Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:40

«Atamı döyən başqaları, cəzalandırılan bir başqasıdır»


Foto: Arxiv
Foto: Arxiv
-
Biləsuvar rayon sakini Tərlan Məmmədov «Qaynar xətt»ə polis özbaşınalığından şikayət edib. Onun dediyinə görə, yaşı 70-dən çox olan atası Xanəli Məmmədovu 2010-cu il sentyabrın 27-də dörd qardaş döyüb. Biləsuvar polisi əvvəlcə dörd qardaşı saxlasa da, sonradan onları buraxaraq ataları Xanbaba Əliyevi məsuliyyətə cəlb edib. Məmmədovlar istintaqçıların hərəkətindən şikayət etsələr də, istintaqda dönüş yarada bilməyiblər.

Tərlan Məmmədov:

«Döyənlər qalıb kənarda, bir qoca, təqaüdçü kişini atıblar ortaya. Biz tələb edirik ki, atamızı döyənlər cəzalandırılsın. Dövlət qurumlarına 1500-ə yaxın şikayət göndərmişik, baxan yoxdur. Hər dəfə Daxili İşlər Nazirliyinə çağırırlar, orda da öz işçilərini müdafiə edirlər, vəssalam».

ƏKİN SAHƏSİNDƏ DAM TİKMƏK İSTƏYİB

Tərlan Məmmədov deyir ki, atasının döyülməsinə səbəb onların əkin üçün icarəyə götürdükləri torpaq sahəsində başqasının mal-qara damı tikmək istəməsi olub:

«Kənd təsərrüfatına yararlı olan 10 hektar torpaq icarəyə götürmüşdük. Torpaq sahəsi bizim torpaqdan 3-4 kilometr aralıda olan bir nəfər bizim sahəmizdə heyvanların saxlanması üçün yer tikirdi. Atam etiraz edəndə, həmin kişinin dörd oğlu atamın üstünə düşüb dəmir parçası ilə döymüşdülər. Biləsuvar polis şöbəsinin müstəntiqi Tahir Şahbazov atamın savadsızlığından istifadə edib özünə sərf edən sənədlərə qol çəkdirdi, sonra da işi göndərdi məhkəməyə. İş məhkəməyə gedəndən sonra bildik ki, oğlanların qoca, xəstə atası Xanbaba Əliyevi mühakimə edirlər. Etiraz etsək də, xeyri olmadı, kişiyə 2 il islah işləri və təqaüdündən 20 faiz tutulması barədə hökm çıxardı. Ekspert rəyində göstərilirdi ki, atamın başında 8 yerdən xəsarət var, 3 yerdən tikiş. Ancaq hökmdə yazılıb ki, guya Xanbaba Əliyev atamın başına daşla vurub».

«ŞİKAYƏTÇİ QƏRƏZLİDİR»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, Tərlan Məmmədov dəfələrlə Daxili İşlər Nazirliyinə şikayət məktubları yazıb. Bu şikayətlər əsasında yoxlamalar aparılıb və Xanəli Məmmədovun məhz həmkəndlisi Xanbaba Əliyev tərəfindən döyüldüyü təsdiqlənib:

Orxan Mansurzadə:

«Onlar uzaq qohumdurlar. Əvvəldən aralarında ailə münaqişəsi olub. Hər dəfə şikayətlər araşdırılarkən şikayət edənin qərəzli olduğu üzə çıxıb. Məhkəmə Xanbaba Əliyevi cəzalandırıb, qarşı tərəf apellyasiya şikayəti verməyibsə, artıq məhkəmənin hökmü də hüquqi qüvvəyə minib. Deyilənlər nə ibtidai, nə də məhkəmə istintaqında təsdiqini tapıb».

Tərlan Məmmədov isə deyir ki, atasının döyülmə faktı ilə əlaqədar təkrar hüquq-mühafizə orqanlarına şikayət etmək fikrindədir.
XS
SM
MD
LG