Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:12

Xabıcın müdafiəsi (Seyfəddin Hüseynlinin tərcüməsində)


-

"Ancaq indilərdə ona gəlib çatan cingilti yaman cəlbediciydi! Az qala həmin o səs qədər! Yoxsa Xabıcın yadından çıxır o səs, ruhundan silinib gedir yoxsa?!

Bəlkə elə divardakı tüfəngi götürsün, silib parıldatsın, sonra da… "



Abxaz yazıçının müharibə haqda hekayəsi. Müəllifin icazəsi ilə çap edilir.


Daur Naçkebia


XABICIN MÜDAFİƏSİ

(Rus dilindən Seyfəddin Hüseynli tərcümə edib)


Xabıc – «İki ordu bir-birini biçib-tökürdü, Xabıc isə özü üçün əkin əkirdi» məsəlinin məşhurlaşdırdığı o adam bəraət qazanmaq xətrinə nəsə demişdimi, bunu bilən olmadı.

Ya bunu artıq hesab eləmişdi, ya da bəlkə cəhd göstərmişdi, ancaq uğursuz alındığından, heç yada salmağa dəyməzdi.

Müharibəyə büsbütün aludə olmuş adamlara, həm də belə vacib məqamda, özünün yer şumlamağa olan sadəlövh ehtirasını ağlabatan bir şəkildə necə çatdıra bilərdi axı!

Uzaqbaşı, mızıldanardı: “Indi əsl vaxtıdır, torpaq əkinə həsrətdir, müharibəyə nə var, qaçmır ki...”

Onu heç cür başa düşməzdilər: uşaq söhbətidir, kişiyə yaraşan söz deyil!

Xabıc, əslində, alababat üzülüşmüşdü. Daha sərt rəftar əvəzinə, yalnız nəsildən-nəslə keçən ağır töhmətlə canını qurtarmışdı.

Hər nə isə, budur, bəlkə yüzillərdir ki, o, dinməz-söyləməz, kotanın arxasınca addımlayır, həndəvərində isə dalbadal savaş sədaları gurlayır.

Hələ bığ yeri tərləməmiş cavanca oğlan kimi, kotandan yenicə yapışdığı ilk gündən bu səs-küy onu boğaza yığıb.

Kotandan söz düşmüşkən: ona qoca atasından yadigar qalmışdı, elə bil tamam torpaqdandı, deyərdin, indicə üstündə ot göyərəcək.

Dava-şavadan uzaq durmaq, görünür, atasının da kəsir cəhətiymiş.

Kotanın köhnəliyinə baxanda, adamı heyrət bürüyürdü ki, gör neçə müddət ərzində bu cür biabırçı işdən ötrü can qoyub.

Belə olmasaydı, yəqin ki, oğluna da az-çox döyüşkənlik keçərdi ondan. Ortalıqdakı tüfəng haqqında isə atası heç kəlmə də kəsməmişdi: yəni, qoy o orda paslanmağında olsun, sən kotana yiyə dur!

Atası da günahkardı bu cəhətdən, ancaq məsəl kimi dillərdə dolaşmaq ona nəsib olmamışdı.

Yəqin, altdan-altdan iş görmüş, gözləri yağır eləməmişdi. Ya da onun vaxtında əkinçinin böyür-başında döyüş getməsi o qədər adi hal imiş ki, buna fikir verən olmayıbmış.

İşə bir bax: müharibə hara, əkinçi hara! Hələ əkinçilər, hal-xasiyyət dəyişib, döyüşçüyə çevrilməyibmişlər o vaxtlar.

Neyləməli, öz cılız bədənlərini, ruhlarını bu cür, hədsiz laqeydliklə təsadüfün ümidinə buraxan savaş həvəskarlarının yoluxucu nümunəsi ilikləri titrədirdi, odur ki, çoxları, heç başladığı şırımı axıra çatdırmamış, həm kotanı, həm də zorba öküzləri düzün ortasında buraxır, birbaş döyüşə cumurdu…

Cavan Xabıc qamçısını yellədir, hələlik tam yerində oturuşmayan gücünü toplayıb kotanın üstündən basır, öküzlərsə onu ağır-ağır dartırdılar.

Həmin anlarda, döyüşün bezdirici hay-küyü arasından, ömrü boyu qulağına dolan səslərdən ən ləzzətlisini dinləyirdi: şumlanan torpaq güclə duyulan, boğuq iniltiylə, hərarətlə rahat-rahat nəfəs alırdı...

Xabıc duruxdu. Sonra tamam dayandı, bununla da, gözlərinin ağımtıl həlqəsiylə onu çəpəki süzən öküzləri karıxdırdı.

Özünə gəlib öküzləri haylayanda, onlar isə heysiz-heysiz hərəkətə gələndə o səsi bir də eşitdi.

Birdən döyüşün qorxunc uğultusu az qaldı o səsi boğsun.

Ancaq onda da, sonra da, uzun illər boyunca Xabıc elə hey o səsi eşitməkdəydi: bircə o səsi eşidirdi və başqa heç bir hay-küy onu üstələyə bilmirdi…

İndi Xabıc daha cavan deyil: zaman onun üzündə dərin qırışlar açıb. Qəmli-qəmli sobanın önündə oturub, özü də istəmədən, hardasa uzaqlarda baş verənlər haqda xəbərləri dinləyir.

Qəlbində qoruyub saxlasa da, əkindən aralı qaldığı vaxtda qulaqlarından gen düşdüyündən, o sevimli səsi yadırğayıb; indi savaş sədalarına diqqət kəsilib.

“Elə pis hava var, heç kaftar pişiyi də bayıra buraxmazsan, amma onların, o yaramazların heç vecinə də deyil”, - təəccüblə, xəfif bir heyrət içində bunları düşünən Xabıc divardan asılı qalmış köhnə tüfəngə xəlvəti nəzər saldı.

Əkin-biçinsiz keçən cansıxıcı qış boyu, maraq üzündən, dəfələrlə istəmişdi ki, gedib, bu qədər vaxtda yorulub-usanmadan bir-birini qıran zırramalara tamaşa eləsin, amma bir-iki aydan sonra yenidən eşidəcəyi həmin səsi xatırlayanda, özünün bu səfeh, əkinçiyə yaraşmayan həvəsini boğmuşdu.

Ancaq indilərdə ona gəlib çatan cingilti yaman cəlbediciydi! Az qala həmin o səs qədər! Yoxsa Xabıcın yadından çıxır o səs, ruhundan silinib gedir yoxsa?!

Bəlkə elə divardakı tüfəngi götürsün, silib parıldatsın, sonra da…

Qoy hələ Xabıc sobanın önündə, yalqız, qüssəli üzündə alovun şölələri sayrışa-sayrışa oturmağında olsun. Əgər birdən savaşa atılmağa qərar versə, bu dəfə onu təmizə çıxaran yeni bir məsəl, hər halda, bizim də qulağımıza çatacaq.

Köhnə məsəldə isə onun müharibənin möhtəşəm sədalarına qulaq verməməsindən bəhs edilir.

Biz ki bilirik: Xabıc tamam başqa – qulaqbatırıcı yox, pıçıltı kimi həlim, təsirli və əbədi bir səsin sehrinə düşüb.
XS
SM
MD
LG