Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:46

AŞPA rüşvətlə hörməti fərqləndirən qətnamə qəbul etdi


Avropa Şurasının qərargahı
Avropa Şurasının qərargahı
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 5 günlük payız sessiyası oktyabrın 5-də başa çatır.

İş elə gətirib ki, Azərbaycan birbaşa adı çəkilməsə də, bu sessiyanın «qəhrəman»ı olub.
Əvvəla, Azərbaycan bu sessiyada «siyasi məhbus» termininin AŞPA-nın leksikonundan çıxarılmasına çalışıb və bir çox avropalı tərəfdarları və ya lobbiçiləri ilə birlikdə məğlubiyyətə uğrayıb.

AŞPA özünün siyasi məhbus anlayışı kriteriyasına sadiq qaldığını bir daha təsdiq edib.

Bu kriteriya 2001-ci ildə müstəqil ekspertlər tərəfindən irəli sürülüb.

Avropa Şurası üzv ölkələrə iddia olunan siyasi məhbuslara məhz bu kriteriyaları şamil etməyi tapşırıb.

AŞPA Christoph Strässer'in hesabatı əsasında bu kriteriyanı belə təfsir edib.

Bu kriteriyaya görə, özünün İnsan Haqlarına dair Avropa Konvensiyasında və onun protokollarında təsbit olunmuş hüquqlarından istifadə etdiyinə görə həbsxanaya salınmış şəxs «siyasi məhbus» hesab edilir.

Bu, xüsusən də vicdan və din, ifadə, informasiya və sərbəst toplaşma azadlıqlarına aiddir.

Kriteriyada söhbət həmçinin birbaşa heç bir qanun pozuntusu ilə əlaqədar olmayan və yalnız siyasi motivli həbs etmələrdən gedir.

Burada həmçinin qeyd edilir ki, siyasi motivlərlə azadlıqdan məhrumetmənin müddəti əndazəni aşmamalıdır.

Kriteriyada deyilir ki, tutub saxlama və ya həbs hakimiyyət orqanlarının motivi ilə bağlı olanda, həmin şəxs siyasi məhbus hesab edilə bilər.

AŞPA həmçinin elan edib ki, terrorizm ittihamı ilə məhkum edilənlər siyasi məhbus hesab edilməyəcəklər.

Yəni, sabah kimsə çayxanalarda, «Facebook»da adamları insan haqlarının müdafiəsinə, vətəndaş itaətsizliyinə çağırırsa və yarım saat sonra cibindən narkotik tapılsa, Avropa Şurası bunun təsadüf olmasına inanmamaq haqqını özündə saxlayır.

HƏDİYYƏ, BƏXŞİŞ, PAY, SOVQAT, HÖRMƏT VƏ SAİR...

AŞPA bütün bunların rüşvət kimi qiymətləndiriləcəyinin mümkünlüyü barədə yeni qətnamə qəbul edib.

Bu qətnamənin müzakirəsi zamanı Azərbaycanın adı çəkilməyib, lakin bir sıra müşahidəçilər və elə AŞPA-nın bir sıra üzvləri sənədin qəbulunun burada yayılmış «Kürü Diplomatiyası» adlı hesabatla əlaqələndirirlər.

«Avropa Stabillik Təşəbbüsü» təşkilatının bu yaxınlarda elan edilmiş hesabatında AŞPA-ya «sovqat» kimi Azərbaycandan yüz kiloqramlarla qara kürünün gətirildiyi iddia olunur.

AŞPA Böyük Britaniyanı təmsil edən Oliver Heald'in hesabatı əsasında öz üzvlərinin davranışı barədə yeni kodeks qəbul etməyi qərara alıb.

Bu kodeks AŞPA üzvlərini siyasi tərəfkeşlik üçün onlara verilən hədiyyə və ya qonaqlıqlar, mandatlarından şəxsi məqsədlərlə istifadə kimi hallardan qorumaq məqsədi daşıyır.

Yeni kodeks AŞPA-nın artıq mövcud olan etik normaları barədə sənədlərinə əlavə ediləcək.

Maraqlıdır ki, bu sənədin qəbulu zamanı Azərbaycandan heç kəs iştirak etməyib.

Yeni kodeks bir səs bitərəf qalmaqla, 65 səslə qəbul edilib.
XS
SM
MD
LG