Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:48

NOTARİAT HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


-

(Qaunun mətnində 2013-cü ilin yanvarına qədər olan düzəlişlər nəzərə alınıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə qanun son variantını Ədliyyə Nazirliyinin bu saytından götürə bilərsən.)

NOTARİAT HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Azərbaycan Respublikasında notariat

Azərbaycan Respublikasında notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.

Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.

Maddə 2. Notariat hərəkətlərinin aparılması zamanı tətbiq edilən qanunvericilik

Notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur.

Maddə 3. Notarius

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.
Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra - vətəndaş) ali hüquq təhsilli olmalı, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, şəxs, din xadimi vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş,qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.

Yuxarıda göstərilən tələblərə cavab verən və notarius olmaq istəyən vətəndaş notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə (bundan sonra - şəhadətnamə) almalıdır.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.

Notarius işlədiyi dövrdə hər hansı siyasi partiyada öz fəaliyyətini dayandırmalıdır.
Dövlət notariusuna "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.
Notarius Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Notariusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir.

Maddə 4. Şəhadətnamənin verilmə qaydası

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizədə şəxsin dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyi bildirilməlidir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vətəndaş müraciət etdikdən sonra 1 ay müddətində onun bu qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını araşdırmalı və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına təqdim etməlidir.

Vətəndaşın müraciətinə baxılmasının nəticəsi barədə ona yazılı qaydada məlumat verilməlidir.

Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanılır, bundan sonra onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə (bundan sonra – icbari təlim) cəlb olunurlar.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və notariat kontorlarında məsləhətçi və ondan yuxarı vəzifələrdə 2 ildən az olmayaraq işləyən şəxslər icbari təlimdən azad edilirlər.

İcbari təlimdən azad edilmiş şəxslər şəhadətnamə almaq üçün notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.

İmtahanının, və müsahibələrin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. İxtisas komissiyası

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, onun notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən beş il müddətinə 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır.

Komissiyanın sədri komissiya üzvlərinin arasından seçilir.

İxtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirməlidir.

İxtisas komissiyası daxil olan sənədlərə baxır, şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə keçirir, icbari təlimdən azad edilmiş şəxslərin peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və onun nəticəsindən asılı olaraq şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

İxtisas komissiyasına daxil olmuş sənədlər üzrə məsələlər komissiyanın iclaslarında iki ay müddətindən gec olmadan öz həllini tapmalıdır. Hər bir iclasın gedişatı və qəbul olunan qərarlar tərtib edilən protokolda öz əksini tapmalıdır.

İxtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak etdikdə səlahiyyətlidir.
İxtisas komissiyası öz qərarlarını səs çoxluğu ilə qəbul edir və bundan sonra üç gün müddətində qərarın surətini şəxsə verir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir.

Şəxs şəhadətnamənin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarının surətini aldıqdan sonra 1 ay müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər.

Haqqında mənfi qərar çıxarılmış şəxsin şəhadətnamə verilməsi barədə təkrar ərizəsi əsasında ondan yenidən imtahan qəbul edilməsinə və müsahibə keçirilməsinə yalnız belə qərar çıxarıldıqdan 1 il sonra notarius vakansiyası olduğu halda yol verilir.

Maddə 6. Şəhadətnamənin verilməsi. Şəhadətnamənin müddətinin uzadılması

İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra vətəndaş ona şəhadətnamə verilməsinə görə dövlət notariat kontorlarının və dövlət rüsumu ödəməlidir.

Dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir.

Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir.

Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumuödəməlidir.

Maddə 7. Şəhadətnamənin ləğv edilməsi

Məhkəmənin qərarı ilə şəhadətnamə yalnız aşağıdakı hallarda ləğv edilə bilər:

1) notarius bu Qanunun 3-cü maddəsinin üçüncü hissəsində, 9-cu maddəsinin 3-cü bəndində, 28-ci maddəsinin birinci hissəsində, 30-cu maddəsində, 31-ci maddəsində, 32-ci maddəsinin dördüncü hissəsində, 33, 34 və 40-cı maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda;

2) notarius tərəfindən notariat hərəkətlərini aparan zamanı dövlətə, fiziki və ya hüquqi şəxsə mühüm ziyan vurmaqla qüvvədə olan qanunvericilik dəfələrlə pozulduqda;
3) notarius Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;

4) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

5) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda;

6) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

Bu maddənin birinci hissəsinin 1-6-cı bəndlərində sadalanan hallardan biri mövcuddursa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı şəhadətnamənin ləğv edilməsi barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmənin notariusun şəhadətnaməsinin ləğv edilməsi barədə qərarı qanuni qüvvəyə mindikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı notariusun fəaliyyətinə xitam verilməsi üçün lazımi tədbirləri həyata keçirməlidir.

Aşağıdakı hallarda notariusun şəhadətnaməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər:

1)notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə;

2)şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə;

3)notarius vəfat etdikdə;

4)notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

5)şəhadətnamənin müddəti uzadılmadıqda;

6)notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (müvafiq icra hakimiyyəti orqanının rəyi olduqda).

7) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

8) notarius 65 yaşa çatdıqda.

Maddə 8. Notariusun hüquqları

Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər.

Maddə 9. Notariusun vəzifələri

Notarius öz vəzifələrini yerinə yetirərkən:
1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;
2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;
3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

Maddə 10. Notariusun şəxsi möhürü, ştampı və blankları

Azərbaycan Respublikasında hər bir notariusun ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat kontorunun künc ştampı və blankları olmalıdır.
Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat kontorunun adı göstərilməlidir.

Maddə 10-1. Xüsusi notariusun andı

xüsusi notariusun şəhadətnamə aldıqdan sonra fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı məzmunda and içir:

"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət tərəfindən mənə verilən hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata keçirəcəyimə, notariat sirrini qoruyacağıma and içirəm".

Andiçmə bir dəfə olur. Andın xüsusi notarius tərəfindən imzalanmış mətni onun şəxsi işində saxlanılır.

Maddə 11. Notariusun maddi məsuliyyəti

Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.
Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.

II fəsil
NOTARİAT FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNİN ƏSAS MÜDDӘALARI

Maddə 12. Notariat fəaliyyəti üzrə kargüzarlıq və hesabat

Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında təlimatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik və mühasibat hesabatları aparmalı, notariat hərəkətləri və tutulan dövlət rüsumları, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verməlidirlər.

Maddə 13. Notariat fəaliyyəti üzrə kargüzarlığın dili

Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.

Maddə 14. Notariat fəaliyyətinə nəzarət

Azərbaycan Respublikasında notariat kontorlarının, notariusların və şəhadətnamə almaq üçün icbari təlimə cəlb olunanların sayı, habelə notariusların fəaliyyət göstərdikləri inzibati ərazi, notariat kontorunun yerləşdiyi yer, əhalinin və notariat hərəkətlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Hər bir notariusun notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır.
Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.

Yoxlamanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 14-1. Notariusların peşə hazırlığı və ixtisasının artırılması
Notariuslar mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.

III fəsil
DÖVLƏT İDARƏLƏRİNDƏ NOTARİAT FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

Maddə 15. Dövlət idarələrində notariat fəaliyyətini həyata keçirən subyektlər

Dövlət vasitəsi ilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər.

Maddə 16. Dövlət notariusu

Dövlət notariusu vəzifəsinə şəhadətnamə almış vətəndaşlar arasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təyin edir.
Dövlət notariusunun həvəsləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi məsələlərini "Ədliyyə orqanlarında qulluq keçmə haqqında"Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həll edir.

Maddə 17. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri

Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;
14) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
15) icra qeydləri aparır;
16) veksellərə protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən notariuslara həvalə edilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Maddə 18. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri

Notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar:
1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər;
2) vəsiyyətnamələri təsdiq edirlər;
3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər;
4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;
5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər.

Maddə 18-1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər tərəfindən aparılan notariat hərəkətləri

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər.

Maddə 19. Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətləri

Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri aşağıdakı notariat hərəkətlərini aparırlar:
1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla, əqdləri və etibarnamələri təsdiq edirlər;
2) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verirlər;
5) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;
6) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edirlər;
8) şəxsin sağ olması faktını təsdiq edirlər;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edirlər;
10) şəxsin fotoşəkildəki şəxslə eyniliyini təsdiq edirlər;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edirlər;
12) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
13) icra qeydləri aparırlar;
14) sənədləri saxlanmaq üçün qəbul edirlər;
15) dəniz protestləri tərtib edirlər;
16) sübutları təmin edirlər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinə digər notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Maddə 20. Dövlət notariat kontorları

Dövlət notariat kontorlarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yaradır və ləğv edir.

Böyük dövlət notariusu, dövlət notariusu, məsləhətçi və lazımi texniki işçi ştatlarından istifadə etməklə dövlət notariat kontorlarının ştat cədvəlini və iş qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dövlət notariat kontorunun fəaliyyətinə rəhbərliyi böyük dövlət notariusu "(dövlət notariusu), nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Dövlət notariat kontorları dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Maddə 21. Dövlət notariat arxivi

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının yanında 75 ilə qədər notariat sənədlərinin saxlanması üçün dövlət notariat arxivi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət notariat arxivinin ştat sayını müəyyən edir və dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətinə dair Əsasnaməni təsdiq edir.

Dövlət notariat arxivi hüquqi şəxsdir. Onun fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin (azad) edilən müdir həyata keçirir.

Dövlət notariat arxivinin müdiri (onu əvəz edən vəzifəli şəxs) bu arxivdə saxlanılan sənədlərdən dublikatlar verir, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq edir.
Dövlət notariat arxivinin öz adı və Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü olur.

Dövlət notariat arxivi dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

IV fəsil
XÜSUSİ QAYDADA NOTARİAT FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

Maddə 22. Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün xidməti sığorta

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədi ilə belə fəaliyyətlə məşğul olmaq istəyən vətəndaş öz məsuliyyətini sığortalamalı və ya üç yüz otuz manatdan az olmamaq şərti ilə bankda xüsusi hesaba sığorta girovu keçirməlidir.

Maddə 23. Xüsusi notariusların zəmanət kassaları

Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 5 faizini təşkil edir.
Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsddən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün sığorta girovundakı vəsait kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir.

Maddə 24. Xüsusi notariusların qeydiyyatı

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəhadətnamə almış və xidməti sığorta müqaviləsini bağlamış (bank idarəsinə xüsusi hesaba sığorta girovu keçirmiş) vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçərək xüsusi notariusun qeydiyyat vəsiqəsini almalıdır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusun qeydiyyat vəsiqəsini şəhadətnaməyə malik olan vətəndaşdan müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış yer barədə sənədi və xidməti sığorta müqaviləsinin (sığorta girovu haqqında sənədin) surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir.

Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun fəaliyyət göstərdiyi inzibati ərazi, iş yerinin ünvanı və etibarlılıq müddəti göstərilməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariusun fəaliyyət göstərdiyi ərazi dairəsində dəyişiklik edilə bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vətəndaşa xüsusi notariusun qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq məlumat verməlidir.
Xüsusi notarius qeydiyyat vəsiqəsini aldıqdan sonra altı ay ərzində üzürlü səbəb olmadan və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirilməsinə başlamazsa, onun qeydiyyat vəsiqəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən etibarsız elan olunmalıdır.

Qeydiyyat vəsiqəsinin əsassız olaraq etibarsız elan olunmasından bu barədə qərar çıxarıldıqdan sonra inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Maddə 25. Xüsusi notariusun işinin təşkili

Xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya icarəyə götürülmüş və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.
Xüsusi notarius mülki hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar, o cümlədən valyuta hesabı aça bilər.

Xüsusi notarius Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün tətbiq edilən blanklardan istifadə etməlidir.
Xüsusi notariusun iş rejimi, xüsusi notariat kontorunun ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Notariat fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir.
Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır.

Maddə 26. Xüsusi notariusun apardığı notariat hərəkətləri. Xüsusi notariusun fəaliyyətinə xitam verilməsi

Xüsusi notarius bu qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi notariusa başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.
Notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusa yazılı və ya şifahi xəbərdarlıq edilə bilər.
Azərbaycan respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıda göstərilən hallarda qeydiyyat vəsiqəsi ləğv edilməklə xüsusi notariusun fəaliyyətinə xitam verilir:
1) xüsusi notarius öz fəaliyyətinə xitam vermək barədə yazılı ərizə verdikdə;
2) xüsusi notariusun şəhadətnaməsi ləğv olunduqda;
3) xüsusi notariusun şəhadətnaməsinin müddəti başa çatdıqda;
4) xüsusi notariusun qeydiyyat vəsiqəsi etibarsız elan olunduqda.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusun şəhadətnaməsi və qeydiyyat vəsiqəsi ləğv edildikdə onun fəaliyyətinə xitam verilir.
Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun işlədiyi notariat kontoru Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər.
Notariat kontoru ləğv edildiyi halda, xüsusi notarius işləmiş şəxs aparılmış notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir.

V fəsil
NOTARİAT HƏRƏKƏTLƏRİNİN APARILMASININ ƏSAS QAYDALARI

Maddə 27. Notariat hərəkətlərinin aparılması qaydaları

Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir.

Maddə 28. Notariat hərəkətlərini aparmaq hüquqlarının məhdudlaşdırılması

Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır.
Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur.

Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır.

Maddə 29. Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq

Dövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan vəsaitlərdən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur.

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.

Notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidirlər.

Maddə 30. Dövlət rüsumu

Dövlət notariusları və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu alırlar.
Dövlət rüsumunun dərəcələri qanunla müəyyən edilir.

Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.
Notariat hərəkətlərinə görə dövlət rüsumu dövlət notariusu tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Maddə 31.(Çıxarılıb)

Maddə 32. Notariat hərəkətləri sirrinin saxlanılması

Notariat hərəkətləri barədə arayışlar və sәnәdlәr yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumatlar maliyyə monitorinqi orqanına verilir.
Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir.
Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir. Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir.
Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notarius daşınmaz əmlakla bağlı müqavilələri təsdiqlədikdə və ya vərəsəlik şəhadətnamələri verdikdə, müvafiq sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərir.
Notariuslar, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar.
Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir.
Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin ölümündən sonra verilə bilər.
Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımalıdırlar.
Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq vəzifəsindən azad edə bilər.

Maddə 33. Notariat hərəkətlərinin aparıldığı yer

Notariat hərəkətləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər.
Notariat hərəkətləri dövlət notariat kontoru, müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının konsulluqları yerləşən və ya xüsusi notarius işləyən binada (otaqda) aparılmalıdır.
Xəstəlik nəticəsində, əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda şəxsin dövlət notariat kontoruna, müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının konsulluqları yerləşən və ya xüsusi notariusun işlədiyi binaya (otağa) gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqq ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən sonra notariat hərəkətləri bu binalardan (otaqlardan) kənarda da aparıla bilər.

Maddə 34. Notariat hərəkətlərinin aparılma müddəti

Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqq ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu gün aparılır.
İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.
Notariat hərəkətinin təxirə salınması və ya dayandırılması üçün başqa əsaslar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər.

Maddə 35. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər.
Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.
Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.
Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.
Notarius və müvafiq icra hakimiyyəti orqanı idarələrin, müəssisələrin, təşkilatların onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imzalarının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etməyə bilərlər.

Maddə 36. Notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədlərin tələb edilməsi

Notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək hüququ vardır.
Müvafiq məlumat və sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.

Maddə 37. Təsdiq edilən əqdlərin və sənədlərin mətnlərinə dair tələblər

Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir.

Maddə 38. Təsdiq qeydlərinin aparılması və şəhadətnamələrin verilməsi

Əqdlər təsdiq edilərkən, sənədlərdən surətlərin və çıxarışların düzgünlüyü, sənədlərdə imzanın həqiqiliyi, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyü, sənədin təqdim olunduğu vaxt təsdiq edilərkən notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs həmin sənədlərdə möhür vurmaqla təsdiq qeydi aparılmalıdır.
Vərəsəlik, mülkiyyət hüququ, şəxsin sağ olması faktı, şəxsin fotoşəkildəki şəxslə eyniliyi, sənədlərin saxlanmaq üçün qəbul edilməsi təsdiq olunarkən müvafiq şəhadətnamələr verilməlidir.

Maddə 39. Notariat qaydasında təsdiq edilmiş sənədlərlə bərabər tutulan sənədlər

Aşağıdakılar notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulur:

1) Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan etibarnamələr və 1181-ci maddəsində nəzərdə tutulan vəsiyyətnamələr aiddir.
2) səfər zamanı Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmilərində və ya daxili səfər gəmilərində olan şəxslərin həmin gəmilərin kapitanlarının təsdiq etdiyi vəsiyyətnamələri;
3) geoloji-kəşfiyyat və buna bənzər başqa ekspedisiyalarda olan şəxslərin həmin ekspedisiyaların rəislərinin təsdiq etdiyi vəsiyyətnamələri;
4) hərbi qulluqçuların vəsiyyətnamələri və etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin, hərbi məktəblərin yerləşdiyi, lakin dövlət notariat kontorlarının, xüsusi notariusların, habelə notariat hərəkətləri aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların ailə üzvlərinin həmin hissələrin, birləşmələrin, idarələrin və məktəblərin komandirlərinin (rəislərinin) təsdiq etdiyi vəsiyyətnamələri və etibarnamələri;
5) cəzaçəkmə müəssisələrində olan şəxslərin cəzaçəkmə müəssisələrinin rəislərinin təsdiq etdiyi vəsiyyətnamələri və etibarnamələri.
Bu maddədə göstərilən sənədləri təsdiq edən vəzifəli şəxslər vəsiyyətnamə və etibarnamələri qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etməklə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edirlər.
Bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dərhal dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa verməyə borcludurlar.
Bu Qanuna uyğun olaraq dəniz gəmilərinin kapitanları təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa göndərilməsi üçün Azərbaycan Respublikası limanının rəisinə və ya xarici limanda Azərbaycan Respublikasının konsulluğuna verməyə borcludurlar.
Vəsiyyətçinin Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayıbsa və ya vəsiyyətçinin yaşayış yeri məlum deyildirsə, vəsiyyətnamə Azərbaycan Respublikasının dövlət notariat arxivinə göndərilir.
Dövlət notariat arxivinin müdiri və ya notarius saxlanılmaq üçün daxil olan vəsiyyətnamənin qanuniliyini yoxlamağa və onun qanuna uyğun olmadığını müəyyən etdikdə, bu barədə vəsiyyətçiyə və vəsiyyətnaməni təsdiq etmiş vəzifəli şəxsə xəbər verməyə borcludur.
Dövlət notariat arxivi və ya notarius bu maddədə göstərilən şəxslərdən saxlanılmaq üçün daxil olmuş vəsiyyətnamələrin dublikatını verirlər.

Maddə 40. Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi

Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər:
1) hərəkətin aparılması qanuna zidd olduqda;
2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;
3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;
4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;
5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;
6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.

Maddə 41. Notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən məhkəməyə şikayət verilməsi

Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.
Azərbaycan Respublikası konsulluqlarının apardığı notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlərə Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən olunmuş qaydada baxılır.

Maddə 42. Qanun pozuntusunu aşkara çıxardıqda notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin gördükləri tədbirlər

Notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir.
Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir.

M a d d ə 42-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

Notariuslar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyatlara dair məlumatların təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.

Maddə 43. Notariat hərəkətlərinin qeyd edilməsi

Notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.
Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 44. Notariat qaydasında təsdiq edilmiş sənədin dublikatının verilməsi

Notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, bu Qanunun 35-ci maddəsinin birinci hissəsində sadalanan şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.
İtirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Notariusun və ya müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə notarius və ya müvafiq icra hakimiyyəti orqanı verir.

V fəsil
ƏQDLƏRİN TƏSDİQ EDİLMƏSİ

Maddə 45. Notariat qaydasında təsdiq edilən əqdlər

Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.
Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.

Maddə 46. Əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması

Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.
Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.
Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır.
Qadağan olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.
Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər həmin əmlakın olduğu yer üzrə təsdiq olunur.

Maddə 47. Vəsiyyətnamələrin təsdiq edilməsi

Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir.
Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

Maddə 48. Vəsiyyətnamələrin ləğv edilməsi və dəyişdirilməsi qaydası

Notarius, dövlət notariat arxivinin müdiri, müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqdavəsiyyətnamənin notariat kontorunda, dövlət notariat arxivində və ya müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi binada saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir.
Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqındakı ərizədə olan imza mütləq notariat qaydasında təsdiq olunmalıdır.
Notarius və ya müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərməlidir.

Maddə 49. Etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsi

Notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.
Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər.
Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibar etmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.
Etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.
Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 50. Əqdlərin məzmununu ifadə edən sənədlərin nüsxələrinin miqdarı

Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan sənədlər notariusa və ya müvafiq icra hakimiyyəti orqanına azı iki nüsxədə təqdim olunmalı, nüsxələrdən biri notariusun və ya müvafiq icra hakimiyyəti orqanının işlərində saxlanmalıdır.

VII fəsil
MİRAS ӘMLAKIN MÜHAFİZƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLMƏSİ

Maddə 51. Miras əmlakın mühafizəsi

Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması məqsədilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.

Maddə 52. Miras əmlakın siyahıya alınması və saxlanılmaq üçün verilməsi

Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.
Əmlak idarəçisi miras əmlakın israfı və ya gizlədilməsinə görə məsuliyyət barədə, eləcə də vurulmuş zərərə görə maddi məsuliyyət haqqında xəbərdar edilməlidir.

M a d d ə 53. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.

Maddə 54. Miras əmlakdan zəruri xərclərin ödənilməsi

Vərəsələr mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək notarius miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:
1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;
2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;
3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;
4) miras əmlakın mühafizəsi və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.
Miras əmlakın tərkibində pul məbləği olmadıqda, notarius bu maddənin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.

Maddə 55. Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması

Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.
Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

Maddə 56. Miras əmlakın mühafizəsinin dayandırılması

Miras əmlakın mühafizə edilməsi miras qəbul edilənədək, miras qəbul olunmadıqda isə mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər keçənədək davam edir.

VIII fəsil
VƏRƏSƏLİK HÜQUQU HAQQINDA ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

Maddə 57. Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri

Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası

Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır.
Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir.

Maddə 59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi

Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Maddə 60. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi

Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.
Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

IX fəsil
ƏR-ARVADIN ÜMUMİ ӘMLAKINDAKI PAYA MÜLKİYYƏT HÜQUQU HAQQINDA ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ

Maddə 61. Birgə ərizə əsasında şəhadətnamənin verilməsi

Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.
Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.
Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.

Maddə 62. Ər-arvaddan biri öldükdə şəhadətnamənin verilməsi

Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.
Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər.
Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.

X fəsil
YAŞAYIŞ EVLƏRİNİN AÇIQ HƏRRACDAN ALINMASI BARƏDƏ ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

Maddə 63. Yaşayış evinin açıq hərracdan alınması barədə şəhadətnamənin verilməsi

Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirilməlidir.
Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir.
Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutmaması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir.

XI fəsil
SƏNƏDLƏRİN SURƏTLƏRİNİN VƏ SƏNƏDLƏRDƏN ÇIXARIŞLARIN DÜZGÜNLÜYÜNÜN, İMZANIN HƏQİQİLİYİNİN VƏ TƏRCÜMƏNİN DÜZGÜNLÜYÜNÜN TƏSDİQ EDİLMƏSİ

Maddə 64. Sənədlərin surətlərinin düzgünlüyünün təsdiq edilməsi

Notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

Maddə 65. Sənədlərin surətlərindən çıxarılmış surətlərin düzgünlüyünün təsdiq edilməsi

Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Axırıncı halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.

Maddə 66. Sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.
Sənədlərdən çıxarışların düzgünlüyü bu Qanunun 64-cü və 65-ci maddələri ilə nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

Maddə 67. Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi

Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.
Əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzürlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər.
Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

Maddə 68. Tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.
Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.
Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.
Sənədlərin tərcüməsi bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.

XIII fəsil
FAKTLARIN TƏSDİQ EDİLMƏSİ

Maddə 69. Şəxsin sağ olması faktının təsdiq edilməsi

Notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq etməli və maraqlı şəxslərə bu halı təsdiq edən şəhadətnamə verməlidir.
Yetkinlik yaşına çatmamışın sağ olması faktı onun qanuni nümayəndələrinin (valideynlərin, övladlığa götürənlərin, qəyyumların və ya himayəçilərin) xahişi ilə təsdiq edilir.

Maddə 70. Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi

Notarius şəxsin xahişi ilə onun müəyyən yerdə olması faktını təsdiq etməli və maraqlı şəxslərə bu halı təsdiq edən şəhadətnamə verməlidir.
Yetkinlik yaşına çatmamışın müəyyən yerdə olması faktı onun qanuni nümayəndələrinin (valideynlərin, övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) xahişi ilə təsdiq edilir.

Maddə 71. Şəxsin fotoşəkildəki şəxslə eyniliyinin təsdiq edilməsi

Notarius şəxsin xahişinə əsasən onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, həmin halı təsdiq etməli və bu barədə həmin şəxsə şəhadətnamə verməlidir.
Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona bu məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.

Maddə 72. Sənədin təqdim olunduğu vaxtın təsdiq edilməsi

Notarius ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq etməli və bunun üçün sənəddə onu təqdim edən şəxsi göstərməklə təsdiq qeydi aparmalıdır.

Maddə 73. Ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin verilməsi

Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən ərizələrini başqa şəxslərə, idarələrə, müəssisələrə və təşkilatlara verir.
Ərizələr geri məlumat verilməsi şərti ilə poçt vasitəsi ilə və ya imza etdirmək şərti ilə şəxsən verilir. Ərizələr həmçinin texniki vasitələrdən istifadə etməklə verilə bilər.
Ərizə verən şəxsin xahişi ilə ona ərizənin başqasına verilməsi haqqında şəhadətnamə verilməlidir.

XIV fəsil
ÖHDƏLİYİN İCRA PREDMETİNİN SAXLANMAĞA, PUL MƏBLƏĞLƏRİNİN, QİYMƏTLİ KAĞIZLARININ VƏ VƏSİYYƏTNAMƏLƏRİN RƏSMƏN DEPOZİTƏ QƏBUL EDİLMƏSİ

Maddə 74. Pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsi

Notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187-ci maddəsində nəzərdə tutulmuş vəsiyyətnamələrin saxlanmasını onların depozitə qoyulması ilə təmin edir.
Notarius öhdəliyin icra predmetinin pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir.
Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini və qiymətli kağızları depozitə öhdəliyin icrası yerinin notariusu qəbul edir.
Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.
Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.
Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

Maddə 75. Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmetinin, depozitə qəbul edilmiş pul məbləğlərinin və qiymətli kağızların qaytarılması

Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 538-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılır.
Pul məbləğlərinin və qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq verilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.

XV fəsil
İCRA QEYDLƏRİ

Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.
İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır.
Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir.
Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 77. İcra qeydlərinin məzmunu

İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:
1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;
2) tələbkarın adı və ünvanı;
3) borclunun adı və ünvanı;
4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə;
5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;
6) icra qeydinin aparıldığı tarix (il, ay, gün);
7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say;
8) icra qeydini aparan notariusun imzası, möhürü.

Maddə 78. İcra qeydləri üzrə ödəniş qaydası

İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 79. İcra qeydlərinin təqdim olunma müddəti

Tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər.
İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

XVI fəsil
VEKSELLƏRƏ PROTESTLƏRİN TƏRTİB EDİLMƏSİ, ÇEKLƏRİN ÖDƏNİLMƏK ÜÇÜN TƏQDİM OLUNMASI VƏ ÇEKLƏRİN ÖDƏNİLMƏDİYİNİN TƏSDİQ EDİLMƏSİ

Maddə 80. Veksellərə protest verilməsi

Notariuslar baratlı və sadə veksel haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protest verirlər.

Maddə 81. Çeklərin ödənilməyə təqdim olunmaq üçün qəbul edilməsi və çeklərin ödənilmədiyinin təsdiq olunması

Ödəyicinin olduğu yerdəki notariuslar çekin verildiyi gündən on gün keçdikdən sonra, xarici çeklər üzrə isə çekin verildiyi gündən altı ay keçdikdən sonra, lakin bu müddətdən sonra gələn gün saat 12-dən gec olmayaraq təqdim edilmiş çekləri ödənilməyə verilmək üçün qəbul edirlər.
Çek ödənilmədikdə notarius çek üzərində müəyyən olunmuş formada qeyd aparmaqla çekin ödənilmədiyini təsdiq edir və bunu reyestrdə qeyd edir. Notarius çek üzərində qeyd aparmaqla yanaşı, çek verənə onun çekinin bank tərəfindən ödənilmədiyini və çek üzərində qeyd yazıldığı barədə xəbərdarlıq məktubu göndərir.
Çekin ödənilmədiyi hallarda notarius çek saxlayanın xahişi ilə icra qeydi aparır.

XVII fəsil
DƏNİZ PROTESTLƏRİNİN TƏRTİB EDİLMƏSİ

Maddə 82. Dəniz protesti haqqında ərizə

Notarius səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitanının ərizəsini qəbul edir.
Dəniz protesti haqqında ərizə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının limanında notariusa verilməlidir.
Dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün gəmi jurnalı və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarış qanunvericiliklə müəyyən olunmuş müddətdə nəzərdən keçirilmək üçün notariusa təqdim edilməlidir.

Maddə 83. Dəniz protesti haqqında aktın tərtib edilməsi

Notarius gəmi kapitanının ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən dəniz protesti haqqında akt tərtib edir və onu öz imzası və möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi kapitana və ya onun müvəkkil etdiyi şəxsə verilir.

XVIII fəsil
SƏNƏDLƏRİN SAXLANILMAQ ÜÇÜN QƏBUL EDİLMƏSİ

Maddə 84. Sənədlərin saxlanılmaq üçün qəbul edilməsi

Notariuslar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər. Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır.
Sənədlər notariusun iştirakı ilə lazımi qaydada qablaşdırılmışdırsa, notarius şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edə bilər.
Qablaşdırma notariusun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhlil verən şəxsin imzaları ilə təsdiq edilməlidir.
Sənədləri saxlanılmaq üçün təhlil vermiş şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir.

Maddə 85. Saxlanılmaq üçün qəbul edilmiş sənədlərin qaytarılması

Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmağa təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılmalıdır.

XIX fəsil
SÜBUTLARIN TƏMİN EDİLMƏSİ

Maddə 86. Məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutların təmin edilməsi

Notarius məhkəmədə, istintaq və ya təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.
Notarius maraqlı şəxslərin ona müraciət etdikləri zaman məhkəmənin, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir.

Maddə 87. Sübutların təmin edilməsi sahəsində notariusun hərəkətləri

Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir.
Sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən notarius Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin müvafiq normalarını rəhbər tutur.
Notarius sübutların təmin edildiyi vaxt və yer haqqında tərəflərə və maraqlı şəxslərə xəbər verir, lakin onların gəlməməsi sübutların təmin olunması sahəsindəki hərəkətləri yerinə yetirməyə mane olmur.
Tərəflərə və maraqlı şəxslərə xəbər vermədən sübutların təmin olunması yalnız təxirəsalınmaz hallarda və ya gələcəkdə kimlərin işdə iştirak edəcəyini müəyyənləşdirmək mümkün olmadıqda həyata keçirilir.
Şahid və ya ekspert çağırış üzrə gəlmədikdə notarius Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün bu barədə şahidin və ya ekspertin yaşayış yeri üzrə məhkəməyə məlumat verir.
Notarius bilə-bilə yalan ifadə, yaxud rəy verməyə, gəlməkdən qəsddən boyun qaçırmağa, ya da ifadə və ya rəy verməkdən imtina etməyə görə məsuliyyət haqqında şahidi və eksperti xəbərdar edir.

XX fəsil
XARİCİ DÖVLƏTLƏRİN QANUNVERİCİLİYİNİN TƏTBİQİ. BEYNƏLXALQ MÜQAVİLƏLƏR

Maddə 88. Xarici dövlətlərin qanunvericiliyinin tətbiqi

Notariuslar Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin qanunvericiliyinin normalarını tətbiq edirlər.
Notariuslar xarici dövlətlərin qanunvericiliyinin tələblərinə müvafiq surətdə tərtib olunmuş sənədləri qəbul edir, habelə xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulan formada təsdiq qeydlərini bu şərtlə aparırlar ki, bunlar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.

Maddə 89. Miras əmlakın mühafizəsi zamanı və vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hüququn tətbiqi

Əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası əmlakın mühafizə edilməsi ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır.

Maddə 90. Notariusların xaricdə tərtib edilmiş sənədləri qəbul etmələri

Xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edirlər ki, həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olsun.
Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər.

Maddə 91. Notariusların xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqələri

Notariusların xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur.

Maddə 92. Xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün zəruri olan sübutların təmin edilməsi

Notariuslar xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün zəruri olan sübutları təmin edirlər.
Sübutların təmin edilməsi sahəsində hərəkətlər Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

Maddə 93. Beynəlxalq müqavilələr

Beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
Beynəlxalq müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan notariat hərəkətlərinin aparılmasını notariusların səlahiyyətinə aid edirsə, onlar bu notariat hərəkətlərini Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparırlar.

Maddə 94. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV


Bakı şəhəri, 26 noyabr 1999-cu il
№ 762-IQ
XS
SM
MD
LG