Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

Aqşin Əlizadə: ««Eurovision»a yüksək səviyyəli əyləncə kimi baxıram»


Aqşin Əlizadə
Aqşin Əlizadə
Mayın 21-də bəstəkar Aqşin Əlizadə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Şərəf» ordeni ilə təltif edildi. Bir az nasaz olsa da, Aqşin müəllim «İz» proqramına müsahibə verdi.

--Aqşin müəllim, xoş gördük! Necəsiniz?

--Yaxşıyam. Sağ olun.

--Təzəcə aldığınız «Şərəf» ordeni münasibətilə AzadlıqRadiosunun təbriklərini qəbul edin.

--Təşəkkür edirəm.

-- Necə bilirsiniz, «Şərəf» ordeni vaxtında verilib?

--Onu kim bilir ki...(gülür). Tarixdə belə bir böyük bəstəkar olub - Johann Sebastian Bach. O, həyatdan gedəndən sonra heç bilməyiblər ki, belə bir bəstəkar olub... Onun əsərlərini Mendelson ifa edəndən sonra tanınmağa başlanıb. Deməli, bu məsələ həyatda cürbəcür olur... Amma mən həmişə ifa olunuram. Mənsiz olur bu işlər. 50 ilin bəstəkarıyam. Qocalmışam. Sevinirəm ki, yazdığım əsərlər itib-batmayıb.

--Onda sualı bir az dəyişim... «Şərəf» ordeninin dadını çıxara bilirsinizmi?

--Onu necə çıxarırlar?

--Yəni uzun yaradıcılıq həyatından sonra aldığınız ordendən ləzzət ala bilirsinizmi?

--Dünən xanımım ləzzətli bir plov bişirmişdi. Hələ ki, bu. Sonra görək nə olacaq? (Gülüşmə)

--Yaxşı, bu ləzzətli plovdan sonra nə soruşum? Yeni bir əsər üzərində işləyirsinizmi?

-- Bir az xəstələnmişdim. İndi özümə gəlirəm. Mən ümumiyyətlə sağlam adamam. Həm ruhi, həm fiziki. Oldu da... bu iş gəldi başıma...

-- Onda belə çıxır «Şərəf» ordeni vaxtında verilib Sizə... Sağalmağınıza stimul oldu...

-- Bu, mənim birinci ordenim deyil. Çox almışam. Hamısı da vaxtında olub. Bu o deməkdir ki, Azərbaycan musiqisi diqqət mərkəzindədir. Belə olsa da, hər bəstəkar öz işinə özü cavab verir. Görün, dünyada nə qədər musiqiçilər, bəstəkarlar var. Amma gərək sən onların arasında əsl bəstəkarın kim olduğunu ayırd edəsən. Əsl musiqisevərin kimliyini tapasan. Bir də, məsuliyyətli olmalısan. Bu məsuliyyət hissi mənə böyük müəllimlərimdən — Qara Qarayev və Cövdət Hacıyevdən yadigar qalıb.

--Aqşin müəllim, Azərbaycan musiqisinin indiki durumu Sizi qane edirmi? Bir-iki il öncə bəstəkar Azər Rzayevdən müsahibə almışdım. O dedi ki, musiqimizdə professionallıq itib. Siz necə düşünürsünüz?

--Bilirsinizmi, elə bir şərt yoxdur ki, bəstəkarlıq sənəti hər zaman yüksək olsun. Bu, kütləvi sənət deyil. Azər Rzayevin sözündə həqiqət var. Bu sənət dalğa kimidir. Qabaran vaxtı, yatan vaxtı olur. Məsələn, Azərbaycan xalqı 300-500 il gözləyib - sonra Üzeyir bəy doğulub. Ondan əvvəl bizdə bəstəkar yox idi. Üzeyir bəydən sonra da, Allahın lütfü ilə, bizdə böyük bəstəkarlar yetişdi. Amma bu, həmişə belə olmur. Vaxtaşırı dalğa yatır, səngiyir. Bunun qorxusu yoxdur. Əsas odur ki, Azərbaycan bəstəkarlıq məktəbi çox yüksəkdir. Bir də, böyük, dahi əsərlər 20-30 ildə bir yaranır.

-- İndi işləyə bilirsinizmi?

Aqşin Əlizadə
Aqşin Əlizadə
-- Əlbəttə!

-- Ən son nə yazmısınız?

-- «Son» sözü xoşuma gəlməsə də, deyim...(gülüşmə)

-- Ən axırıncı işiniz hansıdır?

-- «Aşıq rapsodiyası» yazmışam. Amma hələ əlimdədir. Çətin ifa olunduğuna görə gərək özüm onların yanında olam. Xalq çalğı alətləri orkestrində olan alətlərdə ifa olunmalıdır. Bir də, yüksək səviyyəli—məsələn Alim Qasımov kimi bir xanəndə olmalıdır. İstəyirəm ki, ilk məşqlər mənim yanımda olsun. Özümə gələn kimi çaldıracağam əsəri.

-- Aqşin müəllim, ölkənin həyatının—istər mədəni, istər siyasi –içində ola bilirsinizmi?

-- Əlbəttə! Heç vaxt ayrılmıram. Mən çox tələbkar insanam. İstərdim hər şey daha yaxşı olsun. Musiqi ifaçılarımızın səviyyəsi yüksək olsun. Mən istərdim ki, televiziya kanallarına zəif əsərlər çıxmasın. Çünki zəif ifaçı, zəif əsər bu xalqın zövqünü pozur. Bunu hamı deyir. Amma bu, bütün ölkələrdə var. Azərbaycanda da musiqisevərlər çoxdur. Onlar «əsər» yazırlar və səhvən özlərini bəstəkar hesab edirlər. Xeyr! Heç olmasa, 20 il bəstəkarlıq məktəbi keçməyən bəstəkar ola bilməz.

-- Bəs «Eurovision»a necə, baxırsınızmı?

-- Baxıram. Buna gözəl bir tədbir kimi baxıram. Avropada gedir. İlk dəfədir Azərbaycanda keçirilir. Mən nəyə sevinirəm? Bu gün bizim cəmiyyətimiz, xalqımız böyük bir tədbiri—dünya çapında olan bir müsabiqəni keçirməyə qadirdir. Mən professional bəstəkar olaraq buna yüksək səviyyəli əyləncə kimi baxıram. Orada bütün mahnılar güclü deyil. Zəif əsərlər də var. Amma bu, vacib deyil. Mən istəyirəm bizim xalqımız, uşaqlarımız hərəkətdə olsun. Çünki onlar bu cür tədbir görməyib. Nə qədər insan görürsən, insanlardan bir şey eşidirsən—bax, bu, vacibdir. Yəni, bu müsabiqə bizim gənclərimiz üçün maraqlıdır. Həm də burada ölkəmiz çox böyük zəhmət çəkib. Bunu mütləq qeyd etmək lazımdır. Tənqid etməyə nə var ki?

-- Aqşin müəllim, Sizi çox incitməməyə söz vermişdim. Axırda Sizdən nə soruşmağımı istərdiniz?

-- Mən hesab edirəm ki, Sizin suallarınız bizim musiqinin xeyrinədir. İstərdim ki, Siz—Sevda xanım, şəxsən heç olmasa ildə bir dəfə Filarmoniyanın simfonik orkestrinin konsertinə gələsiniz. Bir dəfə də Opera Teatrında bir operaya baxasınız...(gülüşmə)

--Böyük məmnuniyyətlə! Elə belə də etməyə çalışacağam... Sizə şəfa diləyirəm. İnşallah, «Aşıq rapsodiya»sını özünüz çaldırarsınız. Müsahibəyə görə sağ olun.
XS
SM
MD
LG