Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:57

Hilal Məmmədovun vəkilləri odla su arasında


Hilal Məmmədov
Hilal Məmmədov
-
Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Tolışi-Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun qapalı məhkəməsi keçirilib.

Hilal Məmmədov, hazırlıq iclasında dediyi kimi, məhkəməyə qulaqlarında pambıq, ağzında qoruyucu tənziflə gəlib. Məhkəməyə etiraz edərək üzünü divara çevirib və məhkəmə heyətinin suallarına sükutla «cavab verib».

Bu barədə AzadlıqRadiosunu onun vəkili Xalid Bağırov məlumatlandırıb:

«Hilal Məmmədov hələ hazırlıq iclasında elan etmişdi ki, məhkəmə prosesi qapalı keçirilərsə, vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq və özü də məhkəməyə gəlməyəcək. Hakim Azər Orucov məhkəmə iclaslarının qapalı keçiriləcəyini elan edəndən sonra Hilal Məmmədov vəkillərinin fəaliyyətini dondurduğunu açıqlamış və məhkəməyə gələcəkləri halda onlardan Vəkillər Kollegiyasına şikayət edəcəyini bildirmişdi. Bu gün Hilal Məmmədovu iradəsinin ziddinə olaraq məhkəməyə gətirmişdilər».

Vəkillər Vəkillər Kollegiyasından rəsmi cavab verilənədək məhkəmənin ertələnməsi barədə vəsatət qaldırıblar:

«Biz necə hərəkət edəcəyimizi bilmirik. Bir tərəfdən, Hilal Məmmədov deyir ki, vəkillər məhkəmə iclaslarına gəlsələr, Vəkillər Kollegiyasına şikayət edəcək. Digər tərəfdən də, məhkəmə iclaslarında iştirakdan imtina etdiyimizə görə hakim Azər Orucov da Vəkillər Kollegiyasına müraciət edib. Vəziyyəti aydınlaşdırmaq üçün biz də Kollegiya rəhbərliyi qarşısında məsələ qaldırmışıq. Bizə necə hərəkət etməyimizlə bağlı rəsmi cavab verilməlidir».

Məhkəmə iclası fevralın 13-dək ertələnib.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. Dövlətə xəyanətdə, milli-irqi ayrı-seçkilikdə, narkotik maddə saxlamaqda təqsirləndirilir. Onun özü həbsini siyasi sifariş sayır. İttihamlar sübuta yetirilsə, Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG