Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Gürcüstanda seçkinin nəticələri azərbaycanlılar üçün nə vəd edir?


Bidzina Ivanishvili
Bidzina Ivanishvili
-
Gürcüstanda keçirilən parlament seçkilərində prezident Mikheil Saakashvili'nin rəhbərlik etdiyi «Vahid Milli Hərəkat» bloku məğlub oldu. Artıq prezident özü də elan edib ki, onun partiyası müxalifətə keçir. Düzdür, Saakashvili prezidentliyini davam etdirəcək. Amma onun prezidentlik dönəmi də artıq yekunlaşmaq üzrədir.

Seçki günü Gürcüstanın Bakıdakı səfirliyinə gələnlər Saakashvili'nin partiyasına səs verdiklərini deyirdilər. Nəticə isə tam başqa mənzərə yaratdı.

«AZƏRBAYCANLILAR ÜÇÜN YAXŞI OLACAQ»

İndi Gürcüstanın siyasi həyatındakı bu yeniliklərin nədən ibarət olacağı, onların Azərbaycanla münasibətlərə necə təsir göstərəcəyi, eləcə də qonşu ölkənin Rusiyanın təsir dairəsinə qayıdıb qayıtmayacağı məsələləri müzakirə obyektidir.

Gürcüstan vətəndaşı Coşqun Cəfərov deyir ki, orada yaşayan bütün azərbaycanlılar da gürcülər kimi seçkilərdə iştirak ediblər. Onlar arasında iqtidara da, müxalifətə də səs verənlər olub:

«Saakashvili’nin siyasətini hamı bəyənirdi. Amma son vaxtlar həbsxanada olan məsələlər onun nüfuzuna zərbə vurdu. Ona görə də, müxalifət qalib gəldi. Hər bir seçkidə vədlər verilir. Ivanishvili də müəyyən vədlər verib. Ona görə düşünürəm ki, azərbaycanlılar üçün də yaxşı olacaq».

Gürcüstan azərbaycanlıları bu dəyişikliyi ölkədəki demokratik proseslərin davamı kimi dəyərləndirirlər.

«BİRİ UDAR, BİRİ UDUZAR»

Seçkilərdə yenidən deputat seçilmiş, «Milli Hərəkat» təmsilçisi Azər Süleymanov deyir ki, ortada olan Gürcüstanda gedən demokratik proseslərin nəticəsidir. Amma indidən sonrakı proseslərə qiymət vermək tezdir:

«Qarşı tərəf deyir ki, Gürcüstanda başlamış demokratik islahatlar davam edəcək. Bunu gələcək göstərəcək. Bir az zamana ehtiyacı var bütün bunların. Artıq biz – yəni «Milli Hərəkat» parlamentdə azlıqda olduq. Çoxluğu «Gürcü Arzusu» təşkil edəcək. Bir neçə günə nəticələr elan olunanda biləcəyik ki, kim konkret nə qədər yer qazanıb».

Bununla belə, Azər Süleymanov deyir ki, bütün bunlar demokratik cəmiyyətlərdə, dövlətlərdə gedən proseslərdir. Biri udar, biri uduzar. Onun fikrincə, orada yaşayan azərbaycanlılar artıq gürcü cəmiyyətinə inteqrasiya olunurlar. Ona görə də, bu proseslər onların həyatına hər hansı mənfi təsir etməməlidir.

Zahid Oruc
Zahid Oruc
Rusiya ilə münasibətlərə gəlincə, Azər Süleymanov deyir ki, bu məsələyə Nazirlər Kabineti yenidən formalaşandan sonra baxıla bilər.

QÜVVƏLƏR NİSBƏTİ DƏYİŞİR

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, artıq müxalifət lideri Bidzina Ivanishvili prezident Saakashvili'ni istefaya çağırır. Burada Rusiya faktoru güclü rol oynayır. Kimlərsə Ivanishvili'nin xarici siyasət hədəfi kimi Qərblə, Avroatlantik məkanla transformasiyanı seçəcəyini güman edirsə, çox yanılır:

«Hesab etmirəm ki, Gürcüstan tam olaraq Rusiyanın periferiyasına çevriləcək. Çünki Saakashvili’nin inqilabından sonra gürcü xalqı xeyli yol qət edib və bu, onların nailiyyətidir. Amma düşünürəm ki, Rusiya amili Qafqazda güclənəcək. Mahiyyət etibarilə bu dəyişiklik Gürcüstanın Rusiya tərəfindən 2008-ci ildə hərbi işğalının başqa bir formada siyasi davamı sayıla bilər. Beləliklə, hesab edirəm ki, Gürcüstanın yeni bir dönəmi başlayır və bu, Qafqazda da müəyyən dəyişmələr vəd edir».

Zahid Oruc deyir ki, Azərbaycan üçün Gürcüstanda gedən prosesləri yaxından təqib etmək çox önəmli olacaq. Çünki bu ölkənin siyasi durumu, sabitliyi Azərbaycan üçün çox vacibdir. Ümumiyyətlə, Gürcüstanın hansısa formada sarsılması, Zahid Orucun fikrincə, Azərbaycan üçün arzuolunmazdır.

Parlament seçkilərində qalib gələn müxalif «Gürcü arzusu» koalisiyasının lideri Bidzina Ivanishvili isə brifinqdə deyib ki, onlar çox qısa müddətdə Azərbaycan hakimiyyəti ilə yaxın dostluq münasibətləri quracaqlar. Ivanishvili Azərbaycanın sosial ehtiyaclar üçün Gürcüstana güzəştli qaz verdiyinə görə bu ölkənin hakimiyyəti və xalqına təşəkkür edib. O, Gürcüstandakı azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi və hökumətdə yüksək vəzifələr tutması üçün hər şeyi edəcəyini də bildirib.
Vəfa Quluzadə
Vəfa Quluzadə

«GÜRCÜSTANIN RUSİYANIN TƏSİRİNƏ DÜŞMƏSİ MÜMKÜN DEYİL»

Politoloq Vəfa Quluzadə isə bildirir ki, Gürcüstanda siyasi kurs dəyişmir. Sadəcə orada demokratik proseslər baş verir. Yəni, azad seçki yolu ilə müxalifət hakimiyyətə gəlir. Ona görə buna təəccüb etməyə dəyməz. Onun fikrincə, Gürcüstanın Rusiyanın təsiri altına düşməsi mümkün deyil. Çünki müxalifətin lideri də Qərbə, Avroatlantik məkana inteqrasiyanı davam etdirəcəklərini bildirib:

«Saakashvili'nin böyük xidmətləri var. O, Gürcüstanı demokratik ölkəyə çevirməkdə, korrupsiyaya qarşı mübarizədə böyük işlər görüb. Ona görə mən hesab edirəm ki, Saakashvili'nin işləri davam etdiriləcək. Amma sözsüz ki, yeni hakimiyyətə gələn qüvvələr özlərinin əlavələrini gətirəcək. Bununla da Gürcüstanın daha da inkişaf etmiş bir ölkəyə çevrilməsi davam edəcək».

Vəfa Quluzadə Gürcüstandakı dəyişikliyin Azərbaycanla münasibətlərə, eləcə də orada yaşayan azərbaycanlılara hər hansı mənfi təsiri olacağını da düşünmür.
XS
SM
MD
LG