Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Naxçıvanda işadamı həbsdə qaldı


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Naxçıvanın Apellyasiya Məhkəməsi işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovu həbsdə saxlayıb

Bu barədə AzadlıqRadiosunu Nadir Məmmədovun qardaşı Qadir Məmmədov məlumatlandırıb.

Dekabrın 18-də keçirilən iclasda məhkəmə birinci instansiyanın - Sədərək rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qadir Məmmədov deyir ki, qardaşı məhkəməyə gətirilərkən, yaxınları onun üzündə işgəncə izlərini görüblər:

«Nadir maşından düşürüləndə onu digər qardaşım yaxından görüb. Nadirin üzündə çapıq olub. Digər işgəncə izləri də sezilib. Soruşub bu nədir, yanındakı «konvoy» deyib ki, üzünü qırxanda olub. Nadir, bəyəm, uşaqdır ki üzünü kəssin? Anam və Nadirin həyat yoldaşı bir neçə gündür Bakıya gəliblər. Bu gün həm İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə getmək, həm də mətbuat konfransı keçirmək istəyirdik. Dünən axşamdan mənə bir neçə dəfə naməlum zənglər gəlir. Zəng edən və kimliyini gizlədən şəxslər hədə-qorxu gəlirlər ki, sakit oturun yerinizdə, yoxsa Naxçıvana gətizdirib başına oyun açarıq. Hələlik, tədbirlərimizi təxirə salmışıq».

ƏRZAQ GÖMRÜKDƏ, ÖZÜ HƏBSDƏ?

Dekabrın 12-də naxçıvanlı iş adamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov haqqında Sədərək rayon Məhkəməsinin qərarı ilə 2 ay həbs qətimkan tədbiri seçilib.

Bu haqda AzadlıqRadiosuna Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova məlumat verib.

O deyir ki, əri və kürəkəninin yoxa çıxması ilə bağlı mətbuatda gedən məlumatdan sonra Sədərək rayon Polis İdarəsindən onların evinə zəng vurublar:

«Sədərək polisindən zəng elədilər. DİN-in vəzifəlisi Qulu Rüstəmov da orda idi. Bizə dedilər ki, hər şey yaxşıdır, narahat olmayın, Məhəmmədgil Sədərək polisindədirlər. Sonra telefonu verdilər Məhəmmədlə Nadirə. Danışdıq. Dedilər ki, vəziyyətimiz normaldır. Sevindik ki, harada olduqları üzə çıxdı. Gecə 12-də zəng elədilər ki, saxlanılanların hər ikisinə 2 ay iş verib göndəriblər təcridxanaya. İndi qohumlar ora yemək aparıblar, onu da qəbul eləmirlər. Vəkil zəng eləmişdi. Biz tanımırıq o vəkili. İstəmirik o vəkili. Zorla təyin ediblər. Naxçıvanda müstəqil vəkil yoxdur. Hamısı hakimiyyətin adamıdır. Apelyasiya şikayəti vermək istəyirik, ancaq vəkilə etibar eləmirik».

Fəridə Qurbanova deyir ki, həyat yoldaşına aid olan avtomobili və gömrükdə saxlanılan digər əşyaları geri qaytarmayıblar:

«3 min manat cibində idi, 8 min manatlıq da malı qalıb gömrükdə. Maşını da ki Sədərək Polisinin həyətindədir. Özümüz gördük ki, təpikləyib əziblər. Heç birini qaytarmaq istəmirlər. Gömrükdəki mallar tez xarab olan mallardır. 1-2 gün də qalsa, 8 min manat batıb gedəcək. Vəkilə deyirik, deyir mənlik deyil, belə işlərə qarışmıram. Bəs o vəkil nəyə lazımdır?».

PROKURORLUQ NADİR MƏMMƏDOVU ADAM BIÇAQLAMAQDA İTTİHAM EDİR

Nadir Məmmədov
Nadir Məmmədov
Məsələyə münasibət öyrənmək üçün saxlananların vəkili Ələkbər Əsədovla əlaqə saxlasaq da, vəkil açıqlama vermək istəmədi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur. Məlumatda bildirilir ki, Nadir Məmmədov əlindəki bıçaqla xidməti vəzifəsini icra edən gömrük işçisi Vüsal Həsənovu vurmaq istəyib. Bu zaman Nadir Məmmədovu sakitləşdirməyə çalışan fəhlə Siyafər Mahmudovun sol əlindən bıçaqla vuraraq ona xəsarət yetirib.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Sahibkar Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. O da məcbur olub jurnalistlərə üz tutub. Məhəmməd Qurbanov deyir ki, daha sonra gömrük işçiləri onu və kürəkəni Nadir Məmmədovu mühasirəyə alaraq döyüblər.

Daha öncə Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsi AzadlıqRadiosuna belə bir hadisənin baş vermədiyini bildirmiş, muxtar respublikanın Daxili İşlər Nazirliyi isə məsələyə münasibət bildirməkdən boyun qaçırmışdı.
XS
SM
MD
LG