Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:33

Jurnalistlərin Vahid Əxlaq Kodeksi olsa...


Foto: Arxiv
Foto: Arxiv
Qubada yayımlanan «Xəyal TV»nin həbsdə olan redaktoru Zaur Quliyevə hələ də vəkili və valideyni ilə görüşə icazə verilməyib. Atası Musafəddin Quliyev deyir ki, oğlu haqqında az-çox məlumatı təcridxananın qapısında nəzarətçidən eşidə bilir. Amma əmindir ki, oğlunun günahı yoxdur:

«Uşağımın heç bir günahı yoxdur. Hamı yaxşı bilir ki, bunun işi, vəzifəsi nədir. Heç nəyin üstündə tutulan uşaqdır. İndi də eşitdiyimə görə, həbs müddətini iki ay da artırıblar».

HƏBSDƏKİ JURNALİSTLƏR

Atası deyir ki, Zaurun səhhətində yaranan problem qalmaqdadır. Həkim zəng edib mayın 7-də onu təcridxanaya çağırıb. Dediyinə görə, dava-dərman lazımdır, siyahı verəcəklər ki, həmin dərmanları alıb aparsın.

Zaur Quliyev dövlətin ona təyin etdiyi vəkildən imtina edib. Onun müdafiəsinin təşkilini üzərinə götürən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı ilə də görüşə icazə verilmir.

Mayın 3-ü Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda Zaur Quliyevlə yanaşı, «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov, İranın «Səhər» televiziyasının əməkdaşı Anar Bayramlı, «İslam-Azeri» saytının redaktoru Ramin Bayramov, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı həbsdədirlər. Beynəlxalq media təşkilatları bu şəxslərin qondarma ittihamlarla həbs olunduğunu bildirir, Azərbaycan hakimiyyətini onları dərhal azadlığa buraxmağa çağırır.

Bu jurnalistlər vəzifə səlahiyyətlərini aşma, rüşvətlə pul tələbetmə və s. ittihamlarla həbs olunublar. Hazırda böhtan atmağa görə həbsdə yatan jurnalist olmasa da, media qurumları Azərbaycanda hələ də «Diffamasiya haqqında» qanunun qəbul edilməməsini söz azadlığına ciddi təhlükə sayırlar. Azərbaycan rəsmiləri isə bir ildir həmin qanun layihəsinin hazır, hətta qəbul edilmə ərəfəsində olduğunu desələr də, hələ ki, ortada konkret bir şey yoxdur.

10 DƏNƏ DƏ QANUN QƏBUL ETSƏK...

«Bizim düşüncəmizə və ümumiyyətlə dünya praktikasına görə, jurnalist «Jurnalistlərin Əxlaq Kodeksi»nə qoşulmalıdır.
Əli Həsənov
Əli Həsənov
Düşünürəm ki, «Jurnalistlərin Əxlaq Kodeksi»nə gələcəkdə hüquqi qiymət verilməlidir. Bu kodeksin altında öz imzasını atana jurnalist vəsiqəsi verib onu jurnalistlərin vahid siyahısına qoşmaq olar. Bu kimi məsuliyyət normaları müəyyən olunmasa, biz 10 dənə də «Diffamasiya haqqında» qanun qəbul etsək, jurnalistlərlə vətəndaşlar, jurnalistlərlə digər strukturlar arasında qarşıdurma davam edəcək və getdikcə şiddətlənəcək».

Bu, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ATƏT-in təşkilatçılığı düz bir il əvvəl – 2011-ci ilin mayında keçirilən konfransda dedikləri idi.

O vaxt çoxları tezliklə Azərbaycanda bu qanunun qəbul ediləcəyini zənn etmişdi. ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic jurnalistlərə açıqlamasında demişdi ki, «diffamasiyanın dekriminallaşdırılması sizin işinizi asanlaşdıracaq. Jurnalistlər fəaliyyət göstərərkən artıq bu və ya digər yazılarına görə həbsxanaya düşə biləcəklərindən ehtiyatlanmayacaqlar».

VAHİD ƏXLAQ KODEKSİ QƏBUL EDİLMƏLİDİR

Bu il mayın 2-də isə Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair seminarda çıxış edən Əli Həsənov məsələni bir az da konkretləşdirib. Deyib ki, Azərbaycanda «Diffamasiya haqqında» qanun layihəsi hazırdır. Özü də qəbul olunmaq ərəfəsindədir. Amma onlar jurnalistlərdən qarşılıqlı addım gözləyirlər. Belə ki, mətbuat nümayəndələrinin hamısı Jurnalistlərin Vahid Əxlaq Kodeksini qəbul etməlidir:

«Cinayət məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o cəmiyyət qarşısında öz məsuliyyətini dərk edir və vahid əxlaq kodeksinə tabe olur».

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Media məsələləri üzrə araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, Prezident Administrasiyasının şöbə müdirinin «Jurnalistlərin Əxlaq Kodeksi» məsələsini şərt olaraq irəli sürməsi «Diffamasiya haqqında» qanunun qəbulunu yubatmaqdan başqa bir şey deyil:

TƏSİSÇİLİK YOX EDİLMƏLİDİR

««Vahid Əxlaq Kodeksi» qəbul edilməlidir deyərkən, burada söhbət «Peşə Əxlaq Kodeksi»ndən gedə bilər. Peşənin də əxlaqi cəhətdən tələb etdiyi standartlar sırf diffamativ məsələlər deyil. Burada 4 məqamdan biri sadəcə budur. Qalanları isə daha çox obyektivlik, mənbələrə hörmət, müəllif hüquqları və s. məsələlərə aiddir. O baxımdan bu gün hökumətyönlü media da ciddi şəkildə bu standartları pozur və tərəf olur. Eləcə də müxalif media. Bütün bunlar jurnalist standartlarına ziddir. Onda gərək Əli Həsənov ilk növbədə rəsmi şəkildə elan etsin ki, jurnalistin əxlaq kodeksini formalaşdırmaq üçün dövlət təsisçilikdən imtina edir. Yəni, bu kodeksi formalaşdırmaq üçün birinci təsisçilik yox olmalıdır».

Ə.Məmmədli deyir ki, məsələnin bu cür qoyuluşu «Diffamasiya haqqında» qanunun qəbul edilməsinə dair niyyətin yoxluğunu göstərir. Halbuki, prezidentin «2012-ci il insan hüquqları ilə bağlı tədbirlər planı»nda aydın şəkildə qeyd olunub ki, bu il «Diffamasiya haqqında» qanun layihəsi hazırlanıb müzakirəyə çıxarılmalıdır. Onun fikrincə, Prezident Administrasiyasının təmsilçiləri də məsələni bu istiqamətdə dəstəkləməli, cəmiyyəti buna hazırlamalıdır.
XS
SM
MD
LG