Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:23

Salam Qədirzadə "Evlənməyə tələsməyin" (Hekayə)


-

Salam Qədirzadə


EVLƏNƏNDƏ TƏLƏSMƏYİN

Yoldaş subaylar! Bu xəbərdarlıq sizlərə aiddir. «Evlənəndə tələsməyin!» Mənə nə var ki! O vaxtım çoxdan keçib. Hazırda iki uşaq atasıyam. Namxuda-maşallah, oğlum Səyavuşun boyu boyumdan uca, bığları bığlarımdan uzun. Daha bundan sonra, söz məsələtün, lap Sofi Laren özü cavanlaşa, on səkkiz yaşında qıza çevrilə və dərdimdən dəli divanə ola, mən evlənən deyiləm.

Təcrübəli kişilərin məhəbbət, nikah və boşanma haqqında çox yaxşı kəlamları var: «İlk baxışdan sevmək – vaxta və pula qənaət deməkdir». Bu bir İsveç yumoristinin sözüdür. Görünür, o binəva da tələsməyin çox ziyanını çəkib.

«Nikah elə yeganə və uzunmüddətli cəzadır ki, onu yalnız pis hərəkətlərinlə qısalda bilərsən». Bu bir fransız yumoristinin sözüdür. Subayları ayıldır ki, ölçüb-biçməmiş evləndin, işin bitdi!

«Mən ömrümdə iki dəfə ürəkdən sevinmişəm: bir evlənəndə, bir də arvadı boşayanda». Bu da mən yumoristin sözüdür. Səhər tanış olub, axşam zaqsa gedən, sonra isə dava-mərəkə ilə ayrılan bir dostumun adından demişəm.

Bizim Səyavuş da ilk baxışdan Aydan adlı birisinə bənd olmuşdu. Təcili evlənmək istəyirdilər. Qır-saqqıza dönüb yapışmışdılar, ayrılmaq bilmirdilər.

Arvad qızımla iki-üç günlüyə kəndə toya getmişdi. Evdə Səyavuşla mən qalmışdım, fürsətdən istifadə edib gələcək gəlinimizi tanımağa çalışdım.

- Bəs bu günlərdə bizim yeməyimizi, içməyimizi kim hazırlayacaq? – deyə hələ üzünü görmədiyim qızı evə çağırıb qabiliyyəti ilə tanış olmağa bəhanə tapdım. Oğlum tez cavab verdi:

- Papa, gedib kafedə, restoranda yeyərik də…

- Bəlkə sənin Aydanın gələ bizə qulluq eləyə, bacarar?

Səyavuşun çiçəyi çırtladı:

- Niyə bacarmır! Lap əla bacarar!

Elə həmin axşam oğlumla əlvan geyimli şpankə bir qız içəri girdi. Saçları qırmızı, dodaqları boyalı, gözləri sürməli… Meşin tumanı dizdən bir qarış yuxarı. On doqquz, iyirmi yaşında. Balacaboy, arıq... Adamdan çox manikenə oxşayırdı. Gələndə özləri ilə xeyli alma və toz şəkər alıb gətirmişdilər. Neyçün bilmədim.

- Papa, salam! – deyə qız yerini şirin salmaq üçün mənə oğlumun dili ilə müraciət etdi. Necəsiniz?

Üzümdən öpdü.

- Sağ ol. Yaxşıyam, - dedim. Səyavuş yolda yəqin ki, onun dərsini veribmiş. Qısa tanışlıqdan sonra önlük taxıb mətbəxə keçdi.

Oğlum tələbə idi. Aydan da konservatoriyada oxuyurdu. Piano çalırdı.

Çox çəkmədən qab-qacağın, qaşıq-bıçağın, tasın, kəfkirin cingiltisi bir-birinə qarışdı. Elə bil mətbəxdə estrada caz orkestrində eybəcər oyun havası çalırdılar. Səyavuş gəlib sevincək mənə dedi:

- Papa, Aydan sənin üçün əntiqə konfitür bişirir. Səhərlər işə gedəndə çörəyə yaxıb çayla, qəhvə ilə yeyərsən…

- O nə olan şeydir?

- Görərsən də, məcundur!

- Bəs indi nə yeyəcəyik?

- İndi heç nə. Saxla özünü sabaha.

Arada maraqlanıb mətbəxə girdim. Gördüm, bayaq gətirdikləri almaları doğrayıb ət maşınından keçiriblər. Farşa dönmüş meyvəni Aydan iri bir tasa doldurdu. Üstünə xeyli toz şəkər əndərdi. Mən mane olmamaq üçün geri qayıtdım. Redaksiyanın materiallarını qabağıma qoyub işləməyə başladım. Bir azdan evi xoş mürəbbə ətri bürüdü. Bizim arvad indiyəcən heç belə şey bişirməmişdi. Ancaq konfitür gecəyə kimi hasilə gəlmədi. Səyavuş qızı evlərinə ötürdü. Mən ac yatdım.

* * *

Səhər tezdən yenə dünənki «caz orkestri» səsləndi. Aydan gəlmişdi. Yarımçıq qalmış konfitür əməliyyatını davam etdirdi... İşə gecikirdim. Ancaq qız məni buraxmırdı:

- Tələsməyin, papulya, az qalıb. Yeyib gedərsiz.

Nəhayət, saat ona yaxın mətbəxə dəvət ediləndə nə görsəm yaxşıdır: Başda Aydanla Səyavuş olmaqla neçə qaşıq, kəfkir, abgərdən, qab-qacaq, qaz pilətəsi, dər-divar, stolun, kətillərin üstü yapışqana oxşar qırmızı sıyığa bulaşmışdı. Mətbəxdə elə bil konfitür bombası partlamışdı.

Qız elektrik samovarından stəkana rəngqarışıq qaynar süzəndə məəttəl qaldım. Özümü saxlaya bilmədim. – Bizim dəm çaynikimiz də var axı.

Qız üzümə baxıb gülə-gülə cavab verdi:

- Daha yoxdur. Onu dünən sındırdım, papulya.

Səyavuş da Aydana qahmar çıxdı.

- Quru çayı elə samovara atıb. Ancaq yaxşı dəmlənib.

Qaşığı salıb konfitür deyilən matahdan götürmək istəyədə masqura da yuxarı qalxdı. Qız yenə dişlərini ağardıb dilləndi:

- Özüm qatı bişirmişəm, papulya. Şəkərini çox elədim dadlı olsun.

Çörəyə yaxmaq istədiyim konitür qətran kimi qaşıqdan ayrılmırdı. Yeyəndə bir ucu ağzımda, bir ucu əlimdə yarım metr rezinsayağı tarıma çəkilirdi. Səyavuş isə tərifləyirdi:

- Aydan xörəyi də belə dadlı hazırlayır.

Qız onun sözünə düzəliş verdi:

- Qayğanağı yaxşı bişirirəm, o biriləri hələ öyrənməmişəm.

Telefon zəng çaldı. Qətran masqurasını kənara itələyib ayağa qalxdım.

- Çox sağ ol, bala. Ağzın şirin olsun!

- Necədir, papulya? Xoşunuza gəldi?

- Mən hələ bel şey yeməmişdim!

Durmaq istəyəndə altımdakı kətil də mənimlə qalxdı. Konfitürdən idi, yapışmışdı.

Dodaqlarım, barmaqlarım bir-birinə pərçimlənirdi. Kətili zorla özümdən ayırıb iş otağıma getdim. Telefonun dəstəyini yaylıqla tutdum.

- Bəli, eşidirəm…

Danışan redaktorumuz idi.

- Saat ondur. Bəs sizdəki materialları mətbəəyə nə vaxt göndərəcəyik? Yoxsa sabahkı qəzeti ağ buraxacayıq?

- Zəfər müəllim, bilirsiz... Bizim gəlin konfit…

Kişi hirslənmişdi, sözümü yarıda kəsdi.

- Yoldaş şöbə müdiri Məcid Ağabəyov! Mən gəlin-məlin, konfet-monfet soruşmuram! Mətbəə materialı gözləyir! Aydındır!

- Bu dəqiqə gəlirəm!

Yuyunmaq istədim, suyumuz kəsilmişdi. Samovardakı da qaynar idi. Axşamdan redaktə elədiyim yazıları elə şirəli əllərimlə tələm-tələsik qovluğa yığıb işə cumdum.

Mən pilləkəni enəndə evimizdən pianonun səsini eşitdim. Aydan çalırdı. Yəqin bişirdiyi matahdan razı qaldığı üçün şadyanalıq edirdi.

Təngnəfəs redaktorun kabinetinə girdim. «Salam, Zəfər müəllim» demək istədim, ağzım açılmadı. Dodaqlarım yapışmışdı. Lal kimi başımı tərpədə-tərpədə redaktorun əlini tutub sıxdım.

- Materialları verin görüm neyləmisiniz.

Zəfər müəllimin köhnə xasiyyəti idi. Hirslənəndə rəsmiyyətə keçirdi. Adamla «siz-biz»lə danışırdı.

O, əlini ovcumdan çəkmək istədi, çıxmadı. Bir də dartdı çıxmadı.

Kişi gözlərini bərəldib heyrətlə üzümə baxdı:

- Bu nə hoqqadır, Məcid?

Dilim qapalı ağzımda hərləndi, ancaq heç nə deyə bilmədim. Sol əlimlə dodaqlarımı bir-birindən zorla ayırıb danışmağa başladım:

- Bu gün bizim təzə gəlin konfi…

Redaktor cin atına mindi:

- Adə! Yenə gəlin?! Yenə konfet?

Hirslə dartıb əlini ovcumdan çəkdi. Qəzəblənməsəydi çıxmayacaqdı. Bu vaxt yanındakı telefon zingildədi. Dəstəyi götürdü:

- Bəli. Bilirəm gecikdirmişik. Neyləyim, şöbə müdirimiz indi təşrif buyurub redaksiyaya. Çalışaram çatdırım…

Zəfər müəllim dəstəyi yerinə qoymaq istəyəndə əlindən asılı qaldı. Konfitürdən idi, yapışmışdı… Kişinin hövsələ çanağı daşdı:

- Sən ölməyəsən, işə düşmədik! – Sonra sir-sifətini turşudub mənə baxdı. – Ağabəyov, yapışqanlanmısan bu gün?

Dedim:

- Bəli, Zəfər müəllim. Lap əməlli-başlı.

Redaktor fısıldaya-fısıldaya yeşiyindən sabun, dəsmal çıxarıb əllərini yumağa getdi.

Mən isə hamamlıq idim… Qovluqdakı kağızları səliqə ilə stolun üstünə qoydum. Elə otağıma təzəcə keçmişdim ki, Zəfər müəllim məni çağırtdırdı: Materialların iki səhifəsi çatmırdı. Nə qədər axtardım tapılmadı. Redaktor deyindi:

- Bəs bunun orijinalı hardadır?

- Mən elə müəllif gətirən nüsxənin üstündə işləmişəm, - dedim.

- Paho! – Qaşqabağını tökdü. – İndi biz ona nə cavab verəcəyik?

İki saat sonra divardan adıma töhmət asıldı.

«...İşə vaxtında gəlməyib, materialları itirdiyinə və mətbəəyə gecikdirdiyinə görə…» Bunlar hamısı Aydan əndamı yanmışın bişirdiyi o şirin zəhrimarın ləzzəti idi çəkirdim! Fikirləşmişdim, qəzetimizin gələn nömrələrindən birinə ailə-məişət mövzusunda məzəli əhvalat yazacaqdım. Sərlövhəsi indidən başımda hərlənirdi. «Evlənəndə tələsməyin!» Bu kəlmələri iri hərflərlə bir kağıza qeyd elədim. İyirmi ildə ancaq qayğanaqla yapışqan bişirməyi öyrənən, samovarın suyunda çay dəmləyən cavanəzənlər ər evinə gələndən sonra o ailənin nə güzəranı olacaqdı? Qoy Aydan kimilərin anaları oxuyub öz payını götürsünlər. Subaylar da bilsinlər ki, evlənəndə təkcə qara qaş-gözə vurulmazlar… Bu dəfə yerimdə oturanda stulun mənə yapışacağından ehtiyat eləyib altıma bir vərəq kağız sərdim. Divardakı töhmətimdən xəbər tutan işçilərimiz yanıma gəlib səbəbini soruşurdular. Hamıya cavabım bu idi:

- Yazacağam, oxuyarsız.

Deyirdilər redaktor itən səhifələri tapıbdır. Konfitürlü vərəqlər bir-birinə yapışıbmış. Ancaq töhmət üstümdə qalırdı.

* * *

…İşdən çıxıb evə gedəndə adamlar tez-tez dönüb mənə baxırdılar. Özləri də gülürdülər. Elə bil buynuz çıxarmışdım.

Qıpımıza çatanda bir qızla bir oğlan arxadan mənə yaxınlaşdı. Əvvəlcə hər ikisi doyunca qəhqəhə çəkdi. Sonra oğlan şalvarımdan qopardığı kağızı mənə uzatdı:

- Bu nədir, əmican?

Alıb baxdım: «Evlənəndə tələsməyin!»

Mən küçələrdən keçdikcə şəhərin yarısı bu sözləri oxumuşdu…
XS
SM
MD
LG