Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:15

«Müsavat»ın qərargahında aclıq aksiyası keçirilir [Video]


Müxalifətçilər aclıq aksiyası keçirirlər
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Müxalifətçilər aclıq aksiyası keçirirlər

İctimai Palatadan 8 nəfər mayın 15-dən Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirir. Əsas tələbləri İctimai Palatanın 2 aprel 2011-ci il aksiyası zamanı həbs olunan, o cümlədən beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı digər şəxslərin azad olunmasıdır. Məqsəd həm də «Eurovision 2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini Azərbaycanda «vicdan məhbus»larının olmasına yönəltməkdir.

Aclıq edənlər sırasında 2 aprel aksiyasına görə həbs edilmiş, indi artıq azadlıqda olan müsavatçı Elşən Həsənli, eləcə də övladları hazırda həbsdə olan Başxanım Abbaslıİbrahim Hacıbəyli də var.

Elşən Həsənli:

«Aclıq aksiyasını əlbəttə ki, qarın toxluğundan eləmirik. Eləyirik ki, bizi eşitsinlər, vicdan məhbusları ilə bağlı ədalətli qərar çıxarılsın».

İbrahim Hacıbəyli:

«Haqsızlığa, ədalətsizliyə qarşı keçirilən bir aksiyadır bu aclıq aksiyası. Mənim övladım ədalətsiz mühakimə olunub, vətənini, millətini sevən bir insanı şər, böhtanla həbs ediblər. İyunun 22-si bir il olacaq ki, heç bir günahı olmadan oğlum cəza çəkir, elə digər vicdan məhbusları kimi».

MƏHBUSLAR ÖZLƏRİ DƏ ACLIQ EDİRLƏR

Hazırda müxtəlif cəzaçəkmə müəssisələrində saxlanan «vicdan məhbusu» kimi tanınanlar, o cümlədən 2 aprel məhbusları da mayın 15-dən həbsxanada aclıq aksiyasına başlayıblar.

Valideynlərin dediklərinə görə, Rüfət Hacıbəyli istisna olmaqla aclıq edənlərin hamısı karserə salınıb. Tural Abbaslının anası Başxanım Abbaslını da ən çox narahat edən oğlunun karser şəraitində aclıq aksiyası keçirməsidir:

«Onlar aclıq aksiyası keçirəcəkləri ilə bağlı müraciət edəndə, onlara deyiblər ki, bunu karserdə edə bilərlər. Soruşanda nəyə görə karserdə, deyiblər ki, daxili qaydaya əməl etmirsiz, aclıq aksiyası keçirirsiz ona görə. Orada da nə gigiyenik qaydalar var, nə də həkim nəzarəti. Ona görə narahatam ki, karser şəraitində aclıq aksiyası keçirməli olacaqlar».

68 YAŞLI MÜSAVATÇININ İLK ACLIĞI

Aksiyaya qatılanlar sırasında ən yaşlısı Haqverdi Haqverdilidir. 68 yaşı var, deyir ilk dəfədir ki, aclıq edir, amma hələ ki səhhəti ilə bağlı şikayəti yoxdur:

«Bu gün yaxşıyam, Allah nə qədər məsləhət bilsə, davam edəcəyəm».

«SİZƏ CAMIŞ QATIĞI TƏŞKİL EDƏCƏM»

Aclıq edənlərə Müsavat başqanı İsa Qəmbər də baş çəkib, onlara öz təcrübəsindən danışıb, üstəlik vəd də verib:

«Aclıq aksiyası mübarizədə istifadə olunan axırıncı vasitədir. Dostlarımız içəridə aclığa başlayıb artıq. Biz də onlara müraciət etmişik ki, eləməsinlər, çünki həbsxana şəraitində aclıq çox çətindir. Səhhətdə problemin yaranmasına yol vermək olmaz. Mən də cavanlığımda bir-iki dəfə aclıq aksiyası eləmişəm. Amma bundan xoşum gəlməyib, çünki insan sonra gümrahlığını itirir, aktiv fəaliyyət göstərə bilmir, mitinqlərə qatıla bilmir. Ona görə də mən aclıq aksiyası keçirənlərə söz verirəm ki, aclığı bitirin, sonra sizə camış qatığı təşkil edəcəm».

Bir müddət əvvəl «Amnesty International» hüquq-müdafiə təşkilatı hazırda Azərbaycanda 18 vicdan məhbusu olduğunu deyirdi. Onlardan biri Elnur Məcidli mayın 15-də azadlığa buraxılıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, 2 aprel məhbuslarından cəmi 6 nəfər aclıq aksiyasına başlayıb. Mehman Sadıqov həmin məhbusların edənlərin karserə salınması barədə deyilənləri isə təkzib edib.
XS
SM
MD
LG