Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

Tolstoy: "Şekspiri oxuyub iyrəndim"


Lev Tolstoy və Uilyam Şekspir
Lev Tolstoy və Uilyam Şekspir
-

"Şekspiri ilk dəfə oxuyanda necə təəccübləndiyim heç yadımdan çıxmaz.

Gözləyirdim ki, oxuyub böyük estetik zövq alacam, amma onun ən yaxşı əsərləri sayılan "Kral Lir"i, "Romeo və Yuliya"nı, "Hamlet"i, "Maqbet"i bir-birinin ardınca oxuyandan sonra nəinki zövq aldım, əskinə iyrəndim, canım sıxıldı.

Çaşıb-qaldım: bütün dünyanın savadlı adamlarının kamilliyin zirvəsi hesab etdiyi əsərləri mənasız, hətta axmaq-axmaq yazılar saymaqla mənmi ağlımı itirmişəm, yoxsa həmin o dünyanın savadlı adamlarının Şekspirin əsərlərini bu qədər dəyərə mindirməsimi ağılsızlıqdır?"


Rus yazıçısı Lev Tolstoy bunu "О Шекспире и о драме" adlanan tənqidi oçerkində yazır.

ÖZ FİKRİNDƏ QALAN 75 YAŞLI QOCA

Tolstoy qeyd edir ki, onun Uilyam Şekspir haqda rəyi ingilis dramaturqu barəsində Avropada və ümumlikdə xristian aləmində formalaşmış təsəvvürlə daban-dabana ziddir.

Tolstoy yazır ki, fikrində yanılıb-yanılmadığını yoxlamaq üçün Şekspiri sonrakı 50 ildə təkrar-təkrar oxuyub, hətta həmin əsərləri ingiliscə də dişinə vurub, amma bu məqaləni yazan zaman - 75 yaşlı qoca olarkən yenə də öz fikrində qalır.

Böyük sənətkar kimi qələmə verildiyi üçün Şekpirin hələ də yazıçılar tərəfindən təqlid edildiyini qeyd edən Tolstoy ingilis dramaturqunun əsərlərində hətta mövcud olmayan mənalar axtarıldığını, onlara layiq olmadığı dəyərin verildiyini vurğulayır: "İstənilən yalan kimi bu da böyük bir şər əməldir".

Tolstoy mövqeyini əsaslandırmaq üçün Şekspirin ən məşhur əsərlərindən olan "Kral Lir"i təhlil edir.

Avropada Viktor Hüqo, Şelli və başqalarının "Kral Lir" haqqında söyləmiş olduğu yüksək fikirlərdən sitatlar gətirən Tolstoy onlarla razılaşmır.

O hesab edir ki, əsər quramadır, hadisələr təbii axarla inkişaf etmir, müəllif onları kefi istəyən istiqamətə yönəldir, düşünmür ki, bu, inandırıcı görünəcək, yoxsa yox.

Məsələn, Tolstoy, əsərdə atabir qardaşlar Edmund və Edqarla bağlı hadisələri misal çəkir. Onlardan birincisi saray xidmətçisi Qlosterin qanuni, digərisə qanundan kənar oğludur. Qanundan kənar oğul Edmund qardaşını atasının gözündən salmağa çalışır.
Pərdələrin birində o qardaşını dilə tutur ki, "gəl atamız içəri girəndə özümüzü dalaşan
Lear and Cordelia. "Kral Lir"ə illüstrasiya
Lear and Cordelia. "Kral Lir"ə illüstrasiya
kimi göstərək". Edqar razılaşır, Tolstoy yazır ki, Edqarın razılaşmasının səbəbi aydın deyil, əsaslandırılmayıb. Qloster içəri girəndə oğullarını əllərində qılınc dalaşan görür. Edqar qaçıb gedir, Edmund isə əlini çərtib qanadır və atasını inandırmağa çalışır ki, Edqar naxələf oğuldur, "səni öldürmək planları qurur". And içir ki, qardaşı Edqar onu da bu işə qoşmaq istəyib, amma o bundan imtina etdiyi üçün qardaşı onun üstünə hücum çəkərək yaralayıb. Qloster nədənsə dərhal buna inanır və Edqarı bütün hüquqlardan məhrum edib həmin hüquqları Edmunda verir.

Tolstoy ədəbiyyatda bu cür "əsaslandırılmamış" hadisələri qəbul etmir, onun fikrincə, bu, yazıçının bacarıqsızlığını göstərir.

Tolstoy "əsaslandırılmayan" hadisələrə başqa bir nümunə də gətirir.

O iddia edir ki, Şekspir pyeslərinin çoxunun süjetini başqa dramaturqlardan iqtibas edib, o cümlədən "Kral Lir"in süjeti naməlum müəllifin eyni adlı əsərindən götürülüb. Amma bütün hallarda Şekspirin qələmində həmin süjetlər daha güclü yox, daha zəif alınıb.

Tolstoy qeyd edir ki, naməlum dramaturqun "King Leir" əsərində Lirin taxt-tacdan imtinası məntiqi görünür. O, həyat yoldaşını itirdiyi üçün qəm-kədər içindədir və daha fani dünya gözünə görünmür. Üç qızına "məni nə qədər çox istəyirsən" sualını isə ona görə verir ki, bu bicliklə heç olmasa kiçik qızını öz ölkəsində saxlamaq istəyir. Yəni kiçik qızı cavab verəndə ki, atasını dünyalar qədər istəyir, kral təklif etsin ki, qızı bu sevgini sübut etmək üçün onun istədiyi bir zadəgana ərə getsin. Xarici ölkə kralı ilə ailə qurub onu tərk etməsin. Çünki ortancıl və böyük qızları artıq xarici hökmdara ərə getmək seçimi ediblər.

Tolstoy bildirir ki, naməlum müəllifdən fərqli olaraq Şekspirin Liri taxt-tacdan imtinasını qocalması ilə izah edir.

Qızlarına isə "məni nə qədər çox istəyirsən" sualını ona görə verir ki, kimin cavabı daha çox xoşuna gələrsə, məmləkətin və var-dövlətinin böyük hissəsini ona versin. Kiçik qızın cavabı xoşuna gəlmədiyi üçün onu cehizsiz ərə verir.

"SAXTA SENTİMENTAL DİL"

Tolstoy ona da təəssüflənir ki, Şekspiri daha çox yaddaqalan xarakterlər yaratmaq qabiliyyətinə görə tərifləyirlər.

Halbuki, onun fikrincə, bu. ingilis dramaturqunun ən zəif cəhətlərindən biridir. Şekspirin bütün obrazları eyni "dildə" danışırlar, yəni onların nitqləri öz xasiyyətlərinə, daxili aləmlərinə uyğun deyil, istifadə olunan dil vahidləri, üslub baxımından qətiyyən fərqlənmir. Tolstoya görə, bütün qəhrəmanların adından "saxta sentimental" dillə müəllif özü danışır. Elə bir dillə ki, həmin dildə nəinki əsərdəki obrazlar danışa bilməz, heç canlı insanlar da danışmaz.

Kral Lir eynilə öz xidmətçisi Edqar kimi sayıqlayır. Kralla Təlxəyin də dili fərqlənmir. Əgər adları göstərilməsə, kimin danışdığını müəyyən etmək mümkün olmaz.

Tolstoy Şekspiri tamaşaçını əyləndirmək üçün şit priyomlardan da istifadə etməkdə ittiham edir.

Əsərlərdəki zarafatların çox vaxt gülməli olmadığını yazır.

Dialoqlardan da misallar çəkir: Məsələn, əsər iki qraf Qloster və Kentin dialoqu ilə başlanır.

Kent ondan soruşur ki, yanlarındakı gənc kimdir? Qloster cavab verir ki, "əvvəllər bu suala "oğlumdur" cavabını verərkən həmişə qızarardım, amma daha vecimə deyil". Kent Qlosterin sözlərinin mənasını anlamadığını deyir. Onda Qloster oğlunun yanında deyir ki, bu, onun qanundan kənar ovladıdır, qanuni doğulmuş oğlu da var. Və əlavə edir ki,
"bu anası göyçəyi yoğurub yapmaq keyfli iş idi, ona görə də gərək bu bicbalanı da oğul kimi qəbul edəm".

Tolstoy yazır ki, Qlosterin dediklərinin iyrəncliyini bir kənara qoyaq, axı bu sözlərin əsərdə müsbət xarakter kimi canalandırılacaq adamın dilindən verilməsi qətiyyən yerinə düşmür, qeyri-təbii səslənir.

Tolstoy araşdırmaçıların guya Şekspirin bu sözləri Edmundun vəziyyətini anlatmaq, onun simasında cəmiyyətdə qanundan kənar uşaqlara necə münasibət bəsləndiyini göstərmək üçün işlətməsi yozumu ilə razılaşmır. Onun fikrincə, sadəcə, Şekspir əcaib sözlərlə tamaşaçını əyləndirmək istəyir.

DİNİ MƏZMUN...

Tolstoy hesab edir ki, dram əsərləri mənəvi dəyələrrə uyğun olmalıdır. Şekspirin dramları isə dini, mənəvi məzmundan məhrumdur və yalnız tamaşaçıları əyləndirmək məqsədi güdür.

Onun fikrincə, bir zamanlar incəsənətin ciddi bir sahəsi olan dramaturgiya tədricən mənəviyyatsız publikanın əyləncə vasitəsinə çevrilib. Və Şekspirin pyesləri kamilliyin zirvəsi elan ediləndən sonra ona oxşamağa çalışan başqa yazıçılar da dini, mənəvi məzmundan məhrum belə əsərlər yazmağa başlayıblar.

Tolstoy bu sırada Götenin, Şillerin, Hüqonun, Rusiyada Puşkinin, Ostrovskinin, Aleksey Tolstoyun əsərlərini misal çəkir.

"Məndən soruşa bilərlər ki, dram əsərində dini məzmun deyəndə nəyi nəzərdə tutursunuz? Bu o deməkdirmi ki, siz dramdan dini moizələr, didaktizm tələb edirsiniz, o şey ki tendensiyalılıq adlanır və əsl sənətlə bir araya sığmır? Sənətin dini məzmunu deyəndə, - onlara cavabım belə olardı - mən hansısa dini həqiqətlərin bədii don geyindirilməklə təbliğini, yaxud alleqorik formada təsvirini nəzərdə tutmuram, elə bir dünyagörüşünü nəzərdə tuturam ki, konkret dövrdə dünyanın ən yüksək səviyyədə dini dərkinə uyğun olsun və müəllifin özündən asılı olmayaraq onun əsərlərinə hopsun. Bu, əsl sənətkarlar üçün həmişə belə olub, xüsusən də əsl dramaturqlar üçün... Dram əsərini o adam yaza bilər ki, insanlara deməyə sözü var, özü də insanlar üçün çox vacib məsələlərdən danışmaq istəyir, yəni insanın allaha. dünyaya, əbədi, hüdudsuz olan hər şeyə münasibəti haqqında".

Tolstoya görə, əgər Şekspir haqqında yazılsaydı ki, o, öz dövrünün babat qələm sahiblərindən idi, şeirləri pis deyildi, ağıllı aktyor və yaxşı rejissor idi, bu fikirlər bir qədər şişirdilmiş olsa da, hər halda əndazəni aşan mübaliğə olmazdı və gənclər də şekspiromaniya kimi zərərli təzahürün təsiri altına düşməzdilər. Amma bunun əvəzində müstəqil həyata qədəm qoyan hər bir gəncə o, mənəvi kamilliyin nümunəsi kimi təqdim edilir.

Tolstoy düşünür ki, Şekspirin dini, mənəvi məzmundan məhrum əsərlərinin səhnəyə qoyulması insanların xeyri şərdən ayırmaq qabiliyyətini zəiflədir.
XS
SM
MD
LG