Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:32

Məhkəmə işləri – inzibati xətalar və cərimələr


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.




Maddə 311. Məhkəməyə hörmətsizlik göstərilməsi
Məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə —
on beş manatdan otuz manatadək miqdarda cərimə edilir


Maddə 312. Andlı iclasçının məhkəməyə gəlməsinə mane olma
Andlı iclasçıya tapşırılmış vəzifələrin yerinə yetirilməsi üçün onun məhkəməyə gəlməsinə vəzifəli şəxs tərəfindən hər hansı bəhanə ilə maneçilik törədilməsinə görə —
vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir

Maddə 313. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin təqdimatı üzrə tədbirlər görülməməsi
Məhkəmənin xüsusi qərardadının (qərarının) və ya hakimin təqdimatının vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə —
vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir


Maddə 313-1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi
313-1.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə —
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

313-1.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə —
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

313-1.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə —
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan altı min manatadək miqdarda cərimə edilir


Maddə 313–2. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi
313–2.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə —
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.

313–2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə —
nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

313–2.3. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə —

on beş günədək inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin 313–2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 313–2.3-cü maddəsində «inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq» dedikdə aşağıdakılar başa düşülür:
2.1. üzrsüz səbəbdən həftədə iki dəfə və daha çox ictimai işə çıxmamaq;
2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;
2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək.


Maddə 314. Bilə-bilə yalan izahat və ya rəy vermə
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə səhv tərcümə etməsinə görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir


Maddə 314-1. İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina və ya onu çatdırmama
314-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə —
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

314-1.2. Bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmamasına görə —
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.


Maddə 315. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə
315.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə —
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.

315.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə —
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək iqdarda cərimə edilir


Maddə 417. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması
417.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:
417.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;
417.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;
417.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;
417.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;
417.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;
417.0.6. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı.

Maddə 418. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin baxılmasını istisna edən hallar
418.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz:
418.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa;
418.0.2. o, şəxsən, düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa.


Maddə 419. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya onlara etiraz etmə
419.1. Bu Məcəllənin 418-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir.
419.2. Bu Məcəllənin 418-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi və nümayəndə, prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edilir.
419.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır.
419.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməsinə etiraz haqqında qərardad qəbul edilir.


Maddə 420. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi
420.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:
420.1.1. işin baxılmasının tarixinin və yerinin təyin edilməsi;
420.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371—377, 379—382-ci maddələrində göstərilən şəxslərin çağırılması;
420.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;
420.1.4. ekspertizanın təyin edilməsi;
420.1.5. işə baxılmanın təxirə salınması;
420.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;
420.1.7. Əgər bu məsələnin baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.
420.2. Bu Məcəllənin 367-ci və 415.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.
420.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.


Maddə 421. İnzibati xəta haqqında işin baxılması yeri
421.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.
421.2. Yetkinlik yaşına çatmayanların barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır.
421.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi məlumat sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.


Maddə 422. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri
422.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.
422.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər.
422.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.


Maddə 423. İnzibati xəta haqqında işə baxılması qaydası
423.1. İnzibati xəta haqqında işə baxılarkən:
423.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;
423.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;
423.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
423.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir;
423.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;
423.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.
423.2. Aşağıda göstərilən hallarda işin baxılmasının başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:
423.2.1. Əgər onun etirazı işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etiraz etmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə ərizə daxil olduqda;
423.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;
423.2.3. işdə iştirak edən şəxsin gəlməsinə və ya əlavə sənədlərin tələb olunmasına, yaxud ekspertizanın təyin edilməsinə zərurət olduqda.
423.3. Bu Məcəllənin 420.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır.
423.4. Bu Məcəllənin 421-ci maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar.
423.5. İşin baxılması davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işin baxılmasında prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.


Maddə 424. İnzibati xəta haqqında işə baxma protokolunun məzmunu
424.1. İnzibati xətalar haqqında işlərə kollegial orqan tərəfindən baxılarkən inzibati xəta haqqında işə baxma protokolu tərtib olunur.
424.2. İnzibati xəta haqqında işə baxma protokolunda aşağıdakılar göstərilir:
424.2.1. işə baxılmanın tarixi və yeri;
424.2.2. işə baxan kollegial orqanın adı və tərkibi;
424.2.3. baxılan işin qısa məzmunu;
424.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumat;
424.2.5. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;
424.2.6. işə baxılmasında iştirak edən şəxslərin izahatları, onların vəsatətləri və rəyləri;
424.2.7. işə baxılarkən tədqiq edilən sənədlər.
424.3. Kollegial orqanın iclasının protokolu iclasda sədrlik edən və katib tərəfindən imzalanır.


Maddə 425. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərar (qərardad)
425.1. İnzibati xətalar haqqında işlərə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:
425.1.1. inzibati tənbeh vermə haqqında;
425.1.2. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;
425.1.2. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.
425.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:
425.2.1. bu Məcəllənin 367-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;
425.2.2. bu Məcəllənin 15.5-ci maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq dövlət orqanlarına göndərildikdə;
425.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda icraatın xitam edilməsi və iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;
425.2.4. inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.
425.3. İnzibati xətalar haqqında işlərin baxılması nəticəsində aşağıdakı məsələlər barəsində qərardad çıxarılır:
425.3.1. baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi;
425.3.2. inzibati xəta haqqında işin başqa inzibati tənbeh növünü tətbiq etmək səlahiyyəti olan hakimə, orqana (vəzifəli şəxsə) verilməsi


Maddə 426. İnzibati xəta haqqında iş üzrə qərar
426.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:
426.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
426.1.2. işin baxılması tarixi və yeri;
426.1.3. işinə baxılan şəxs haqqında məlumat;
426.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;
426.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;
426.1.6. iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;
426.1.7. qərardan şikayət verilməsi müddəti və qaydası.
426.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir.
426.3. İnzibati xəta haqqında iş üzrə qərarda alınmış əşyalar və sənədlər barədə məsələlər həll olunmalıdır. Belə olduqda:
426.3.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;
426.3.2. dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir;
426.3.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya maraqlı şəxslərə verilir;
426.3.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.
426.4. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır


Maddə 427. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi
427.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.
427.2. Qərarın surəti üç günədək müddətdə barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir


Maddə 428. İnzibati xəta haqqında iş üzrə qərardad
428.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir:
428.1.1. qərar çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
428.1.2. Ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri;
428.1.3. Ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat;
428.1.4. Ərizənin, vəsatətin məzmunu;
428.1.5. Ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar;
428.1.6. Ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi.
428.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır.


Maddə 429. İnzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimat
429.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat verir.
429.2. Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar.

Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
430.2.1. hakimin qərarından — apellyasiya instansiyası məhkəməsinə;
430.2.2. kollegial orqanın qərarından — kollegial orqanın olduğu yerin məhkəməsinə;
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından — yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə



Maddə 431. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydası
431.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
431.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə;
431.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət – birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət – həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) vasitəsilə və ya birbaşa yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).
431.2. Bu Məcəllənin 431.1.1-ci və 431.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.
431.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
431.4. Şikayətin və ya protestin baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.
431.5. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.


Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
432.1. Qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.
432.2. Bu Məcəlləninin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.
432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.

Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri
433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.
433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.


Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlıq
434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:
434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;
434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;
434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;
434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərir.

Maddə 435. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması
435.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.
435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən:
435.2.1. şikayətin və ya protestin kim tərəfindən baxılması, hansı şikayətin və ya protestin baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;
435.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətin və ya protestin baxılmasında iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir;
435.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
435.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;
435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;
435.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir;
435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;
435.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır;
435.2.9. inzibati xəta haqqında iş üzrə icraatda iştirak etdiyi hallarda prokurorun rəyi dinlənilir.


Maddə 436. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması haqqında qərar
436.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir:
436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında;
436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında;
436.1.3. barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;
436.1.4. bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulmuş hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;
436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;
436.1.6. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında.
436.2. Şikayətin və ya protestin baxılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.


Maddə 437. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi
437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.
437.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.
437.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.


Maddə 438. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması
İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada baxılır.
XS
SM
MD
LG