Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:43

Dindarların seçki umacaqları


Təzə Pir Məscidi
Təzə Pir Məscidi
-
24 yaşlı Ehtiram Mehdiyev Azərbaycandakı müxalifət partiyalarından birinin üzvüdür. Dindar olduğundan təkcə siyasi aksiyalara yox, dini azadlıqlarla bağlı aksiyalara da qatılır. O deyir ki, fəal ictimai-siyasi fəaliyyətə qoşulandan bəri istər özünə, istərsə başqa aksiyaçılara həmişə basqı görüb:

«Azərbaycanda nə din azadlığı var, nə də demokratiya. Nə dini zəmində, nə də siyasi zəmində aksiyalara imkan verilmir. Birləşmək, oturub müzakirə etmək və sözünü demək İslam dinində də əsas sayılır. Güman ki, ehtiyat etdikləri üçün qarısını alırlar. Konstitusiyada sərbəst toplaşmaq azadlığı haqqında geniş yazılır, ancaq bu azadlıqdan istifadə edə bilmirik».

Ehtiram builki prezident seçkisində bütün azadlıqları təmin edəcək namizədə səs verəcəyini bildirir.

«BƏZİ MƏSƏLƏLƏR HİCABDAN ÖNƏMLİDİR»

İlahiyyatçı Tale Bağırov orta məktəblərdə hicab yasağına qarşı aksiyalarda fəal iştirak etdiyi üçün 2011-ci ilin mayında həbs olunub. İl yarım həbsdə qalıb. Həbsdən çıxandan sonra ictimai-siyasi fəaliyyətini davam etdirir.

Tale Bağırovun deyir ki, o və onun kimi düşünənlər təkcə hicab probleminin deyil, bütün problemlərin həllini istəyirlər:
Təhsil Nazirliyi qarşısında etiraz aksiyası
Təhsil Nazirliyi qarşısında etiraz aksiyası

«İndi fikrimiz təkcə hicaba yönəlməyib. Haqqımızda bəzi söhbətlər gedir. Hətta müxalifətçilərdən də eşidirik ki, guya yalnız hicab məsələsini qabardırıq. Bizim problemimiz təkcə hicab deyil. Hətta bəzi məsələlər var ki, hicabdan da daha önəmlidir. Cəmiyyətdəki ictimai fəsad, işsizlik, intiharların baş verməsi, İsmayıllı, Quba, Binə hadisələri – bunların hamısı onu sübut edir ki, ümumxalq problemləri var».

«ƏXLAQLI SEÇKİ VƏ ƏDALƏTLİ HAKİMİYYƏT UĞRUNDA»

Martın 27-də İslam Partiyası seçkilərdə iştirak edəcəyi ilə bağlı bəyanat yayıb. Partiyanın siyasi məsələlər üzrə sədrinin müavini Akif Heydərli deyir ki, sədr Mövsüm Səmədov həbsdədir. Onun haqqındakı cəza tədbiri dəyişsə, prezident seçkilərində birinci variant kimi partiyanın namizədi Mövsüm Səmədov olacaq. Ancaq ikinci variant da var:
Altay Göyüşov
Altay Göyüşov
«İndiyədək bir neçə blok və siyasi partiyalarla ilkin müzakirələr aparmışıq. ADP, AXCP, VİP, «El» Hərəkatı ilə fikir mübadiləmiz olub. Biz həm də «Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda» islami hərəkat bloku təsis edəcəyik. Ancaq konkret kimimsə üzərində dayanmaq məsələsi birinci variantın baş tutub-tutmayacağından asılıdır».

Dini ekspert Altay Göyüşovun fikrincə, məscidlərin bağlanması, hicab məsələsi, həbslər, dövlətin xütbələrə müdaxiləsi və başqa problemlərlə bağlı hökumət siyasəti uzun müddətdir ki, dini kəsimi razı salmır:

«Siyasətə qoşulmayan, sırf özünün ibadət məsələsi ilə məşğul olan dindarlar istəyir ki, bağlanmış məscidlər açılsın. Onlar gözləyirlər ki, dövlət dini azadlıqların boğulması siyasətinə son qoysun. Siyasi proseslərə qatılan, yəni siyasi islam qolu dövlətin idarəçiliyinə öz düşüncəsinə uyğun normalar gətirməyə can atır. Onların siyasi qüvvəyə çevrilmək, eyni zamanda ölkənin ictimai-siyasi həyatına fəal qatılmaq niyyətləri var».

Azərbaycanda prezident seçkisi bu ilin oktyabrında keçiriləcək.
XS
SM
MD
LG