Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

İ.Əliyev: «Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır»


Arxiv foto
Arxiv foto
-

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Xəbəri president.az saytı yayıb.
Prezident İlham Əliyev çıxışında deyib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar böyük tarixi hadisədir.
“Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir”.

İLHAM ƏLİYEV: «MEHRİBAN ƏLİYEVANIN RƏHBƏRLİYİ ALTINDA...»
İlham Əliyev 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” beynəlxalq mahnı müsabiqəsini, həmin vaxt da Təşkilat Komitəsinin rəhbərinin Mehriban Əliyevanın olduğunu xatırladıb: “Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq”.
Mehriban Əliyeva (Foto:Prezident.az)
Mehriban Əliyeva (Foto:Prezident.az)
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva hazırlıq işləri ilə bağlı danışıb. Deyib ki, Avropa Oyunları 2015-ci ilin iyun-iyul aylarında keçiriləcək. Beş min idmançının iştirak edəcəyi bu tədbirə qatılacaq rəsmi nümayəndə heyətlərinin sayı 1000 olacaq. Tədbiri 2000 beynəlxalq KİV nümayəndəsi işıqlandıracaq. İlkin razılığa əsasən, oyunların proqramına 28 Olimpiya idman növündən minimum 12 və 2 qeyri-Olimpiya idman növü daxil edilib. Artıq yarışların keçiriləcəyi yerlər də müəyyən olunub.
İlham Əliyev idman obyektlərinin hazırlanması, yeni idman qurğularının tikintisi ilə bağlı işlərin vaxtında aparılmasının vacib olduğunu deyib. Prezident idmançıların və qonaqların yerləşdirilməsi, yeni otellərin tikilməsi, turizm marşrutlarının müəyyən edilməsi, nəqliyyat, təhlükəsizlik sahəsində tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

«BAKI ŞƏHƏRİ DÜNYANIN ƏN TƏHLÜKƏSİZ YERLƏRİNDƏN BİRİDİR»

«Azərbaycan, o cümlədən Bakı şəhəri dünyanın ən təhlükəsiz yerlərindən biridir. Orta hesabla ölkəmizdə gün ərzində təqribən 30-40 cinayət baş verir. Onların mütləq əksəriyyəti ağır cinayətlər deyil».

Prezident deyib ki, gün ərzində 30-40 cinayətin baş verməsi 9 milyon 300 min əhalisi olan ölkə üçün çox kiçik bir rəqəmdir. «Kriminogen durumun bu səviyyədə qalması üçün profilaktik tədbirlər görülməlidir».

«ÖLKƏ BAŞÇISI KİMİ MÜXTƏLİF ŞƏHƏRLƏRDƏ TIXACLARDA QALMAQ MƏCBURİYYƏTİNDƏ OLMUŞAM»

Prezident çıxışında nəqliyyat məsələlərinə də toxunub: «2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə Prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır».

İlham Əliyev deyib ki, Bakıda keçirilən oyunlar bu sahəyə öz standartlarını tətbiq etməlidir: «Ondan sonra Azərbaycan, Bakı standartları digər şəhərlər üçün də nümunə ola bilər».

Prezident səhiyyə haqqında da danışıb. Deyib ki, yeni xəstəxanalar tikilir. Onların bir neçəsi bu il və 2014-cü ildə istifadəyə veriləcək: «Avadanlıq artıq dünya standartları səviyyəsindədir. Həkimlərin peşəkarlığı da artır, amma nəzərə alsaq ki, minlərlə qonaq gələcəkdir, daha da sürətlə artmalıdır».

Prezident deyib ki, həkimlərin ingilis dili kurslarına cəlb edilməsi məsələsinə baxılmalıdır. «Eurovision» ərəfəsində polis işçilərini biz bu kurslara cəlb etmişdik. Bu proses bundan sonra da davam etməlidir. Oyunlara bunun heç bir əlaqəsi olmamalıdır. Çünki Bakıya gələn xarici turistlərin sayı artır. Əlbəttə ki, polis işçiləri ingilis dilini bilməlidirlər, yəni, bilsələr yaxşı olar. O cümlədən səhiyyə işçiləri. Ümumiyyətlə, xarici dil bilmək yaxşı şeydir və hər bir gənc çalışmalıdır ki, xarici dilləri bilsin».
XS
SM
MD
LG