Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:00

Quba hadisələrinə görə daha bir hökm oxundu


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
-
Dekabrın 21-də Quba rayon Məhkəməsində 1 mart - Quba hadisələrinə görə keçirilən daha bir proses başa çatıb. Hakim Fizuli Pənahovun sədrliyi ilə keçirilən məhkəmədə 7 nəfərə hökm oxunub.

Müttəhimlərdən Səfər Qəribov 1 il 6 ay, Habil Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərov 3 il müddətinə şərti məhkumluqla cəzalandırılıblar.

Onlar əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

Prokuror bu şəxslərə məhkəmədən 5 ilədək həbs cəzası istəmişdi.

Quba hadisələri ilə əlaqədar bütövlükdə 30 nəfər məsuliyyətə cəlb edilib. Quba məhkəməsində onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları isə 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.

Dördüncü proses Xaçmaz rayon Məhkəməsində keçirilir. Bu dəfə məhkəmə qarşısında Qubanın bələdiyyə sədri ilə jurnalistlərdir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG