Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:08

Sabir Vəliyev: «Nə qədər ki, Azərbaycanda zülm davam edir...»


Sabir Vəliyev
Sabir Vəliyev
-
Martın 15-də döyülən Müsavat Partiyası Naxçıvan MR Təşkilatı sədri Sabir Vəliyev İrandan müalicədən qayıdıb. Onunla müsahibəni təqdim edirik

- Sabir bəy, indi özünüzü necə hiss edirsiniz?

- Həkimin məsləhəti ilə dincəlirəm. Başımda keyləşmə var, sərbəst gəzə bilmirəm. Başım hərlənir, gözüm qaralır...

- Mətbuatda gedən məlumatlara görə, Naxçıvan Mərkəzi Xəstəxanasında sizi müalicə etməkdən imtina ediblər. Nə deyib imtina etdilər? Hazırda müalicənizi necə davam etdirirsiniz?

- Naxçıvan xəstəxanasında 2-3 gün başdansovdu saxladılar. Hiss edirdim ki, həkimlər müalicə etməkdən çəkinirlər. Müalicə həkimi hərdənbir maraqlanırdı, deyirdi heç nəyin yoxdur. Sonra dedilər ki, səni 3 gündən artıq saxlaya bilmərik, çıxmalısan. Həkim xəstəxanada qalmağım üçün şərt qoydu. Dedik ki, gərək sənin onurğa beyninə iynə ilə müdaxilə edib, analiz götürək. Bu da çox təhlükəli əməliyyatdır deyə, mən imtina etdim. Daha doğrusu, inamım, etibarım yox idi deyə, razılıq vermədim. Həkimlər bu cür şərt qoydular, razılaşmadım, məni xəstəxanadan çıxardılar. Yaxınlarım məcbur qalıb məni İrana müalicəyə apardılar. Orada ciddi müayinə edib iynə vurdular, sistem qoşdular, əlavə müalicə yazıb evə göndərdilər. Oradakı müalicənin mənə müsbət təsiri oldu.

- Hadisə baş verən günü necə xatırlayırsınız?

- Həmin vaxt evə gəlirdim. Əlimdə ağır çantalar var idi. Evimizin yaxınlığında olan məscidin yanında dayandım ki, nəfəsimi dərəm. Məndən aralıda bir nəfər diqqətimi cəlb elədi. Həmin şəxs sifətini məndən gizləməyə çalışırdı. Bir nəfər də məndən arxa tərəfdə, məscidin həyətində idi. Əşyalarımı götürüb evə getmək istəyərkən, arxadan küt alətlə vurulduğumu hiss elədim. Bundan sonra heç nə xatırlamıram. Qonşular məni evə aparıblar.

- Baş verən hadisədən 20 gün öncə siz Müsavat Partiyası Naxçıvan MR Təşkilatına sədr seçilmişdiniz. Bu iki hadisənin bir-biri ilə hər hansı bir əlaqəsi varmı, sizcə?

- 100 faiz əlaqəsi var. Hakimiyyət orqanları ya məni cismən məhv etmək istəyiblər, yaxud da elə hala salmaq istəyiblər ki, fəaliyyət göstərə bilməyim. Mənim camaat arasında az-çox nüfuzum var. Hakimiyyət narahatdır mənim Müsavat Partiyasına rəhbər seçilməyimdən. Mən partiya üzvlərini, demokratik fikirli insanları hərəkətə gətirmək istiqamətində ciddi fəaliyyətə başlamışdım. Məni məhv eləməklə cəmiyyətdə qorxu yaratmaq, Müsavatın fəaliyyətini zəiflətmək istəyiblər.

- Bu hadisədən əvvəl siyasi fəaliyyətdən çəkilməniz üçün sizə hər hansı xəbərdarlıq, yaxud təklif olmuşdu?

- Müəyyən şəxsləri elçi salmışdılar üstümə. Hədə-qorxu da var idi, şirnikləndirici vədlər də. Mən onlara bildirirdim ki, məni bu yoldan heç nə döndərə bilməz. Deyirdim ki, mənə nə vəzifə lazımdır, nə də bir şey, məqsədim bu rejimin getməsidir. Onlara demişdim ki, bu cür vədlərlə məni yolumdan çəkindirə bilməzsiniz.

- Bəs, bundan sonra yenə siyasi fəaliyyət göstərəcəksinizmi?

- Mən bu yolu uzun müddətdir gedirəm. Nə qədər ki, Azərbaycanda bu rejim hakimiyyətdədir, camaatı boğaza yığıb, malını talayırlar, zülm davam edir, mən də Müsavat Partiyasının sıralarında öz mübarizəmi davam etdirəcəyəm.

Naxçıvan Mərkəzi Xəstəxanasının həkimi Ramazan Cəfərov isə AzadlıqRadiosuna açıqlamasında demişdi ki, Sabir Vəliyevin vəziyyəti yaxşı olduğu üçün onu evə buraxıblar:

- Heç nəyi yox idi. Dərialtı zədələnmədi. Onun müalicəyə ehtiyacı yoxdur. Beyin silkələnməsi də yoxdur. Əmin olmaq üçün onurğa beynindən analiz götürülməli idi, qoymadılar. Həmin analizi götürmədən isə diaqnoz qoymaq olmaz. Diaqnozsuz da xəstəni xəstəxanada saxlaya bilmərik. Sonra başına bir iş gəlsə, məsuliyyəti bizim üstümüzdə qalacaq. Buna görə göndərdik evə.
XS
SM
MD
LG