Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:19

Əli Ömərov: «Xocalı faciəsində bir-birimizi günahlandırmaq yaxşı deyil»


Fəhmin Hacıyev
Fəhmin Hacıyev
-
«MƏNƏVİ MƏSULİYYƏT HAMIMIZINDIR»

21 il sonra Xocalıda yaşananlara Azərbaycanda yanaşma dəyişibmi? O hadisələrin şahidləri indi kimi günahlandırırlar? Bu suallarla üz tutduq 1992-ci ildə baş vermiş olayın şahidlərinə.

Müdafiə nazirinin sabiq müavini, Xocalı hadisələrinə görə ittiham olunan Fəhmin Hacıyev deyir:

«Xocalı hadisələri Azərbaycanın müstəqilliyinə qarşı yönəldilmişdi. Bu hadisələrin arxasında rus və erməni birlikləri dururdu. Çünki o zaman Azərbaycanın MDB-yə daxil olması gündəmdə idi. Xocalı hadisələri də Azərbaycanı bu addımı atmağa vadar etmək üçün idi».

Xocalı hadisələrinin baş verməsində ölkə rəhbərliyinin də günahı vardımı? Fəhmin Hacıyev deyir ki, aylardır blokadada yaşayan Xocalıdan əhalinin köçürülməsi ölkə rəhbərliyinin gündəmində idi. Ancaq təəssüf ki, ölkə başçısı bu yöndə qəti qərar qəbul edə bilmədi. Fəhmin Hacıyev o zaman baş verənləri təcrübəsizliklə izah edir. Buna görə də Xocalı faciəsinə görə Azərbaycan tərəfdən kiminsə mühakimə olunmasını istəmir:

«Mənəvi məsuliyyət hamımızındır. Hüquqi məsuliyyət isə Azərbaycan hakimiyyətinin, eləcə də hərbi birləşmə komandirlərinindir. Amma bütün hallarda bu, rus hərbi birləşmələrinə, Rusiya komandanlığına hüquq və əsas vermirdi ki, erməni hərbi birləşmələri ilə bərabər Xocalının işğalında iştirak etsin və qətliam törətsin. Belə hüquq heç kimə verilməmişdi».

RƏHİM QAZIYEV: «ÖZ SƏHVİMİ DAHA ÇOX DƏRK EDİRƏM»

Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin fikrincə, Xocalı hakimiyyət uğrunda mübarizənin qurbanı oldu. Onun qənaətincə, Azərbaycan rəhbərliyi və cəmiyyəti həmin dövrdə toparlana bilsəydi, faciədən qaçmaq mümkün idi.

Keçmiş müdafiə naziri deyir ki, zaman keçdikcə öz səhvlərini də aydın görür:

«Öz səhvimi daha çox dərk edirəm. İndiki təcrübəm o vaxt olsaydı, həmin hadisələr baş verməzdi.
Rəhim Qazıyev
Rəhim Qazıyev
Hər halda mənim əlimdə imkan olub, güc olub, o gücümlə siyasi karyera naminə Azərbaycanın başına bu oyunları açanları siyasi səhnədən silmək gücüm vardı. Bunu edərdim. Ancaq o zaman elə bilirdim ki, düşmənimiz ermənilərdir. Bilmirdim ki, içərimizdə pul, kreslo naminə Azərbaycanı tikə-tikə edəcək qüvvələr var. Bu, mənim günahımdır, etiraf edirəm».

Bəs Rəhim Qazıyev blokadada qalan Xocalıya niyə yardıma getməyib? Cavab:

«Əlimdə 5 dənə mərifətli silah yox idi ki, Stepanakertin üstündən keçib, Xocalıya köməyə gedəydim. O vaxt Ağdamda 12 dənə BMP, 12 dənə T-72 tankı, 44 dənə BRDM, 4 QRAD, 3000 atıcı silah, 3000-dən artıq qüvvə Əsgəranı aşıb köməyə gedə bilmədi. Təbii ki, mən iş başında olduğum dövrdə Azərbaycanın başına gələn uğursuzluqlara görə ən azı öz günahımı, səhvimi dərk edib əzab çəkirəm».

Rəhim Qazıyev Xocalı hadisələrində 1992-ci ildə hakimiyyətə gəlmək istəyən Heydər Əliyevin də iştirakından danışır. Ancaq Fəhmin Hacıyev bu fikri bölüşmür.

ƏLİ ÖMƏROV: «GÜNAHKAR 366-CI ALAY İDİ»

Xocalı hadisələri ilə bağlı istintaq komissiyası da uzun müddət araşdırma aparmışdı. Həmin komissiyanın rəhbəri olmuş Əli Ömərov deyir ki, istintaq əsas günahkar kimi 366-cı alayı göstərib:
Əli Ömərov
Əli Ömərov

«Həqiqətən də o vaxt bir qrup hakimiyyətə gəlməyə, bir qrup hakimiyyətdə qalmağa çalışırdı. Ancaq artıq həmin hadisələrin üstündən 21 il keçib. O hakimiyyətdə olanlar da dəyişib. Başımıza gələn fəlakətdə günahkar, ən birinci, Rusiyanın silahlı qüvvələri və siyasi hakimiyyətidir. Bizdə də səriştəsizlər çox idi. Ancaq indiki halda bir-birimizi günahlandırmaq yaxşı deyil. İndi bir vəzifəmiz olmalıdır ki, ölkəmiz demokratik olsun, azad seçkilər keçirilsin. Yenə də deyirəm, günahkar Rusiyanın hərbçiləridir. Rusiya olmasaydı, biz erməniləri Xocalıdan da, Şuşadan da qova bilərdik. Rusiya bu gün də ermənilərin arxasında durur».

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib.

Əməliyyat zamanı dinc əhali qətlə yetirilib. Rəsmi məlumatda 613 nəfərin öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü deyilir.

Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.
XS
SM
MD
LG