Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 00:49

Mətləb Muxtarovdan yeni hekayə: "Qanun, kitab… və təklif’’


Mətləb Muxtarov
Mətləb Muxtarov
-

- Bir-iki dəfə molla çağırmışam ki, Qurandan dərs keçsin bu bədbəxtlərə, amma bilirsən nə ediblər?

- Nə ediblər?

- Mollayla məzələniblər. Molla deyəndə ki, bəs mən allah adamıyam, başlayıblar allahla məzələnməyə…



Mətləb Muxtarov


QANUN, KİTAB VƏ TƏKLİF
(Hekayə)


Qapı döyüldü. İçəri əlində kitab olan eynəkli bir oğlan girdi. Bir az həyəcanlı olduğu görünürdü.

Qarşı masada oturan kişiyə baxmadan stulda oturdu. Kitabı əlindən masaya qoyub, sakitcə:

- Mən həmin kitabı gətirmişəm - dedi.

- Hansı kitabı ?

- Leon Foşenin kitabını…

- Qarayev, dünən çox içmişdim. Heç nə yadıma gəlmir. Nə kitab? Nə Leon?

- Mən sizə demişdim axı, yoldaş polkovnik. Bizim qanunlarda boşluğun çox olduğunu sizə demişdim. Siz də sübut istəmişdiz. Mən də kitabı gətirmişəm.

- Adə, nə qanun? Ağzımı açdırma… qanun şey eləyən gəlib?

- Yoldaş polkovnik, baxın Foşe kitabında nə yazır…

Kitabı vərəqlədi. Gözündəki eynəyi düzəldərək astadan oxumağa başladı:

- ‘’Maddə 17. Məhkumlar qışda saat altıda, yayda isə saat yeddidə yuxudan oyanmalı, günə başlamalıdırlar. İş vaxtı hər mövsüm doqquz saatdır. Hər gün iki saat dərs olmalıdır. ’’

- Nə? Dərs?

- Dərs, yoldaş polkovnik. Tarix, ədəbiyyat, coğrafiya, fizika…

Polkovnik qəhqəhə çəkdi. Sonra telefonun dəstəyini qaldırdı:

- Bizə iki çay gətir, Sarıyeva…

- Mən çay içmirəm, yoldaş polkovnik.

Polkovnik əlini dəstəyin üstünə tutdu:

- Niyə?

- Bu çaylara kimyəvi maddələr çox qatırlar. İyrənirəm lap…

- Bura bir stəkan çay gətir, Sarıyeva.

Polkovnik gülümsədi. İki əlini bir-birinə birləşdirib xırçıldatdı. Sonra yenicə işə başlamış bu gənc oğlana diqqətlə baxdı. Fikirləşdi ki, atası olmasaydı, bu oğlanı elə bu dəqiqə bu otaqdan qovardı. Lap bir-iki söyüş də söyərdi…

Qapı açıldı. Sarışın bir qız əlində tutduğu çayla nazlana-nazlana içəri girdi. Dikdabanlarını yerə vura-vura çayı gətirib pokovnikin masasına qoydu. Polkovnik qızın ayaqlarına baxıb:

- Sarıyeva, günü-gündən gözəlləşirsən ha – dedi.

Qızın cavabı qısa oldu:

- Sağ olun, polkovnik.

Qız başıyla Qarayevə salam verdi, qapıya tərəf yönəldi. Polkovnik qızın arxasına baxıb, bığaltı gülümsədi. Qapı örtüləndən sonra isə hirsli-hirsli:

- Bunun da döşləri günü-gündən böyüyür. Hansı əclafla gəzirsə, əlimə keçsə onun anasını ağladacam…-dedi.

- Nə deyirsiz, yoldaş polkovnik?Bəlkə məhkumlara dərs keçək?

Polkovnik siqaret yandırdı. Bir tüstü aldı, üzünü Qarayevə tərəf çevirərək:

- Bilmirəm, Qarayev… bilmirəm -dedi.

- Yoldaş polkovnik, elə ədəbiyyatdan başlayaq. Birinci lap ‘’Min bir gecə’’ nağılları olsun. Bir az da erotika var bu nağıllarda, məncə xoşlarına gələcək…

- Nə? Erotika? Adə, oxuyub qızarlar. Qız da yoxdu. Ağzımı açdırırsan e… kimi şey eləyəcəklər? Məni?

- Yaxşı, yoldaş polkovnik. Hirslənməyin. Onda Dostoyevskidən başlayaq. Qoy bir az daxilən əzab çəksinlər.

- Bura bax, Qarayev. Təzə gəlmisən, amma özündən Amerika kəşf eləyirsən. Sən hələ buraların qayda-qanunlarını bilmirsən. Burda anasını, körpə uşağını öldürən var. Nə Dostoyevski? Lap allah da gəlsə, bunlara kömək eləməz. Elə bilirsən eləməmişəm? Bir-iki dəfə molla çağırmışam ki, Qurandan dərs keçsin bu bədbəxtlərə, amma bilirsən nə ediblər?

- Nə ediblər?

- Mollayla məzələniblər. Molla deyəndə ki, bəs mən allah adamıyam, başlayıblar allahla məzələnməyə… əstafürullah… İnan mənə oğlum, bura cəhənnəmdir. Belə şeylər burda keçmir.

- Yoldaş polkovnik, bütün günü dörd divar arasında olanlara din təsir etməz, əksinə din onları qorxudacaq.

- Bura bax, Qarayev. Sən lap kafir kimi danışırsan…

Qarayev polkovnikin sözünü kəsdi:

- Mən elə kafirəm, yoldaş …

- Nə? Kafir? Adə, əstafürullah de. Sənin anan-atan müsəlmandır.

- Bilirəm…

- İndi sən müsəlman deyilsən?

- Deistəm…

- O nədir elə?Allaha inanmayan?

- Yox, o ateistdir. Mən isə deistəm. Dinlərə inanmıram.

- Əstafürullah… adə, dinə inanmayan, elə allaha da inanmır da…

Qarayev gülümsədi. Bu gün ilk dəfə idiki, gülümsəməyini xatırladı. Səhərdən ancaq bu kitabı fikirləşmişdi…

- Nə deyirsiz, yoldaş polkovnik? Təsəvvür edin ki, bu məhkumlar Balzakı oxuyacaq… Tolstoyu, Servantesi, Hüqonu…

Polkovnik çaydan bir qurtum aldı, üzünü turşutdu:

- Bu qancıq da çayı tünd süzür.

Qarayev qancıq sözünü sanki eşitmədi, sualını yenə təkrarladı:

- Nə deyirsiz , yoldaş polkovnik? Razısız?

- Vallah kefsən e, Qarayev. Birinci dəfədir sənin kimi işçi görürəm. Lap tutaq ki oxudular, axı nə dəyişəcək? Yenə də həmin zibil olacaqlar da…

- Yox, yoldaş polkovnik. İnanıram ki, nəsə dəyişiləcək. Bəlkə də burdan çıxdıqdan sonra həyatlarını qura bildilər? Nəsə elədilər?

- Mən bilirəm onlar nə edəcəklər. Nəsə pox qaynadıb, yenə də bura qayıdacaqlar. O qədər olub ki, Qarayev.

- Nə olub?

- Nəysə , Qarayev. Mənim iclasım var. Ora getməliyəm, amma yenə də deyim ki, boş-
boş xəyallar qurursan…

Qarayev ayağa qalxıb qapıya tərəf getdi, qapının ağzında arxaya çevrilib nəsə demək istədi, amma polkovnikin arxası ona tərəf olduğu üçün heç nə demədi. Qapını açıb otaqdan çıxdı.

Qarayev otaqdan çıxan kimi polkovnik telefonun dəstəyini qaldırıb əzbərlədiyi nömrəni yığdı. Telefonun digər ucundakı adamın dəstəyi qaldırmağı uzun çəkdiyi üçün polkovnikin alınından tər dənəcikləri süzülməyə başladı, işarət barmağıyla tərini silib, mundirinə sürtdü. Bu anda telefonun digər ucundakı xışıltılı səsi duydu:

- Salam, yoldaş… mən… mən polkovnik… bəli, bəli… mən… mən demək istəyirdim ki, Qarayev gəlmişdi. Elə indi çıxdı, zəng elədim ki, sizə xəbər eləyəm. İcazə verin…

Telefonun digər ucundakı adamın xışıltılı səsi yüksəlməyə başladı. Polkovnikin alnındakı tər damcısı burnunun ucuna qədər sürüşüb gəldi, burnu qıdıqlandığı üçün başını silkələdi, sonra iki dəfə kəkələyərək “oldu”’ dedi. Deyəsən telefonun digər ucundakı adam dəstəyi asmışdı. Polkovnik dərindən nəfəs aldı, sonra cibindən yaylığı çıxardıb əvvəlcə alnını, sonra da telefonun dəstəyini sildi…
XS
SM
MD
LG