Keçid linkləri

2025, 13 Mart, Cümə axşamı, Bakı vaxtı 06:58

Keçmiş diplomata 10 il həbs istəndi: 'Böyük bir dövlət aparatı ilə qarşıdurmadayam...'


Emin İbrahimov
Emin İbrahimov

Azərbaycanın ABŞ-dəkı səfirliyində katib, Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimova 10 il həbs cəzası istənilib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, E.İbrahimovun küçədə Kamal Şükürov adlı şəxsi bıçaqlaması məhkəmədə sübuta yetirilib. Bu üzdən. o, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah qismində əşyadan istifadə ilə xuliqanlıq) maddələriylə təqsirli bilinib cəzalandırılmalıdır.

Məhkəmədə prokurorun çıxışından öncə E.İbrahimovun vəkili Fəxrəddin Mehdiyev bu cinayət işinin obyektiv, hərtərəfli araşdırılmasından ötrü doqquz vəsatət qaldırıb. Bunların arasında təkrar ekspertiza keçirilməsindən tutmuş, bıçaqlandığı iddia edilən K.Şükürovun əvvəllər başqa cinayət işlərində şahid, zərərçəkmiş kimi adının keçib-keçmədiyini müəyyənləşdirməkdən ötrü Daxili İşlər Nazirliyinə sorğu göndərilməsinədək müxtəlif məsələlər vardı. Ancaq hakimlər vəkilin vəsatətlərinin heç birini təmin etməyiblər.

"Hakim deyilsiniz, qarşı tərəfi təmsil edirsiniz"

E.İbrahimov məhkəmədən heç bir gözləntisinin olmadığını söyləyib: "Bu, məhkəmə deyil, tamaşadır. Mənimlə bağlı baş verənlər də böyük bir dövlət aparatı ilə qarşıdurmadır. Mən qarşıdurmadayam, sizlər də hakim deyilsiniz, qarşı tərəfi təmsil edirsiniz. Burada ədalət mühakiməsindən söhbət gedə bilməz. Ona görə də danışılanlara heç qulaq asmıram".

Cinayət işinin materiallarında iddia olunur ki, 44 yaşlı E.İbrahimovla zərərçəkmiş qismində tanınan 38 yaşlı K.Şükürov metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında səkidə gedəndə təsadüfən üz-üzə gəliblər. Bu zaman K.Şükürovun çiyni ona toxunub. Keçmiş diplomat bundan əsəbiləşərək onu təhqir edib, sinəsindən yapışıb, ardından bıçaqla onu qarın nahiyəsindən vurub.

E.İbrahimov ittihamda yazılanları uydurma sayıb: "Bir var saxtalaşdırılmış işlər, bu isə başdan-ayağa uydurmadır".

Onun öz vəkilinə bildirdiyinə görə, evinə gedərkən bir nəfər qəfildən üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Dərhal sonra kənardan polislər hücum edib və onu saxlayıblar. Keçmiş diplomat saxlandıqdan sonra polis bölməsində telefonunun şifrəsini verməkdən ötrü işgəncələrə məruz qaldığını da vurğulayıb.

Keçmiş diplomatın məhkəməsi aprelin 11-də müdafiəçilərin çıxışı ilə davam edəcək.

Xatırlatma

Emin İbrahimov ötən il iyulun 22-dən həbsdədir. O, 2020-ci ildə xarici işlər nazirinə ərizə yazıb, ölkədə insan hüquq və azadlıqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını vurğulayıb və belə bir vəziyyətdə işləmək istəmədiyini bildirərək diplomatik xidmətdən azad olunmasını istəyib.

Daha öncə 2023-cü il sentyabrın 20-də həbs edilən keçmiş diplomata o zaman İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsiylə 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da E.İbrahimov bildirmişdi ki, yayılması yasaqlanan heç bir bilgini yaymayıb. Onun sözlərinə görə, etik çərçivəni, qanunları pozmadan öz fikirlərini sosial media hesabında paylaşıb və buna görə cəzalandırılıb.

XS
SM
MD
LG