Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

«Mən orda olsaydım, icra başçısına ayaqqabı atardım»


Xaçmaz məhkəməsində təqsirləndirilənlər
Xaçmaz məhkəməsində təqsirləndirilənlər
-

Quba hadisələrinə görə həbsdə olan sahibkar Gülağa Ağayev keçmiş icra başçısı haqqında: «10 il sonra da Qubada onun-bunun adına rəsmiləşdirdiyi torpaqları satsa, tükənməz».

Qubanın keçmiş icra başçısı Rauf Həbibovu şantaj edərək 600 manat alanlar «Xəzər» TV işçiləri olub. Bu fikri Quba hadisələrinə görə təqsirləndirilən «Xəyal» TV-nin icraçı direktoru Vüqar Qonaqov səsləndirib. O, yanvarın 9-da Xaçmazda keçirilən məhkəmə çəkişməsində Xəzər TV-nin təsisçisi Hüseyn Dinləməzə bu sözləri də ünvanlayıb:

«2011-ci ildə «Xəzər» TV-nin bölgə müxbiri Emin Kərimov icra hakimiyyətinin işçiləri Emin Babaşov və Tariyel İbrahimovla əlbir olaraq «Xəyal» TV-nin kompüterlərində axtarış aparıb. Silinmiş faylları bərpa edəndən sonra diskə yazıb və Rauf Həbibova 600 manata satıb. Xahiş edirəm ki, işçiləriniz barədə tədbir görəsiniz».

Vüqar Qonaqov məhkəməyə bildirib ki, icra hakimiyyətinin qanunsuz göstərişlərini yerinə yetirmək üçün televiziyanın təsisçisi Yusif Qədimbəyliyə də zənglər gəlirmiş. Rauf Həbibovun sonralar Qubanı qarışdıran çıxışı məhz bu səbəbdən efirə verilməyib:

«QUBA YAĞLI TİKƏDİR»

Vüqar Qonaqov
Vüqar Qonaqov
«Bütün müşavirələrdə çıxışlarını kağızdan oxuyan Rauf Həbibov öncə həmin müşavirədə də belə davranıb. «Quba yağlı tikədir» məsələsinə gəlincə, videodan da görünür ki, o kağızı kənara tullayır. Demək istəyirəm ki, bizə birbaşa təzyiq etdilər və müşavirəni efirə vermədik. O çıxışda qubalıların ünvanına təhqirlər vardı».

«Xəyal» TV-nin həbsdə olan bir başqa əməkdaşı Zaur Quliyev saxlandığı zaman üzləşdiyi təzyiqlərdən danışıb və yalnız bu təzyiqlərdən 3 gün sonra məhkəməyə aparıldığını söyləyib. Bütün bu müddət boyunca vəkilin iştirakı olmadan ondan ifadə alınıb və olayla bağlı ifadə vermiş şəxslərlə üzləşdirmə tələbi rədd edilib:

«Mən təzyiqlərlə bağlı baş prokurora, daxili işlər nazirinə, ombudsmana şikayətlər göndərmişəm. Ancaq nəticəsini görməmişəm».

«İCRA BAŞÇILARI... ELƏ BİLİRLƏR Kİ, ALLAHIN BACISIOĞLUDURLAR»

Əmlak Məsələləri Dövlət Komitəsi yerli şöbəsinin əməkdaşı, həbsdə olan Zakir Məmmədov da ifadəsində özünü təqsirli saymayıb:

«Rauf Həbibovun çıxışı cənab prezidentin sərəncamlarına ziddir. Onun belə çıxış etdiyini bilmirdim. Orada iştirak etsəydim etirazımı bildirərdim. Rauf Həbibov həmin çıxışına görə vicdan əzabı çəkməlidir Qubanı qara günə qoyub, qubalıları təhqir edib. Çox götür-qoydan sonra prezidentə müracİət etmək qərarına gəldim. Evimin yanına gedib, 3 disk yazdıraraq 3 manat vermişəm. Heç kimə heç bir göstəriş verməmişəm. Sadəcə, icra başçısının qanunsuz hərəkətlərini prezidentə çatdırmaq istəmişəm».

Zakir Məmmədov məhkəmənin nəzərinə çatdırıb ki, Qubadakı zəbtlər və qeyri-qanuni tikililərlə bağlı prezidentə çoxlu məktub yazıb:

Quba hadisələri,1 mart 2012
Quba hadisələri,1 mart 2012
«Məktubları qaytarıb Rauf Həbibovun özünə verirdilər. Bütün qubalılar bilir ki, rayonda tikinti aparan Elcanlar, İslamlar, İlhamlar kimindir... İcra başçıları kresloya oturandan sonra elə bilirlər ki, Allahın bacısıoğludurlar».

«BURADA BİZ YOX, RAUF HƏBİBOV OTURMALI İDİ»

Məhkəmə yanacaqdoldurma məntəqəsinin sahibi Gülağa Ağayevi də təqsirləndirilən şəxs kimi dinləyib:

«204 gündür ki, müstəntiqin ehtimal və fərziyyələri əsasında buradayam. Müstəntiq nəvəm Muxtara təzyiq göstərib və ifadələr alıb. Bu gün burada biz yox, Rauf Həbibov oturmalı idi. 150 minlik Quba əhalisini təhqir etməklə o, qubalıları bu hərəkətlərə sürükləyib. Qubalılar Qarabağ uğrunda 200 şəhid veriblər. O, şəhidlərimizin ailələrini də təhqir edib və qubalılardan üzr də istəməyib. İttihamda yazırlar ki, guya Rauf Həbibovun çıxışı montaj olunub. Bunun dəxli yoxdur, əsas odur ki, Rauf Həbibov o sözləri deyib. Mən həmin müşavirədə olsaydım, Rauf Həbibova ayaqqabı atardım».

Dövlət ittihamçısı Gülağa Ağayevin son sözlərinə etirazını bildirərkən, Gülağa Ağayev üzünü prokurora tutaraq deyib:

«Qubada torpağı satan kimdir? Rauf Həbibov deyil? Qubanı satan odur. Torpağı satan özüdür. Bundan 10 il sonra da Qubada onun-bunun adına rəsmiləşdirdiyi torpaqları satsa, tükənməz. Vaxt gələcək bu «obezyannik»də Rauf Həbibovun özü də oturacaq».
Məhkəmə davam edir.

Quba olayları ilə bağlı bütövlükdə 30 nəfər məsuliyyətə cəlb edilib və 24 nəfərə məhkəmə hökmü oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası kəsilib. Qalanlar 3 il şərti cəza almaqla məhkəmə zalından azad edilib.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşma və zorakılıqlara yol verilib. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG