Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

Rüsvayçı tərcümələr: “O, paltarımı soyundurdu və mənə daxil oldu"


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli

Seyfəddin Hüseynlinin son illərdə Azərbaycanda çap edilmiş tərcümə kitablarının keyfiyyəti ilə bağlı üçüncü yazısı.

-
...Cümlədəki dolaşıqlıq bir tərəfə qalsın – dərdin əsası bu deyil. Mətndə olduğu kimi saxlanılan «OTUZBİR ÇƏKİB» ifadəsinə səhifənin ayağında verilən «izah»dadır dərdin böyüyü: «OTUZBİR – NARKOTİK MADDƏ»!!!

«Qlobal nomen»i «MASTURBASİYA», ya da «ONANİZM» kimi qəbul edilən, Azərbaycanda – xalq dilincə – «KƏFLƏMƏ ATMAQ» adıyla «geniş tanınan» bu xudmani proses – «OTUZBİR ÇƏKMƏK» hansı illət üzündən Orxan Pamukun «Seçilmiş əsərləri»nin 230-cu səhifəsində «NARKOTİK MADDƏ»yə çevrilib?..


Seyfəddin Hüseynli


TƏRCÜMƏ TƏCRÜBƏLƏRİ: SEÇİLİB ÇEVRİLƏNLƏR

əvvəli

Üçüncü yazı

Tərcümənin ən qəliz yönlərindən biri qohum dillərdən çevirmədir.

Bu işin, yad dillərdən tərcüməyə nisbətdə, xeyli çətin olması nəzəri cəhətdən dəfələrlə vurğulandığı kimi, təcrübədə - çevirmə prosesində də təsdiqini tapıb.

Bizim də ağrılı-sancılı yerimizdir:

Türkiyə türkcəsindən çevirmələrin kəmiyyətinə söz ola bilməz, ancaq keyfiyyətə gələndə, səsimiz qısılır, ürəkli dillənə bilmirik.

Səbəb nədir? Günah kimdədir? Nə çatışmır? Bu işin mizan-tərəzisi necə qurulub? Türkiyə türkcəsindən tərcümə vacibdirmi? Vacibdirsə, necə bir tərcümə olmalıdır bu?

Tez-tez ortaya atılan «Dillə ləhcə arasında tərcüməyə lüzum yox, eyni dildən çevirməyə nə hacət?!» ritorikası bizi hara aparır?


Bu yazıda məqsəd dünya ədəbiyyatını Azərbaycan türkcəsinə çevirmək kimi əvəzsiz işə kölgə salmaq deyil, bu işin daha təkmil olmasına töhfə verməkdir.

Tərcüməmi, çevirməmi, uyğulamamı, yoxsa uyğunlaşdırmamı - «mollanı əmmamələmək” yanıltmacını yada salan bu söhbət nə vaxt, necə qətiləşəcək?

Başlayaq ondan ki, əsas səbəb də, günah da, çatışmazlıq da bu işin mizan-tərəzisinin lap himindən dürüst qurulmamasına bağlıdır.

Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin münasibətləri, «qohum dillər»dən daha artıq, «qardaş dillər»ə uyğun olduğuna görə bu məcrada «tərcüməmi, uyğulamamı, uyğunlaşdırmamı» trilemması əvvəldən bəri – indinin özünə qədər qəti həllini tapmamış sayılır.

Azərbaycan türkcəsini Türkiyə türkcəsinin «bir ləhcə»si, ya da bunların eyni bir dilin iki ucu kimi götürülməsi meylinin yaşı xeyli qədimdir. İyirminci əsrin ilk illərində bu yöndə – əsasən həvəskar səviyyədə - açılan müzakirələr, ən çox ədəbi, qismən də elmi müstəvidə gedən mübahisələr məlumdur.

Bunlardan ən məşhur olanı, günümüzdə də bəs qədər güclü təsir bağışlayanı Mirzə Ələkbər Sabirlə müasirləri arasında «Osmanlıcadan tərcümə türkə…» leytmotivli mətbu deyişmədir.

Əslində həmin mübahisələrin məzmununun, mahiyyətinin bu maraqlı deyişmədə bir o qədər də dəqiq, hərtərəfli ifadə olunmadığı, məhz Sabirin iştirakına görə dildən-dilə düşdüyü bəllidir.

O dövrün mətbuatında, ictimai rəyində bu mövzuda daha dolğun, sanballı mülahizələr özünə yer tapıb. Onların arasında həqiqətə xeyli yaxın olanlar Azərbaycan türkcəsi ilə Türkiyə (o dövrdə Osmanlı) türkcəsinə eyni dilin fərqli iki qolu kimi yanaşılan mülahizələrdir.

Dahi Məhəmməd Əmin Rəsulzadənin böyük ustad Şirməmməd Hüseynovun fədakarlığı ilə bu yaxınlarda yenidən gün işığına çıxan bir məqaləsindəki fikirlər bu sıradandır:

«İmdiki halda nəşr olunan qəzetələrimizin, kitablarımızın, xülasə yazı və mətbuat dilimizin türkcənin ən ədəbi olan İstanbul şivəsinə bir az bənzədigini, əlbəttə, inkar
etmiyəcəgiz. Fəqət bunun qəsdən iltizam olunan osmanlı türkcəsi olduğunu şübhəsiz ki, inkar edəcəgiz. Bir İstanbullu bizim qəzetələri oxursa, ona «əcəmicədir» deyər. Bu, osmanlıca degil, bu bizim ədəbi türkcəmiz, öz dilimizdir.

Əlbəttə ki, bugünkü şivəmizlə Mirzə Fətəli şivəsi və Zakir, Vaqif şivələri arasında fərq vardır. Fəqət bu fərq tərəqqi edən hər bir ədəbiyyatın müxtəlif dövrləri arasındakı fərqdən başqa bir şey degildir.

Osmanlı şivəsi ilə bizim şivə arasındaki qərabəti görüb də qorxanlar mütləq bu iki şivənin əsasən bir dilin biri-birinə yaxın şöbələri olduğunu bilməyənlərdir.

Anadolu türkcəsi ilə Azərbaycan və Qafqasiya türkcəsi şivəcə bir az fərq ediyorsalar da, əsas etibarı ilə türkcənin böyük budağının şaxələridir. İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq heç yoxdur. Fəqət Anadolu ilə bu iki şivə arasındaki fərq dəxi onları müstəqil bir dil və şivə halına qoyacaq dərəcədə degildir».


Öz zamanı üçün kifayət qədər dəqiq səslənən bu fikirlərin söykəndiyi reallıq, aradan keçən 100 il ərzində, təəssüf ki, ciddi şəkildə dəyişilib: bu gün Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi həm lüğət, həm (qismən) qrammatika, həm də funksionallıq baxımından xeyli fərqlənir. Bu fərqlər indi bədii tərcümə prosesində özünü daha təsirli şəkildə göstərir.

İki türkcə arasındakı «tük qədər» fərqlər tədricən ortadan qalxmalı idi: məsələ təbii axarla öz həllini tapmağa üz qoyduğu bir vaxtda, bu yoldakı pozitiv addımların qarşısı, ötən əsrin iyirminci illərindən hökm etməyə başlayan Sovet rejiminin süni qadağaları ilə, tez-tələsik kəsildi, az sonra isə zor hesabına kəskin, anormal ayrılmalar tətbiq edildi.

Odur ki, həmin fərqliliklər fürsət düşən kimi – qardaş ölkə ilə əlaqələrin sıxlaşması, Türkiyə teleradiosunun, mətbuatının bizim efir-media məkanına müdaxiləsi ilə yenidən boy göstərdi.

Ən çox da Türkiyə telekanallarının təsiri nəticəsində iyirminci yüzilin sonunda əsrin əvvəlindəkindən də tutqun bir mənzərə ortaya çıxdı: yeni dövrün Azərbaycan insanı, xüsusən də gənc nəsil ana dilinə düz-əməlli bələd olmamış, Türkiyə türkcəsində «çırtlamağa», özünü o dilin «alovlu təəssübkeşi», «yorulmaz təbliğçisi» kimi göstərməyə girişdi. Üç-beş «dizi»-seriala baxandan sonra Azərbaycanda hamı - qardaşlarımız demişkən, «7-dən 77-yə hər kəs - özünü Türkiyə türkcəsinin doğma-bitmə bilicisi kimi görməyə, üstəlik, beləcə də təqdim etməyə başladı. Ankaradan, İstanbuldan, İzmirdən Bakımıza - başımıza yağdırılan «bizimki dildir, sizinki ləhcə» töhməti o yandan, «aydındır türkün dili, tərcüməyə lüzum yox» çağırışları bu yandan, yuxusunu azca qarışdıran kimi yerindən hövlnak qalxıb, «türkcədən çevirməyə» girişənlər də dörd bir yandan…

Bunun ardınca nə gəlməliydi? Əlbəttə ki, sadalanan anormallığın təzahürləri: bu iki türkcədən hansında olduğu bilinməyən şifahi nitq, hər iki dilin atasına od qoyan yazı tərzi, tragikomik «tərcümələr», sonra da «Qanunauyğun» şəkildə kitablar, kitablar, kitablar…

Birincisi, başqa dilin – lap qardaş olsun, lap böyükdən də böyük olsun – içərisində əriyib-itmək belə yaxşıdırsa, neçə-neçə slavyan xalqı niyə sözü bir yerə qoyub, kollektiv surətdə ruscaya keçmir, bu yolla birdəfəlik «ağ günə çıxmır»? Gedib-gələnlər danışırlar ki, hünərin var, o şərqi-qərbi slavyanlardan hansınısa rusca dindir, ya da rusa oxşat, heç nəyə gücü çatmasa da, ən azı, elə qaş-qabaq tökər, peşman olarsan, sözün ağzında, istəyin ürəyində qalar.

İkincisinə qalan yerdə, bu qədər «birlik, bərabərlik» təşnəsiyiksə, bəs, bu «çevirməbazlıq», «tərcüməkarlıq-korluq» azarı nədir canımızda?! Sabirin – bir az fərqli mətləb üstə olsa da – dediyi kimi:

Nədir, olur bu çocuqlar əyan, bu boyda, bu boyda?
Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?

Əyinlərində “buluz”, başlarında baftalı şapqa,
Alınlarında urus tək nişan bu boyda, bu boyda!

Ana dilin belə bilmir iyirmi yaşlı cəvanlar,
Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!..


«Slavyanlar» demişkən, insafən, bizim Slavyan Universitetinin tərcümə sahəsindəki yaxşı-yaxşı işlərinə baxanda şükür eləməmək olmur.

Di gəl ki, elə həmin silsilədən bəzi işlərə, məsələn, Orxan Pamukun “Seçilmiş əsərləri»nə baxanda isə, fikir eləməmək «əldə deyil». Heç deməzsən ki, hörmətli
ədiblərimizdən birinin «çevirmə maşını»ndan çıxıb, türk ədəbiyyatına gerçəkdən aşina sayılan dəyərli alimlərimizdən birinin redaktəsindən keçib bu kitab. Çünki içində belə-belə «ilginc notlar» var: «Anaları ədəbsizlik saydıqlarına görə, səhifələri cıranda ataları, böyük qardaşları otuzbir çəkib qadın rəsmlərinin üzərinə axıdacaq; səhifələr təkcə bundan yox, palçıqdan, nəmdən, pis yapışqan, tüpürcəkdən, cürbəcür iyrənc və yemək bulaşığından bir-birinə yapışacaq».

Cümlədəki dolaşıqlıq bir tərəfə qalsın – dərdin əsası bu deyil. Mətndə olduğu kimi saxlanılan «OTUZBİR ÇƏKİB» ifadəsinə səhifənin ayağında verilən «izah»dadır dərdin böyüyü: «OTUZBİR – NARKOTİK MADDƏ»!!!

«Qlobal nomen»i «MASTURBASİYA», ya da «ONANİZM» kimi qəbul edilən, Azərbaycanda – xalq dilincə – «KƏFLƏMƏ ATMAQ» adıyla «geniş tanınan» bu xudmani proses – «OTUZBİR ÇƏKMƏK» hansı illət üzündən Orxan Pamukun «Seçilmiş əsərləri»nin 230-cu səhifəsində «NARKOTİK MADDƏ»yə çevrilib? Əlbəttə, o prosesin məğzində bir «uyuşduruculuq» keyfiyyəti olmamış olmaz hər halda, amma bir belə də yox, axı! İndi durub deyək ki, «pis söz danışmamaq», «ayıb işdən bəhs etməmək» niyyəti durur bunun arxasında? Necə deyək? Təkcə adında deyil ha, romanın ayrı-ayrı səhifələrində o qədər «qırmızı-qırmızı» yerlər tapmaq olar ki! İnsaf var, mürvət var, olmadı, internet var, lüğət var... «var oğlu var»!..

Həm harda görünüb ki: «Yapışan yerlərdə kifdən və kirdən ləkələr ÇİBAN KİMİ ÇİÇƏK AÇACAQ»?

Bu necə olur axı: «Gözlərimi yatan kimi yumdum və ləzzətli bir keçişlə bu yana vardım».

Ya da: «Açıq-aşkar qar yağmağa başlamışdı. Ora-bura sovrulan tək-tük dənələrlə dalıb getmişdim...»

Vay fələk: «Sevənlərimin tez-tez məni fikirləşib İstanbulun bir guşəsində səfehcə məşğələylə hələ sağ olduğumu, hətta başqa qadının ardınca getdiyimi xəyal etmələri bədbəxt ruhuma büsbütün əzab verir».

Ay Allahı sevən: «Cənnət, cəhənnəm qədərimin harasıdırsa, ruhumun oralara yaxınlaşması üçün bədənimin pisliyindən çıxmalıdı».

Daha bəsdir: «Başımdan yediyim zərbələrin acısıyla sizlərin canını sıxmayım».

Nə sirdirsə, Türkiyə türkcəsi də, rus, elə ingilis dili də – ana dilimizin tərəfini buraxıb, anlaşılmaz bir məqsədlə, əcnəbi dillərə qəhmər duran tərcüməkarlarımızın hesabına – bir çox halda Azərbaycan türkcəsini üstələyir. Misal üçün, eyni tərcümə-nəşr seriyasından Paulo Koelyonun «Seçilmiş əsərləri»ndə əcnəbi dillərin sintaksisi, ifadə tərzi, ahəngi doğma dilimizin çiynindən aşağı basır. Məsələn, belə:

«Satqın həvarinin başına gələnlər yerli adamların da başına gələcəkdi – hansı ki, öz əməlindən sonra neylədiyini başa düşmüşdü - ...»

Ya da bir başqa cür: «Onun üçün yox ki, bu iş onu xüsusilə məşğul eləyirdi, axı o ölmüşdü, mövzunun isə başqa şəkil alması ciddiləşməmişdi( bu hesabla hansısa söhbətlər aparılsa da)».

Beləsi də var: «Assuriya uzun yaşasın! – o qışqırdı - ...»

Hələ bu: «İzavel xüsusi qadın idi: o inanırdı ki, allah Vaal tərəfindən bu dünyaya ona görə göndərilib ki, ölkələri və xalqları öz dininə döndərsin».

Yaxud da belə: «O, yaxşı adam idi, halbuki şiddətli əzab çəkəsi olmuşdu...»

Julio Cortazar
Julio Cortazar
Bunlara da baxmağa dəyər (?):

«Valideynləri ona müğənni olmağa icazə vermədilər, belə ki, o, bu peşəsi ilə ailəni hörmətdən salardı»;

«...əgər doğrudan da, kimsə gələrsə, onun sağ qalmaq şansı güclənirdi, qoy hətta onun xilas olması bir külçə qızıl hesabına olacaqdısa da»;

«Bu mənim xoşuma gəlmir», - öz himayəsindəki varlığın çiynində olmasına heç bir halda yol verə bilməyəcəyi zəif şəfəqləri hiss eləməyə başlayan şeytan düşündü»;

«Mən cəhənnəmə getmirəm, çünki vətənimin surəti mənə güc və şərəf verir!» - o yenidən qışqırdı»;


«...bu mərasimə minnətdar olaraq pak ruh yer üzündə həyatının tamamilə dolu olduğu əzabları çəkmək əvəzinə göylərə qovuşacaq, xoşbəxtliyi əldə eləyəcək»...

Bunlar Koelyonun başına təkcə «Beşinci Dağ»da, bir də «Şeytan və senyorita Prim»ə görə gələnlərdi.

Həmin kitabda, başqa bir əsərinin adında müəllif «Rio-Pyedranın sahilində oturub» ağlayırsa, romanın içərisində neçə dəfə «oturur və» ağlayır.

Qəribə kişidir bu don Paulo, görün, nə yazır «bizim dildə»: «O, paltarımı soyundurdu və mənə daxil oldu». Allah, sən saxla!

Bir də, gənclər haqqında əntiqə «rəy»i var Koelyonun: «...gec, ya tez bütün cavanlar doğma dalda-bucaqlarını tərk edirlər».

Eeh, fikir eləmə, «biz zalım adamlarıq», don Paulo!

Xulio Kortasarın «Seçilmiş əsərləri» də bu seriyadan sağ-salamat çıxmayıb. «Xana-xana oyunu»nda onun da başına az oyun gəlməyib:

«Belə olduqda Oliveyra həqarətlə çiyinlərini çəkir…, fulltime oxucuların yeni növündən, özündənrazı və yarımağıl qızlarla qaynayan kitabxanalardan, mətbəə rənginin şux sarımsaq ətrini öldürdüyü evlərdən danışırdı»;

«Sibilla Oliveyranın qolundan sallanaraq boyat şorba qoxusu verən plaşına sığınmışdı»;

«Hər kəsin aqibəti bəlli olacaq və sülh və əmin-amanlıq bərpa olacaq»;

«Sözü bihudə yerə danışırsan, - ...»;


«...elə bir mühakimə ki, öz əlinlə məhkəmə quracaqsan, elə bir mühakimə ki, səninçün universitet küçələr olub, elə bir mühakimə ki, mənə baxmağın kifayətdir ki, qarşında olum, özü də çılpaq, elə bir mühakimə ki, sən belə yöndəmsizsən, belə uğursuzsan və fərsizsən, tayı-bərabəri olmayan gicbəsərsən»...

Belə-belə cümlələr, üstəlik, Kortasarın kitabdakı hekayələrinin «Parkların aramsızlığı», «Bizi tərpədən şey» kimi «nadinc» adlarla verilməsinin səbəbi nə ola bilər? Bəlkə tərcüməçinin orijinala bağlılıqda ifrata varmasından, doğma dilini də, öz oxucularını da əcnəbi müəllifin, xarici dilin ayağına verməsindən, hərfi tərcüməyə meyllənməsindən törəyib artır belə hallar?! «Orijinala sadiqlik» nə olan söhbətdir? Tərcümə olunan mətnlərin orijinalına bizdə kimlər nə dərəcədə sədaqət göstərirlər? Bəs, kimlər hansı məqamda, nə cür xəyanət edirlər orijinala?..

Ardı
XS
SM
MD
LG