Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

Barack Obama-Mitt Romney - 25:67 [Video]


Obama və Romney`in ilk debatı
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Obama və Romney'in ilk debatı

-
İlk baxışdan basketbol yarışının hesabına oxşayan bu rəqəmlər, CNN-ə əsasən, Bakı vaxtilə bu səhər ABŞ-da başa çatmış prezident debatlarından birincisinin nəticəsidir.

Halbuki okeanın hər iki tayında ilk debatın qalibi kimi hazırkı prezidenti görürdülər.

Bəzi şərhçilər isə Barack Obama-ya ilk oyunda heç-heçənin də kifayət edəcəyini bildirirdilər. Onlar buna əsaslanırdılar ki, hər iki şəxs bundan əvvəlki çıxışlarında debatda müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlamışdılar. Necə deyərlər, heç bir gözlənilməzlik gözlənilmirdi.

Şərhçilər bildirirdilər ki, burada əsas məsələ kiminsə təsadüfən «ayağının sürüşəcəyindən» asılı olacaq.

Əslində, vergilər, büdcə, səhiyyə, işsizlik, sığorta kimi «yorucu», lakin çox mühüm məsələlərdə daha koloritli Obama'nın rahatlıqla qalib gələcəyi gözlənilirdi.

ROMNEY OBAMA-NI ÖZ KARTI İLƏ VURDU

Koloradonun Denver şəhərində keçirilən 90 dəqiqəlik debatın ilk dəqiqələrindən qubernator Mitt Romney hücuma keçdi.

Bu, Barack Obama-nın Birinci ledi Michelle-ə evlənmələrinin 20 illiyinin məhz bu debatın gününə təsadüf etdiyini və bunun «ən romantik» ildönümü olduğunu söyləməsindən sonra baş verdi. Söz M.Romney'ə veriləndə, o, kinayə ilə dedi ki, evlilik ildönümünü təbrik etmək üçün debatlar çox "romantik" bir yerdir.

Yeri gəlmişkən, bu, debatın gülüş doğuran yeganə anı idi.

Bundan sonra Mitt Romney səriştəli boksçu kimi zərbələrini təmkinlə, lakin fasiləsiz olaraq hədəfə vururdu.

Prezident Obama həmişə çox yaxşı oynadığı rəqəmlərə getdi və bildirdi ki, son 30 ayda şəxsi sektorda 5 milyon iş yeri yaradılıb.

Mitt Romney quru rəqəmlərdənsə, melodramatik insanı mütəəssir edən səhnələrdən danışdı. O dedi ki, bu günlərdə Ohayo ştatında olarkən bir qadın onun qolundan yapışaraq soruşub: «Mən may ayından işsizəm, sən mənə kömək edə biləcəksənmi?»

Bundan sonra Romney yeni iş yerləri barədə özünün 5 bənddən ibarət planını ortaya qoydu.

Barack Obama isə özünün bir xeyli passiv davranışı ilə tərəfdarlarını son dərəcə əsəbiləşdirirdi.

Yenə də idman terminologiyası ilə danışsaq, Obama döyüşü xal hesabı ilə udacağına inanan boksçuya bənzəyirdi.

Müşahidəçilərin dediklərini yazan «The Daily Telegraph» qeyd edir ki, prezident sanki rəqibinin zəif cəhətlərini unutmuşdu, o, hətta rəqibi ilə göz kontaktından belə qaçırdı.

OBAMA'NIN STRATEJİ SƏHVİ

Hər iki namizəd amerikalılar üçün çox mühüm olan səhiyyə sistemindən danışarkən, demokratların və respublikaçıların birgə çalışmasının vacibliyini vurğuladılar.

Mitt Romney daha çox şəxsi sığortaya üstünlük verirdisə, Barack Obama istər şəxsi sığortanın, istərsə də dövlət səhiyyəsinin mühümlüyünü qeyd edirdi.

Lakin bu an Barack Obama strateji səhvə yol verərək Massaçusets ştatındakı vəziyyəti dilə gətirdi. Bildirdi ki, orada səhiyyə çox yaxşı qurulub, bu isə yerli orqanlarda demokratların çoxluğu ilə izah olunmalıdır.

Lakin bunun məhz Romney'in qubernator olduğu ştat olması əks nəticəni verdi.
Birinci debat, həmçinin Amerika cəmiyyətinin dərindən parçalandığını göstərdi. Bu isə o deməkdir ki, indiyədək tərəddüd edən seçicilər noyabrın 6-da səsvermədən əvvəl bir daha Mitt Romney’in mövqeyi barədə düşünməli olacaqlar.

DEYİŞMƏDƏKİ DEYİMLƏR

Bir sıra media vasitələri debat zamanı namizədlərin maraqlı ifadələrini seçib ayırıblar. «Associated Press»in seçmələri bir çox qəzetlər tərəfindən dərc olunub. Maraqlıdır ki, burada da üstünlük Mitt Romney tərəfdə olub.

Məsələn, Obama deyirdi: «Mən dörd il əvvəl demişdim ki, kamil bir insan deyiləm və bəlkə də kamil bir prezident olmayacağam. Yəqin ki, qubernator Romney mənim bu vədimə sadiq qaldığımı düşünür…».

Romney'in dediklərindən: «Cənab prezident, Sizin öz təyyarəniz və bir prezident kimi eviniz var. Lakin Sizin öz faktlarınız yoxdur…».

Obama Romney'in neft sektoru ilə yaxınlığına işarə edib: ««ExxonMobil»ə əlavə pul lazımdırmı? Siz hər dəfə yanacaqdoldurma məntəqələrinə gedəndə, bu pulu ona verirsiniz. Niyə bunu ləğv etməyək? Nə üçün korporativ təyyarələr üçün vergi güzəştlərini ləğv etməyək».

Romney: «İspaniya öz iqtisadiyyatının 42 faizini hökumətə xərcləyir. İndi biz də iqtisadiyyatımızın 42 faizini hökumətə xərcləyirik. Mən İspaniya yolu ilə getmək istəmirəm. Mən amerikalılara daha çox iş yerləri açmaq istəyirəm».

ƏN ÇOX TVİT OLUNAN HADİSƏ

«Twitter» xəbər verir ki, ABŞ prezidentliyinə namizədlərin ilk debatı Amerika tarixində, necə deyərlər, ən çox tvitlənən hadisə olub.

Bəzi anlarda tvitlərin sayı dəqiqədə 17 mini ötüb. Ümumiyyətlə isə, son 24 saatdakı tvitlərin sayı 2008-ci ilin bütün debatlarınkından 2 dəfə çox olub.
XS
SM
MD
LG