Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:28

20 milyonluq siyahı


Müttəhimlər Xaçmaz rayon Məhkəməsində
Müttəhimlər Xaçmaz rayon Məhkəməsində
-
Yanvarın 11-də Xaçmaz rayon Məhkəməsində Quba hadisələri ilə bağlı keçirilən məhkəmə prosesində polis işçiləri şahid ifadələri veriblər. Daha öncə vəkillər vəsatət qaldırıblar ki, Qubada keçirilmiş məhkəmə iclaslarında zərərçəkmiş kimi dindirilən şəxslər və zərərçəkmiş kimi tanınan sabiq icra başçısı Rauf Həbibovun nümayəndələri şahid kimi dindirilsinlər.

Vəkil Azad Vəliyev:

«Bu adamları da həmin işlərlə əlaqədar ittiham edərək tutublar. Fikrimcə, orada zərərçəkən kimi ifadə verənlərdən burada şahid ifadəsi alına bilməz».

Dövlət ittihamçısı Əhəd İbrahimov vəsatəti əsassız sayıb:

«Quba Rayon Məhkəməsində 1 mart hadisələrinə görə hökm çıxarılan işlə indiki məhkəmə işi arasında bağlılıq yoxdur».

Vəkil Azad Vəliyev:

«Quba məhkəməsinin sədri hazırkı işə baxmaqdan imtina edib. Əsas kimi eyni iş üzrə başqa məhkəmə iclasına sədrlik etdiyini göstərib».

Hakim Anar İbrahimov vəkillərin vəsatətini təmin etdi.

«QARŞILARINI ALA BİLMƏDİK, BASIB KEÇDİLƏR EVƏ»

Sonra şahid kimi Quba rayon Polis Şöbəsinin müfəttişi İmran Qarayev ifadə verdi:

«Hadisələr vaxtı Rauf Həbibovun evinin qarşısında idim. Kütlə gəldi, qarşılarını ala bilmədik, basıb keçdilər evə».

Şahid mitinqçilər arasında təqsirləndirilən şəxslərdən heç birini görmədiyini dedi.

BÖLMƏ RƏİSİ: «CAMAAT AZĞINLAŞMIŞDI»

Quba RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Emin Çələbiyev ifadəsində bildirdi ki, internetdə yayılan videogörüntüdən sonra adamlar Dədə Qorqud parkına toplaşıb. Ordan da rayon İcra Hakimiyyətinin binasının qarşısına gediblər:

- Camaatı sakitləşdirmək olmurdu, sanki qızışdırıcı mövqe vardı. Üzr istəyirəm, camaat azğınlaşmışdı.

Vəkil Azad Vəliyev:

- Təqsirləndirilən şəxslərin nədə ittiham olunduğunu bilirsiniz?

Şahid:

- Yox.

Vəkil:

- Onların hansısa qanunsuz hərəkətini görmüsünüz?

Şahid:

- Yox.

Dindirilən başqa polis işçiləri də mitinqçilər arasında təqsirləndirilən şəxslərdən heç birini görmədiklərini dedilər.

Polis zabiti Ariz Dəmirov:

«Orada prokuror, deputat çıxış edib adamlardan dağılışmalarını istəyirdilər. Biz də camaatdan dağılışmalarını xahiş edirdik. Camaat da bizə telefonlarda yayılan Rauf Həbibovun çıxışlarını göstərib deyirdilər ki, «korsuz, görmürsünüz Rauf Həbibov bizi söyüb təhqir edib».

«BİLMİRƏM, GÖRMƏMİŞƏM, EŞİTMƏMİŞƏM»

Polis işçisi Elçin Qurbanov mitinqlə bağlı sualları çox qısa – «bilmirəm, görməmişəm, eşitməmişəm» deyərək cavablayıb.

Prosesdə jurnalist Rauf Əhmədov da şahid kimi dindirilib. O deyib ki, Rauf Həbibovun «Youtube»da yayılan çıxışını İnternetdən «silmək» üçün başçının müavini onu və başqa bir neçə jurnalisti yanına çağırıb. Vüqar Qonaqov telefonla kiminləsə əlaqə saxladıqdan sonra videogörüntünün İnternetdən çıxarılma yollarını müavinə başa salıb.

Təqsirləndirilən Gülağa Ağayev:

- Rauf Həbibovun çıxışını necə qiymətləndirirsiniz – təhqirdir, yoxsa yox?
Quba etiraz - 11 mart 2012
Quba etiraz - 11 mart 2012

Şahid:

- Təhqir kimi qiymətləndirirəm.

Vəkil Tofiq Allahverdiyev sabiq icra başçısının Qubada 21 adda əmlaka sahibləndiyi, həmin əmlakların ümumilikdə 20 milyon manatdan artıq dəyərinin olması haqda siyahıya toxundu. O, şahidə bu məlumatların yayılmasının qanuni və ya qanunsuz olması barədə sual verdi.

Şahid:

- Heç bir qanunsuzluq görmürəm. Həmin məlumatlar həqiqət deyildisə, icra başçısının məhkəməyə müraciət etmək hüququ vardı.

Vəkil (təqsirləndirilən Zakir Məmmədovu göstərərək):

- İcra başçısının əmlakları barədə siyahı tutulması qanunazidd hərəkət deyil. Ona görə də xahiş edirəm, bu adama verilmiş 309-cu maddə (vəzifə səlahiyyətlərini aşma) ittihamdan xaric edilsin.

Qeyd edək ki, Zakir Məmmədov Əmlak Məsələləri Dövlət Komitəsi Quba şöbəsinin əməkdaşı olub.

Rauf Həbibovun nümayəndəsi siyahının həqiqəti əks etdirmədiyini deyəndə, təqsirləndirilən sahibkar Gülağa Ağayev belə cavab verdi:

«Rauf Həbibov həmin əmlakı qaynanası Şərqiyyə Axundovanın, köməkçisi Emil Babaşovun adına rəsmiləşdirib. Prokurordan korrupsiya faktlarının araşdırılmasını xahiş edirəm».

Dövlət ittihamçısı Gülağa Ağayevin dediklərinə reaksiya verməyib.

Məhkəmə yanvarın 14-də davam edəcək.
XS
SM
MD
LG