Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:39

Avropa Komissiyasının vitse-prezidentindən İlham Əliyevə ismarış


Neelie Kroes
Neelie Kroes
-
«Azərbaycanda mediaya özbaşına məhdudiyyətlər görürük. Azad sözə görə cinayət məsuliyyəti var. Jurnalistlərə zorakı hücumlar olur. Fəallar onlayn izlənir, jurnalistlərin və onların mənbələrinin məxfiliyi pozulur».

«HÜCUMLAR DƏRHAL ARAŞDIRILMALIDIR»

Bunu Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Bakıda İnternet İdarəçiliyi Forumunda «Azərbaycanda azad medianın qorunması» mövzusunda çıxışında deyib:

«Biz bunu pisləyirik. Məhdudiyyətlərə son qoyulmalıdır. Hücumlar araşdırılmalı və cəzalandırılmalıdır. Dərhal, dərindən və şəffaf şəkildə».

Neelie Kroes 2012-ci il UNESCO Ümumdünya Mətbuat Azadlığı Mükafatının qalibi, jurnalist Eynulla Fətullayevin adını qeyd edib. Deyib ki, o, söz azadlığının müdafiəsi barədə danışıb və buna görə həbs olunub.

«İSMARIŞIM AZƏRBAYCAN PREZİDENTİNƏDİR»

Avropa Komissiyasının nümayəndəsinin fikrincə, Azərbaycan hökuməti bu ilin əvvəlində («Eurovision»dan əvvəl) mətbuat azadlığını təmin edəcəyinə söz versə də, vəziyyət daha da pisləşib:

«Azərbaycanda və digər yerlərdə hakimiyyətdə olanlar bilsinlər ki, media azadlığına bu repressiv məhdudiyyətlər qəbuledilməzdir. Azərbaycan da daxil olmaqla Avropa Şurasının üzvləri öhdəlik götürdükləri standartlara əməl etməlidirlər. Mən bu ismarışı Azərbaycan prezidentinə çatdırmaq istəyirəm».

Neelie Kroes qeyd edib ki, mətbuat azadlığının pozulması digər insan haqları pozuntularına bağlıdır:

«Gizlətməyə bir şeyi olmayan hökumət insanların həqiqəti aşkarlamasından qorxmamalıdır».

İlham Əliyev
İlham Əliyev
PREZİDENTİN BİR GÜN ƏVVƏL DEDİKLƏRİ

Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes-in çıxışından bir gün əvvəl isə Prezident İlham Əliyev Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına müraciətində bildirib ki, Azərbaycanda İnternet azadlığı var. Ölkədə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir:

«İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır».

«MÜDAXİLƏ VAR»

Jurnalist Eynulla Fətullayev isə elə həmin tədbirdə çıxışında Azərbaycanda ifadə azadlığı ilə bağlı narahatlığını bildirdi:

«Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox risklidir. Həyat üçün, təhlükəsizlik üçün çox risklidir.
Eynulla Fətullayev
Eynulla Fətullayev
Hətta sosial şəbəkələrdə sənin şəxsi həyatının müzakirəsi təhlükəsi belə var. Bütün bunlar onu göstərir ki, Azərbaycanda ciddi problem var».

Jurnalist İdrak Abbasov isə deyir ki, Azərbaycanda çox adamın internetə daxil olmaq imkanı var, ancaq azad şəkildə fikrini ifadə etmək azadlığı məhduddur:

«Sən nə isə deyə bilərsən. Ancaq buna görə səni, ailəni, yaxınlarını cəzalandıra bilərlər. Bu problem var. Bu, reallıqdır. Bütün internet resurslarına, hətta mənim şəxsi yazışmalarıma istənilən vaxt müdaxilə, nəzarət edə bilərlər».

«POZİTİV TENDENSİYALAR VAR»

Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə deyir ki, vəziyyət heç də təsvir olunan kimi deyil:

«Avropa Komissiyasının vitse-prezidenti, Eynulla Fətullayev çıxışlarında Azərbaycandakı media ilə, ifadə azadlığı ilə bağlı vəziyyəti sadəcə olaraq birtərəfli təsvir etdilər. Yalnız problemlərdən danışdılar. Bu da başa düşüləndir. Çünki həbsdə olan şəxslər var. Döyülən, tutulan həmkarlarımız var. Bunlar haqqında danışıldı. Ancaq Azərbaycandakı pozitiv tendensiyalar haqqında heç bir söz deyilmədi. Mən də çıxışımda məhz ona toxunmağa çalışdım».

CƏMİYYƏTDƏ NƏ XOF YARADIR
Rəşid Hacılı
Rəşid Hacılı

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyir ki, ən qorxulusu ifadə azadlığına hücum edənlərin cəzasız qalmalarıdır:

«Qanunun aliliyinin olmaması, qanunların siyasi məqsədlərlə tətbiq edilməsi ifadə azadlığına böyük təhlükələr yaradır. Deyilənlərdən görünür ki, Azərbaycan bu problemlər içərisində olan ölkələrdən biri kimi qiymətləndirilir. Çünki çoxsaylı şəxslər var ki, onlar bu və ya digər ifadələrinə görə müxtəlif bəhanələrlə ya həbs olunublar, ya qorxudulublar, ya da şəxsi həyatları ilə bağlı onlara hücumlar olub. Bunlar sonradan araşdırılmayıb, bunları edənlər məhkəmə qarşısına çıxardılmayıb. Bu da bütövlükdə cəmiyyətdə xof yaradır».

Noyabrın 6-9-da Bakıda İnternet İdarəçiliyi Forumu keçirilir.

Forum ərəfəsində bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda on-line ifadə azadlığı sahəsində vəziyyəti tənqid ediblər. Beynəlxalq təşkilatlar hesab edirlər ki, Azərbaycanda internet qismən azaddır. Saytların bloklanması praktikası olmasa da, ayrı-ayrı bloqqerlərin təqib olunması faktları var.
XS
SM
MD
LG