirin söhbətini «İZ» proqramında dinləyin.

XS
SM
MD
LG