Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:31

Avropa Komissiyasının vitse-prezidenti niyə qapı arxasında qaldı?


Avropa Komissiyasının vitse-prezidentindən İlham Əliyevə ismarış
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Avropa Komissiyasının vitse-prezidentindən İlham Əliyevə ismarış

-
Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Bakıda məhkumların müalicə aldığı mərkəzə buraxılmadı. Baxmayaraq ki, o, bu ünvana getməzdən əvvəl Prezident İlham Əliyevdən müsbət cavab aldığını deyir:

«Prezident razılığını verdi. Ancaq biz bu səhər (8 noyabr) o müəssisəyə gedəndə, heç bir rəsmi reaksiya göstərilmədi. Mülki şəxslər bizə qapıda dedilər ki, müəssisə rəhbərliyi bizə icazə vermir».

Neelie Kroes İlham Əliyevlə noyabrın 7-də görüşmüşdü. Görüşdən sonra isə ölkədəki söz azadlığı ilə bağlı vəziyyətin pisləşdiyini bildirmişdi.

ƏVVƏLLƏR MƏHBUSLARLA GÖRÜŞ «BARAK»DA OLARDI, İNDİ İSƏ…

Bir neçə dəfə həbsxana həyatı yaşayan Müsavat funksioneri Arif Hacılı deyir ki, ötən illər həbsdə olduğu müddətdə beynəlxalq təşkilatların nümayəndələri görüş üçün birbaşa onların kameralarına gəlirmişlər. Amma 2011-ci ilin 2 aprel aksiyasına görə həbsxanaya düşəndə, görüşlər ancaq həbsxananın inzibati binasında baş tuturmuş:
Arif Hacılı
Arif Hacılı


«Misal üçün, vaxtilə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Gross neçə dəfə gəlib birbaşa mənim qaldığım kameraya girmişdi. Amma bu dəfə həbsdə yatdığım müddətdə belə görüşlər az oldu, həm də bu görüşlər həbsxananın inzibati binasında olurdu».

«BUNA İNANMIRAM»

Arif Hacılı prezidentin razılığından sonra beynəlxalq təşkilat nümayəndəsinin müalicə mərkəzinə buraxılmamasını isə şübhə ilə qarşılayır.:

«Razılıq verilmişdisə, buraxılmalı idi. Ola bilər, üzdə razılıq verilib, arxada deyilib ki, buraxmayın. Yoxsa Azərbaycan kimi ölkədə bu necə ola bilər?».

GEC DAXİL OLAN MÜRACİƏT

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə görüşün baş tutmamasını prosedur qaydalarına bağlayır. Deyir Avropa Komissiyasının nümayəndələri həm gec müraciət ediblər, həm də müraciətə baxılanda çox tələsiblər:

«Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi və bu və ya digər məhkumlarla görüşülməsi müvafiq qanunvericiliklə və beynəlxalq normativ aktlarla
Mehman Sadıqov
Mehman Sadıqov
tənzimlənir. Birincisi, onların müraciəti çox gec daxil olmuşdu. Eyni zamanda, həmin müraciətə baxılarkən onlar bir az tələsdilər, getdilər. Ona görə belə oldu. Hər hansı bir başqa problem yoxdur. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən dəfələrlə bizim cəzaçəkmə müəssisələrində olublar. Məhkumlarla görüşüblər. Yenə deyirəm, orada prosedur qaydaları gözlənilməlidir. Onların da vaxtı məhdud olduğu üçün başçəkməni həyata keçirə bilməyiblər».

Mehman Sadıqovun baş tutmayan görüşlə bağlı verdiyi izaha baxmayaraq, Neelie Kroes Azərbaycandan gedəndən sonra İlham Əliyevə təşəkkür məktubu yazacağını bildirib. Deyib onu qəbul etdiyi üçün prezidentə təşəkkür edəcək və icazə verməsinin heç bir xeyri olmadığını qeyd edəcək.

KİM KİMİ DÜZ BAŞA DÜŞMƏYİB

«Turan» agentliyinə müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə Neelie Kroes-in prezidenti düzgün başa düşmədiyini deyib:
Elçin Behbudov
Elçin Behbudov

«Onlar Avropa Komissiyasının komissarı, adi vətəndaş və ya hansısa hüquq müdafiə təşkilatı arasında ayrı-seçkilik edə bilməzlər. Bunların hamısı şəffaf şəkildə qəbul edilmiş prosedur normalarına əsaslanır».

HƏBSXANALARI CƏNNƏT VƏ SANATORİYA SAYANLARA YAXŞI CAVAB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov baş verənləri Penitensiar Xidmətdəki icraedicilərin əməli sayır. Həm də belə bir hadisənin ilk dəfə baş vermədiyini deyir:

«Yadınızdadırsa, Almaniyanın ombudsmanı Azərbaycana gəlmişdi. Onu neçə saat 14 saylı cəzaçəkmə müəssisəsinin qapısı ağzında saxladılar, içəri buraxmadılar. Bunları edən Penitensiar Xidmətdir. Bu, beynəlxalq aləmdə Azərbaycanın imicinə ləkədir».

Elçin Behbudov düşünür ki, Neelie Kroes-in müalicə müəssisəsinə buraxılmaması Qobustan həbsxanasının cənnətə, cəzaçəkmə müəssisələrinin sanatoriyaya bənzədilməsi ilə bağlı deyilənlərin əksini göstərir.
XS
SM
MD
LG