Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

Şahmar Əkbərzadə. Şeirlər


-


Şahmar Əkbərzadə


Təzə nağara

Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.

Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.

Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.

Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.

Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.

Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.

Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!


Ona yanıram ki

Ona yanıram ki, əsrlər boyu
Sabahı düşünüb, daşınmadıq heç.
Düşünmək haqqımız özgələrdədir,
Onu qaytarmağı düşünmədik heç.

Ona yanıram ki, öz varımızı
Özgəyə pay verib, ona əl açdıq .
Yadların dilindən tərif diləndik,
Yalançı şöhrətə-şana əl açdıq

Ona yanıram ki, düşə bilmədi
Fəxri xiyabana neçə fəxrimiz
“Şərəf lövhəsi”nə vurdular bizi,
Düşdü ayaqlara öz şərəfimiz

Ona yanıram ki, iş bacarmadıq ,
Sazda “gül” vurmağı bacardıq ancaq.
Bizi aldadanın boş hay-küyünə
Əla əl vurmağı bacardıq ancaq.

Ona yanıram ki, Burlaxatunun
Ruhu alovlanar, məzarı inlər
İndi balasına layla çalammır
Analıq taxtına çıxan gəlinlər

Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.


AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA

Burax inadını, ay ömrüm ,günüm
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini, dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.



ARMUD AĞACI...

Kəsilməsinə razı olmadığımız, xalq hərakatının rəmzinə çevrilən Şuşanın Topxana meşəsindəki Armud ağacına şanlı məktub.

Haşa yananlarımızdan,
haşa qananlarımızdan
və haşa Vətən yolunda
al qanına boyananlarımızdan!

Nə var, nə yox Topxanada,
Şapxanada, şupxanada?
Şirə dönüb gopxanada
Qeyrətdən dəm vururuq biz,
Vururuq, Armud agaci!

Aqillərə döş qabardıb,
Züy tutmağa baş ağardıb,
Yas yerində diş ağardıb,
Toyda yaxa cırırıq biz,
Cırırıq, Armud ağacı!

Əyməlini əyəmməyib,
Döyməlini döyəmməyib,
Qınımızı bəyənməyib,
Qından qına giririk biz,
Giririk Armud ağacı!

Vətəndən üzüb əlini,
Hərə güdür öz elini,
Əsir verib qız-gəlini
"Qızıl xac"dan soruruq biz,
Soruruq, Armud ağaci!

Özümüzü öyə-öyə,
Qurandan don geyə-geyə,
Millət-millət deyə-deyə,
Millət qanı soruruq biz,
Soruruq Armud ağacı!

Gavura sülh elan edib,
Var dövləti talan edib,
İçimizdə üsyan edib,
Özümüzü qırırıq biz,
Qırırıq Armud ağacı!

Bizim kimi vuran hanı?
Gizli palan quran hanı?
Düz danışan qəhramanı,
Düz ağızdan vururuq biz,
Vururuq Armud ağacı!

Bənzərimiz yoxdur bəlkə,
Çatmaz bizə heç bir ölkə,
Tayfa-tayfa, bölgə-bölgə,
Dövlətə tor qururuq biz,
Qururuq Armud ağacı!

Zirvələrə qalxmaq üçün,
Təxt-taca çıxmaq üçün,
Başlıları yıxmaq üçün,
Pusqularda dururuq biz,
Dururuq Armud ağacı!

Arxa çevirib səngərə,
Yurdu verib düşmənlərə,
Qalib kimi ordenlərə,
Sinəmizi gəririk biz,
Gəririk Armud ağacı!

Öyünürük sazımızla,
Neftimizlə qazımızla,
İşvəmizlə nazımızla,
Düşmən bağrı yarırıq biz,
Yarırıq, ARMUD AGACI....


SALAM DE!

Cavad Heyəti yola salarkən...

Yer üzündə həsrət, möhnət sarıdan
Bizdən varlı yaratmayıb yaradan!
İnci axır gözümüzdən anbaan,
Daş-qaşına daş-qaşımdan salam de!

Mən əvəzdən Savalanı soraqla,
Nərgizini, laləsini qucaqla,
Təbrizdə Ərk qalasını qucaqla,
Əlincəmin duruşundan salam de!

Duz çevirdim Varlığının sözünə,
Tamarzıyam qardaş, özüm özümə,
Bəxtiyardan Şəhriyarın gözünə,
Baxışına baxışımdan salam de!

Xalılarda köz-köz olub odumuz,
İlmə-ilmə geri dönür adımız.
Naxışlara dil öyrədir Xudumuz,
Naxışına naxışımdan salam de!

Gözləyirik müjdəsini hər ilin,
Biz tərəfə köçəcəkmi bir gəlin?
Araz üstə boyun bükən gözəlin
Göz yaşına göz yaşımdan salam de!

Ayrılığın üzüyünə qaş bizik,
Bəxtimizə boran bizik, qış bizik,
Dözümlükdə qaya bizik, daş bizik,
Dağ-daşına dağ daşımdan salam de!

Utanıram hər baxanda yaşıma,
Bir alınmaz qala çıxıb qarşıma,
Çatan kimi Səhəndin baş daşına,
Yonulmamış baş daşımdan salam de!

Aslan düzün sağ-soluna bir də bax!
Öz əlinlə öz bəxtinə xına yax!
Taleyi yox, özümüzü qarğıyaq
Qarğışına qarğışımdan salam de!

Heyif qardaş, bu görüşün ömrü az,
Bu arzumu yaddaşına yaxşı yaz!
Domruluma Həçər olsun Saniaz,
Alqışıma alqışından salam de!

BAKİ.1983.


CAN, AY ŞAHMAR!

Laçınların qarğalanır,
Qarğaların qırğılanır,
Nəyin varsa yağmalanır,
Bu nə gündür, can, ay Şahmar!

Ormanların, oylağın yox,
Yaylamağa yaylağın yox,
Daha isa bulağın yox,
Di həsrətdən don, ay Şahmar!

Göyçən, Dəlidağın hanı?
Xanbağı tək bağın hanı?
Külli-Qarabağın hanı?
Tutub səni qan, ay Şahmar!

Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir,
Ta Şuşan da Təbrizləşir,
Döy başına, yan, ay Şahmar!

Bəbəklərdə yaş qalmayıb,
Ağıl gedib, huş qalmayıb,
Başımıza daş qalmayıb,
Səni daşa dön, ay Şahmar!


ALLAH AMANDIR!

Adamlar itirir adamlığını,
Adam təlxək olur, Allah amandır!
Kələklə gələnlər küləklə getmir,
Kələk pələng olur, Allah amandır!

Sürülər mələşir, qoçlar həlləşir
Çaqqal qurda dönür, tülkü şirləşir
Cüllüt qartallaşır, milçək filləşir,
Fillər milçək olur, Allah amandır!

Bülbülün yurduna quzğun tökülür,
Güllərin gözünə millər çəkilir,
Qədim gülüstana sitəm əkilir,
Sitəm çələng olur, Allah amandır!

Səyi bəy eyləyən dastançıya bax,
Bostan tanımayan bostançıya bax,
Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!

Quru didişmədə vaxt batıb gedir,
Hamı xalq-xalq deyir, xalq batıb gedir,
Haqsızın əlində haqq batıb gedir,
Haqlı "xərçəng"olur, Allah amandır!

Hesab çəkiləndə əyri düz çıxır,
Üzü üzlər görən qarı qız çıxır,
Həqiqət bir anda dönüb fıs çıxır,
Yalan gerçək olur, Allah amandır!

Namərdlər birləşir, mərdlər əyişir,
İmanlar, məbədlər, pirlər dəyişir,
Məqamlar dəyişir, yerlər dəyişir,
İblis mələk olur, Allah amandır!


MƏRKƏZİ POÇTXANA

Mərkəzi poçtxana, əlac et yenə
Havayı düşməyib buraya yönüm.
Pənah gətirmişəm könlümü sənə,
Bir gör neyləyirsən gözünə dönüm.

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.

Üstə dizin-dizin iməklədiyim
Torpağın könlünü nə təhər alım?
Anamdır, bəs ona nə təhər deyim,
Yanına gəlməyə yoxdur macalım.

Mənə kod göstər ki, zəng vura bilim
Dağların marala qalan çağına.
Pərişanlığımı çatdıra bilim,
Otların sarala qalan çağına.

Morze əlifbanı tanrı bilərəm,
Bu işi boynuna götürə bilsən.
Tamarzı könlümü bu saat, bu dəm
Bir acı yovşana yetirə bilsən.

Olarmı təcili teleqram verim,
Qönçə balaları solan güllərə.
Sovqat öpüşüm var, necə göndərim
Çörəkli çöllərə, barlı çöllərə?

Bir quşam mənimki gətirib belə,
Çıxmaz ürəyimdən Əppəkli dərə.
Həsrətim çatarmı görən poçt ilə
Qızıl kövşənlərdə bildirçinlərə?!

Mərkəzi poçtxana sifarişim var,
Amandır qoyma ki, gec eləsinlər!
Xəbər ver, cənuba köçən durnalar
Bu gecə qəlbimdə gecələsinlər.

İndeksi olmayan bu məktubları
Yalqız yuvalara çatdır bir təhər.
Həsrətim oranı isitsin barı
Sahibi qürbətdən gələnə qədər.

Payız sularının layla səsini
Anamın ətrini hardan alım bəs?
O yerə burnumun göynərtisini
Teleqraf telləri apara bilməz.

Mərkəzi poçtxana, əlac et yenə
Havayı düşməyib buraya yönüm.
Pənah gətirmişəm könlümü sənə,
Bir gör neyləyirsən gözünə dönüm!

1977


Ölü torpaqlara məzar qazılmır

Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur!

Ana torpaq dedik axı ona biz.
Yığışın ay ellər, anamız ölüb!
Bizə öz qoynunda yer verənimiz,
Ruzular yetirən dünyamız ölüb!

Yerlərə, göylərə sığmaz bu günah,
Qatil özümüzük, müsibətə bax!
Öləni torpağa gömərlər, Allah,
Bəs ölmüş torpağı harda basdıraq?


KİRPİYİMİ QƏDƏMİNƏ SƏRİM QOY!

(Mələk Baharlıya)

Məndən küsmə, gül nəfəsin töyşüyər,
Səni görüb bənövşələr pörşüyər,
Dayan gülüm, ayaqların üşüyər,
Kirpiyimi qədəminə sərim qoy !

Əl verirəm, əsdirirsən əlimi
Gül verirəm, küsdürürsən gülümü,
Yavaş yeri, yel dağıtmış telini
Ürəyimin tellərinə hörüm qoy !

Həsrətimin çiçəkləri xallanıb ,
Ədaların şan bağlayıb, ballanıb,
Dodağında küsüşmələr barlanıb,
O barları dodağımla dərim qoy!

Heç bilmirəm ulduz nədir, Ay nədir !
Bürcüm nə bürc, günüm nə gün, ay nədir?
Baxışların taleyimə aynadır
Ayaq saxla, taleyimi görüm qoy !

Şahmar yazıq hardan alsın dözümü ?
Nazın , qəmzən sındırıbdır dizimi.
Yana-yana kül elədim özümü,
Sürmə olum, gözlərinə girim qoy!


NECƏSİZ?

Məğrur duran o dağlardan nə xəbər?
O vaxtlardan, o çağlardan nə xəbər?
Yaxınlardan, uzaqlardan nə xəbər?
Ay səfalı yaylaqlarım, necəsiz?
Ovsuz qalan ovlaqlarım, necəsiz?

Üzdən ötüb baş vurmuruq dərinə,
Bilirikmi Qaragölün dərdi nə?
Dəm tuturuq yaxınların dərdinə,
Ay göllərim, irmaqlarım, necəsiz?
«Dara duşmuş» torpaqlarım, necəsiz?

Azğınlar var, aza-aza yolları,
Aşındırır yamacları, yalları.
Niyə düşmür yanlarına qolları?
Dağ-dağ olan a dağlarım, necəsiz?
Yazıq olan yazıqlarım, necəsiz?

Gözlülər var, Zəngilanı görməyib,
Kəlbəcəri, Mincivanı görməyib.
Yardımlıya, Laçına hay verməyib!
Ay gözlərdən uzaqlarım, necəsiz?
Könüllərdən iraqlarım, necəsiz?

Yapışmışıq elə «ucqar» sözündən,
Batırmışıq çeşmələri gözündən!
Havaxtacan qansızlığa dözüm mən?
Ay şəfalı qaynaqlarım, necəsiz?
Loğmannəfəs bulaqlarım, necəsiz?

Odlar yurdu, adın kimi ad varmı?
Sənin kimi ocaq varmı, od varmı?
Heç Vətənin ucqarı da olarmı?
Uzaq-uzaq oylaqlarım, necəsiz?
Odsuz qalan ocaqlarım, necəsiz?

Ey Vətəni ana Vətən sananlar,
Yerə, yurda dildə sözdə yananlar,
Yaylaqları yaydan yaya ananlar,
Ay Vətəndə qonaqlarım, necəsiz?
Dildənpərgar qanıqlarım, necəsiz?

Biz damarıq, Vətən çarpan ürəkdir.
Ona yanan mərd ogullar gərəkdir!
Boş-boş «Vətən!», «Vətən!» demək hənəkdir!
«Vətənpərvər» dodaqlarım, necəsiz?
Qızarmayan yanaqlarım, necəsiz?

1987


48 ÖLÇÜLÜ QADIN PALTARI

Geyimlər görəndə ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim

48 ölçüdə paltar geyərdin,
Kəsər şaxta məni, döyər qar məni.
48 ölçüyə çevrilib dərdin
Vitrindən boylanıb yandırar məni.

İmkanım hər dəfə imkansızlaşar
Baxar 48-lər arxamca dost-dost,
Hamısı əyninə gözəl yaraşar
Niyə birini də alammıram bəs?

Qalıb gözlərimdə murazım mənim
Təsəllim bir şirin gümana qalıb,
Sevinmək qismətim qızım Zöhrənin
Ölçüsü 48 olana qalıb.

Düşər boy- buxunun yadıma hər gün
Boyun gedər-gəlməz yolcusu olub.
Gör neçə ildir ki ,əyin-baş ölçün
Dönüb həstərimin ölçüsü olub.

Yazbaşı qar yağar ilk nübarıma ,
Mən səni yazbaşı itirdim, ana
Əyin-başın üçün yığdıqlarıma
Səni son mənzilə ötürdüm, ana

O vaxtdan payım nə, töhfələrim nə?
Oğul yox, ürəyi daş olmuşam mən!
Paltar əvəzinə, sənin əyninə
48 ölçüdə daş almışam mən

48 ölçüdə görsəm hər nəyi,
Nəbzim 48-ə enər anbaan
Uçunub yerindən qopar ürəyim
Sürünər müqəddəs torpağınacan

48 ölüçülü qadın paltarı
Tüstümü təpəmdən qalxızar göyə
Gələrəm, üstündə bitən otları
Gözümün yaşıyla əmizdirməyə

Geyimlər-keçimlər gəlməz eyninə ,
Biganə qalmısan, ana hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.

Geyimlər görəndə ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim


AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA

Burax inadını, ay ömrüm, günüm
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini, dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.


Səni

Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da çatsan...
Bilsəm ki, yandırıb-yaxsan bir odsan
Yenə gözüm üstə qoyaram səni

Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara
Gündə baxışından alsam min yara
Xeyirxah mələyim sayaram səni.

Ölüncə yanında əsir qalaram
Verdiyin əzaba layla çalaram,
Vaxt gələr çevrilib torpaq olaram
Gəlsən hənirtindən duyaram səni.


Bu gecə

Bu gecə nə gözəl gecədir, könül,
Bu gecə ay necə bədirlənibdir.
Dünya süd gölündə çimir elə bil,
Elə bil üfüqlər yerə enibdir.

Gecə ağ duvaqlı nazlı gəlin tək,
Açıb saçlarını yuyur sularda.
Yaylıq tək asılıb ağacdan külək,
Dünya nə gözəlmiş bu ilk baharda...

Bəlkə ikimizik dünyada oyaq,
Bəlkə bu gecənin gəlişi haqdır.
Sən mənə səhərin gözləriylə bax,
Bəxtim günəş kimi doğulacaqdır.

Ulduzlar torpağa tökülür dən-dən,
Çiçək yağışında yuyulur gecə.
Torpağın əliylə yazıla bilən
Gözəl şer kimi duyulur gecə.

Uzansın bu gecə... Sökülməsin dan,
Bu gecə huşumu başımdan almış,
Utansın bu gecə yanaqlarından,
Bu gecə üzündə bir qara xalmış...


ƏLVİDA.

Çatdı halallaşmaq vaxtı, a yerlər.
Yamaclar əlvida, yollar əlvida!
Hər yarpaq mehriban bir ələ bənzər,
Mənə əl eyləyən əllər, əlvida!

Dərdimi heç kimə aça bilmədim,
Hicranın əlindən qaça biımədim,
Zülmün sədlərini keçə bilmədim,
Çəmənlər əlvida, çöllər əlvida!

Bir ocağın odu-közü olmadım,
Saza dönüb "Yanıq Kərəm çalmadım,
Toza dönüb qoynunuzda qalmadım,
Cığırlar əlvida, yollar əlvida.

Kükrəyə-kükrəyə qabarmadınız,
Həsrətin bəndini qoparmadınız,
Yuyub dərdlərimi aparmadınız,
Yağışlar əlvida, sellər əlvida!

Hələ bu dünyada qalmaq payım var,
Bəxtimin üzünə gülmək payım var,
Azadlıq yolunda ölmək payım var,
Obalar əlvida, ellər əlvida!

TƏBRİZ. 1992
XS
SM
MD
LG