Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin ) həbsdəki üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun cəzası ağırlaşdırılıb. 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan N.Əhmədovun bir illik qapalı tipli həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarılıb. AzadlıqRadiosuna bu bilgi AXCP-dən verilib: "Uzun müddət Niyaməddin Əhmədovdan xəbər yox idi. Bugünlərdə atası cəzaçəkmə müəssisəsinə yanına gedəndə məlum olub ki, onun haqqında belə bir qərar çıxarılıb. Niyaməddin Əhmədov ona qarşı uzun müddətdir davam edən təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir".
Atası Arif Əhmədov AzadlıqRadiosuna N.Əhmədovun cəzasının ağırlaşdırılması və onun aclıq etməsi barədə deyilənləri təsdiqləyib. O, martın 4-də cəzaçəkmə müəssisəsinə getsə də, övladı ilə görüşünə imkan verilmədiyini bildirib. Ona oğlunun cərimə kamerasında (kars) olduğu deyilib: "Bir də martın 19-da getdim. Tələb etdim ki, övladımı görməliyəm, bir aya yaxındır ondan xəbər yoxdur. Rəislə görüşdüm, Niyaməddini də gətirdilər. Dedi ki, heç bir günahım olmadığı halda, məni karsa saldılar, ona görə ayın 26-dan aclıq edirəm. Sonra da məhkəmə keçirib bir illik həbsxana rejiminə köçürülməsinə qərar veriblər. Apardığım yeməkləri də istəmədi".
Oğlunun aclığı sürdürdüyünü vurğulayan A.Əhmədov deyir ki, indi onun durumundan rahatsızdır. Ata yada salır ki, 2020-ci ildə həbs olunarkən məruz qaldığı işgəncələr nəticəsində N.Əhmədovun sağlamlığında problemlər yaranmışdı. Onun sözlərinə görə, uzunmüddətli aclıq bu problemləri daha da kəskinləşdirəcək: "Günahsız, cavan bir adama nə qədər zülm etmək olar?! Evinin kirayəsini verə bilməyən adama terroru maliyyələşdirmək adı ilə 13 il verdilər, onu da rahat çəkməyə qoymurlar".
N.Əhmədovun cəzaçəkmə müəssisəsində ona qarşı davranışlara etiraz olaraq aclıq etməsi, onun həbsxana rejiminə köçürülməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Daha öncəki açıqlamalarda Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar, qanunsuz cəzalandırma şikayətlərini, bir qayda olaraq, təkzib edib. Bu qurumdan bildirilib ki, məhkumların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur.
Xatırlatma
N.Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona koronavirusla əlaqədar karantin rejimi qaydalarını pozma ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilmişdi. Bu cəza başa çatan günsə cinayət işi başlanmış, ona Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələriylə ittiham verilmiş, sonda 13 il həbs cəzası kəsilmişdi.
Terroru maliyyələşdirməkdə suçlanan N.Əhmədov Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən Qabil Məmmədovdan pul almaqda təqsirləndirilib.
N.Əhmədov bu ittihamın absurd olduğunu, Q.Məmmədovla Tovuz rayonunun Qazqulu kəndində qonşu olmalarından istifadə edərək belə bir ssenari quraşdırıldığını bildirib.
O vurğulayıb ki, həbsinin gerçək səbəbi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmasıdır. N.Əhmədovun fikrincə, AXCP sədri 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi etiraz aksiyasında tutularkən onu sonadək tək buraxmadığına görə cəzalandırılıb.