Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

Şah İsmayıl Xətainin yeganə əlyazması olan divanı tapıldı!


Şah İsmayıl Xətai
Şah İsmayıl Xətai
-
Şah İsmayıl Xətainin uzun illər ərzində axtarılan yeganə əlyazması olan divanı tapılıb.

Divan 1520-ci ildə yazılıb. 104 səhifədən ibarətdir. Divanda 3 illüstrasiya var və heyrətamiz gözəl kalliqrafiya və rənglərdən istifadə edilib.

APA-nın məlumatına görə, İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qarabağ Fondunun Amerikada Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirdiyi silsilə sərgilər çərçivəsində Amerika arxivlərində Azərbaycan mədəniyyətinə və tarixinə aid araşdırmalar aparılır.

Əlyazma--kitab Birinci dünya müharibəsi ərəfəsində alman zinət əşyaları taciri H.V tərəfindən alınaraq Almaniyaya, İkinci Dünya müharibəsi zamanı isə təhlükəsizlik üçün Parisə aparılıb.

Bir müddət itkin düşdüyü sayılan əlyazma tacirin nəvəsi tərəfindən digər ailə xəzinəsi ilə birgə Amerikaya gətirilib və 1960-cı ildə muzeyə hədiyyə olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının müraciəti əsasında əlyazmanın arxivdən çıxarılaraq baxılmasına icazə verilib.

Artıq yüksək ixtisaslı mütəxəssislər tərəfindən əlyazma bütünlüklə digitallaşdırılaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təqdim edilib.

Bununla yanaşı, ilk dəfə olaraq fərdi kolleksioner öz arxivindən Mərkəzə Səfəvilər dövrünün 1530-cu ilinə aid qızıl işləmələrlə yazılmış 9 səhifə nəfis əlyazma hədiyyə edib.

Əlyazmanın dekabrın 15-i Nizami Gəncəvinin 870 illik yubileyinin yekununa həsr olunmuş növbəti sərgidə təqdim olunacağı nəzərdə tutulub.

Sərginin Fəxri Qonağı Qırğızıstanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Roza Otunbayeva-dır.

Bu layihələr Gəncə şəhər İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Vaşinqtondakı səfirliyinin iştirakı ilə həyata keçirilir.
XS
SM
MD
LG