Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Əlləri mazutlu Şəmkir «parnik»çiləri...


Şəmkir rayonunda 3 min 300 dən çox istixana var...
Şəmkir rayonunda 3 min 300 dən çox istixana var...
-
Artıq yazlıq pomidor şitilləri torpağa əkilib, səliqə ilə becərilib. Salafanla örtünmüş istixanalarda bayırdakı hərarətə nisbətən azı 15 dərəcə çox istilik var. Şəmkir rayonuna gedən yol boyunca yüzlərlə belə istixanalar var. Lakin bu qazanc heç də asan başa gəlmir.

«PAYIZ AYLARINDA XİYAR ƏKİRİK, İNDİ POMİDOR ƏKMİŞİK»

10 sotluq ərazisində tərəvəz yetişdirən təsərrüfatçı Ayaz Rüstəmov deyir ki, tələb olunan istiliyi almaq üçün yanacaqları yoxdur. Bu da birbaşa məhsuldarlığa təsir göstərir:

«Burda payız aylarında xiyar əkirik, indi pomidor əkmişik. Qaz olmadığına görə çətinlik çəkirik. İstilik mazutladır. Mazutla da yaxşı istilik ala bilmirik deyə, yaxşı məhsuldarlıq da ala bilmirik. Amma qazımız olsa, yaxşı istilik əldə edərik. Məsələn, bizim qazımız yoxdur, xiyar əkirik payızlıq. Noyabrın axırlarında don olur. Amma qaz olsa, yanvar fevral ayına qədər olar. Bolluq olar».

Hansı təsərrüfata baxsan, qarşısında xeyli sayda iri mazut çənləri görərsən. Bəzi təsərrüfatçılar elə birbaşa bu çənlərdən, kimisi də xüsusi xətlərlə istixananın qazanxanasını işə salır. Ancaq az sayda istixanalar var idi ki, onlar təsərrüfatlarına qaz xətti çəkə biliblər.

«BURADA ƏN VARLI ADAMLARIN TƏSƏRRÜFATINDA QAZ VAR»

Ayaz Rüstəmov deyir ki, o da dəfələrlə yerli Qaz İstismarı İdarəsinə müraciət edib, ancaq ona icazə verməyiblər. O, deyir ki, onlara mavi yanacağın verilməməsi məhsul satışında monopoliya yaradır:

- Mən bura qaz çəkəsi olsam, təkcə icazəsinə 10 min manat pul istəyirlər. Burada ən varlı adamların təsərrüfatında qaz var. Ona görə də onlar məhsullarını çıxarıb yaxşı qiymətə satırlar. Bazarın qiymətini öz əllərində saxlayırlar. İstədikləri qiymətə satırlar. Mazutu bu boçkalarda gətirirlər. Onun bir boçkasını 50 manata alırıq. Bir boçkanı da yandıranda 4-5 gün görür. İstixanada qaz yandıranlardan bizim xərcimiz çoxdur, amma gəlirim azdır. Ona görə ki, qazımız yoxdur.
Mazutun bir boçkasını 50 manata alırlar
Mazutun bir boçkasını 50 manata alırlar
Biz mazut yandırıb 10-11 dərəcə istilik alırıq, onlar qaz yandırır, qazanxanadan 18-20 dərəcə istilik alırlar.

- Gəlirinizin nə qədər hissəsini yanacağa verirsiz?

- Haradasa yarısını. Deyək ki, 1 sota 1000 manat gəlir götürürüksə, onun 500 manatı yanacağa sərf olunur. Qaz olsa, 200 manat xərc edərik.

«MAZUT HƏRDƏN DAŞIR, YANĞIN OLUR»

Başqa bir təsərrüfatçı Fərrux Məmmədov deyir ki, mazut həm də təhlükəlidir. Belə ki, ötən ay qazanxanaya tökülən mazut daşıb və istixananın xeyli hissəsi şitillərlə birgə yanıb:

«Becərdik sonra da pula getmədi. Öz mayasını çıxarmadı. Yağın, mazutun xərci çoxdur. Qaz ucuz olur. Rahatdır, iy-qoxu olmur. Mazut hərdən daşır, yanğın olur».

Təsərrüfatçıların qayğısı bununla bitmir. Üstəlik danışırlar ki, onlara dövlət tərəfindən güzəştli şərtlərlə mazut verilməli olsa da, ala bilmirlər:

«1-2 nəfər gəlmişdi ki, sizə yardım ediləcək, mazut verəcəyik. Yazdılar pozdular, yenə də gətirib baha qiymətə satdılar».

QAZ İSTİSMAR İDARƏSİ NƏ DEYİR?

Şəmkir rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi Ələddin Hüseynov isə qaz çəkilişində rüşvət tələb olunması ilə bağlı deyilənləri təkzib edir. O deyir ki, istixanalara qaz xəttinin verilməsinin qaz istismarı idarəsi ilə əlaqəsi yoxdur.
Şəmkir əhalisinin 60 faizi istixanalarda işləyir
Şəmkir əhalisinin 60 faizi istixanalarda işləyir
Əlavə edir ki, hər bir təsərrüfatçı birbaşa «Azəriqaz»la müqavilə bağlamalıdır:

«Onlar «Azəriqaz»la müqavilə bağlayırlar. Əhali xəttinə qoşmağa icazə verilmir. Çünki yağış, soyuq olanda, tələbatları çox olur. Ancaq qazpaylayıcı məntəqədən birbaşa çəkirlər».

ŞƏMKİR RAYONUNDA 3300-DƏN ÇOX İSTİXANA VAR...

Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sabir Quliyev isə deyir ki, mazutun güzəştli verilməsində heç bir problem yoxdur. Gəncə Neft bazası və Qazax Neft bazasından sərbəst şəkildə güzəştlə yanacaq alırlar. Bununla yanaşı, Sabir Quliyev əlavə edir ki, bütün istixanalara qaz xəttinin çəkilməsi üçün «Azəriqaz»a təklif verilib.

Məhsulları əsasən Moskva bazarlarını bəzəyən Şəmkir istixanaların sayı 3300-ü keçib. İstixana salınan sahələrin ümumilikdə ərazisi isə 500 hektardan çoxdur.

Sahib Quliyev deyir ki, Şəmkir rayonunun əhalisinin 60 faizindən çoxu istixanalarda işləyir. Rayondakı ümumi daxili məhsulun 74 faizini kənd təsərrüfatı təşkil edir. Bunun da 40 faizi istixanaların payına düşür.
XS
SM
MD
LG