Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:14

Əvəz Zeynallı: «Hanı Tənzilə Rüstəmxanlı?»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
«İKİNCİ DƏFƏ MƏHKƏMƏYƏ GƏLMƏYƏ MƏCBUR EDƏ BİLMƏRİK»

Əvəz Zeynallı:

- Mən başa düşmürəm, Gülər Əhmədovanı dindirməmiş niyə onun şahidlərini dindirirsiniz? Mən bunun qəti əleyhinəyəm. Əvvəl özü gəlsin, vəkilimin, mənim suallarımı cavablandırsın, sonra şahidlərini dindirin.

Hakim:

- Əvəz Zeynallı, ötən prosesdə də dedim ki, Gülər Əhmədova gəlib və ifadəsini verib. Onu ikinci dəfə məcburi gətizdirə bilmərik.

Əvəz Zeynallı:

- İfadəsini verdi, ancaq suallarımızı verə bilmədik ona. Mənim ona saysız-hesabsız suallarım var. Hanı Tənzilə Rüstəmxanlı? O boyda ifadə verib, niyə gəlmir? Bəs deyirdiniz məcburi gətirilmə qərarı çıxarmısınız? Nə böyük matah şeylər olublar bunlar?

Hakim:

- Qadınları məcburi gətiriləcək şahidlərin siyahısına salmamışam.

Əvəz Zeynallı:

- Niyə?

Hakim:

- Tənzilə Rüstəmxanlı gələcək. Özü deyib ki, gələcək.

Sentyabrın 28-də «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi yenə bəzi şahidlərin - əsasən də Tənzilə Rüstəmxanlı ilə deputat Gülər Əhmədovanın məhkəməyə məcburi gətirilməməsinə iradlarla başladı.

Hakim Ramella Allahverdiyeva 11 şahid barəsində məcburi gətirilmə qərarı çıxarıldığını bildirəndən sonra Respublika Uşaq Təşkilatının sədr müavini Rüxsarə Axundovanı ifadə vermək üçün tribunaya dəvət etdi. Əvəz Zeynallı etirazını bildirdi:

- Mən Gülər Əhmədova gəlməmiş onun şahidlərinin burda dindirilməsinin qəti əleyhinəyəm.

«DEDİ Kİ, GÜLƏR XANIM, MƏNƏ DİQQƏT GÖSTƏRMİRSİNİZ»

Əvəz Zeynallının və onun vəkili Yalçın İmanovun etirazlarına baxmayaraq, şahid ifadə verdi. Dedi ki, Gülər Əhmədova ilə 19 ildir həm iş yoldaşıdır, həm də rəfiqə:

- 2011-ci ilin yayında gördüm ki, Gülər xanım bikefdir. Maraqlandım, dedi ki, bir qəzet var, adı «Xural»dır, baş redaktoru Əvəz Zeynallı məni hədələyir. Mən də onunla birlikdə qəzetin redaksiyasına getdim. Əvəz Zeynallı bizi görəndə dedi ki, Gülər xanım, mən sizin haqqınızda həmişə yaxşı yazmışam, heç mənə bir diqqət göstərmirsiniz.

Şahidin ifadəsinin bu yerində Əvəz Zeynallı etiraz edir:

- Mən heç Allahımdan kömək, diqqət istəməmişəm, sən kimsən, ya Gülər kimdir ki, mən sizdən kömək istəyim? Danışığına fikir ver.

Şahid ifadəsinə davam etdi:

- Bu görüşdən bir neçə gün sonra Gülər Əhmədova dedi ki, Əvəz Zeynallı ondan 10 min manat istəyir. Mənə qəzetlər göstərdi, Gülər xanımla bağlı anonslar vardı. Gülər xanım da narahat idi ki, iki yeniyetmə oğlu var, birdən yazılanları oxuyub qəzəblənərlər, bir hadisə baş verər.

Vəkil Yalçın İmanov:

- O anonslarda nə yazılmışdı?

- Xatırlamıram.

- Əgər xatırlamırsınızsa, bəs necə yadınızda qalıb ki, təhqiredici sözlər yazılıb?

- Bilmirəm.

İFADƏLƏR ARASINDA ZİDDİYYƏTLƏR

Vəkil hakimə bildirdi ki, Rüxsarə Axundova Əvəz Zeynallının Gülər Əhmədovadan rüşvət istəməsini eşitməyib, görməyib. O, bu barədə Gülər Əhmədovadan eşidib. Ona görə də, onun ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Hakim isə buna məhkəmənin sonunda qiymət veriləcəyini bildirdi.

Rüxsarə Axundovanın ifadəsi başa çatandan sonra Əvəz Zeynallı və vəkili hakimdən xahiş etdilər ki, onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunsun. Hakim ifadəni elan etdikdən sonra Əvəz Zeynallı Rüxsarə Axundovanın ifadələri arasında ziddiyyətlər olduğunu söylədi. Hakim bildirdi ki, buna da məhkəmə sonda qiymət verəcək.

Məhkəmə prosesi oktyabrın 2-də davam edəcək.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG