Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

Tahir və Cabir İmanovların sirri


Günel Mövlud
Günel Mövlud

-

"OxuZalı"nda ən çox oxunan



Müsahibələrində «ümummilli rəhbər», «ulu öndər» sözlərinin birini bir qəpiyə işlədən, prezidentə, rejimə həvəslə yarınan Tahir İmanov xüsusilə gözümün düşməni olub...


Günel Mövlud


TAHİR VƏ CABİR İMANOVLARIN SİRRİ

Mənim bütün gizlinlərim bircə-bircə açılacaq, faş olacaq...


Uzun müddət Tahir və Cabir İmanov qardaşlarından zəhləm gedib.

Bu adamları və rəhbərlik elədikləri KVN teatrının başqa parlaq aktyorlarını intellektual əclaflar və yaradıcı yaltaqlar hesab eləmişəm.

Müsahibələrində «ümummilli rəhbər», «ulu öndər» sözlərinin birini bir qəpiyə işlədən, prezidentə, rejimə həvəslə yarınan Tahir İmanov xüsusilə gözümün düşməni olub.

Düşünmüşəm ki, belə istedadlı, mütaliəli adam olasan, Səməd Vurğunun Qacarı demiş, «bu patavalı, çarıqlı ölkə»yə intellektual yumor gətirəsən, sonra da bütün istedadını, yaradıcılığını yarınmağa, rejimə bəlağətli təriflər yağdırmağa həsr eləyəsən?

Amma bu yaxınlarda necə dəhşətli şəkildə, kobud və ədəbsizcə yanıldığımı başa düşdüm.

Hadisə o zaman vaqe oldu ki, oturub, Tahir İmanovun rəhbərlik etdiyi KVN teatrının “Eurovision” ərəfəsindəki göstərisinə baxdım.

Açığını etiraf eləyim ki, ictimai-siyasi şok yaşadım. Nazirlərin, iri çaplı məmurların gözləri qabağında edilən zarafatlar, ifşalar, çağırışlar məni dəhşətə gətirdi.

Yəni bu ifşaları, çağırışları edən adamlar bütün günü mətbuatda rejimi tərifləyən, rejimə yarınan adamlardımı?

Əvvəlcə baxanda gözlərimə və qulaqlarıma inanmadığım bir neçə məqamdan danışım.

Cabir və Tahir İmanovlar "Eurovision"a həsr edilmiş şouda
Cabir və Tahir İmanovlar "Eurovision"a həsr edilmiş şouda

Tahir İmanov və dəstəsi açıq şəkildə «xaricdəki hansısa bahalı villalardan» danışırlar, «şimali koreyalı» müğənni Azərbaycan dilində «kimlər gəldi, kimlər getdi» oxuyanda Şimali Koreya diktatorlarının - «ata» və «oğul»un, daha sonra «nəvə»nin portretləri nümayiş olunur, ölkədəki monarxiyaya açıq-aşkar işarə vurulur.

Azərbaycan Respublikası prezidentinin Novruz bayramı gəzintisi açıq-aşkar ifşa olunur...

Bir sözlə, göstəri boyu ölkədəki özbaşınalıq, qanunsuzluq, ədalətsizlik, inhisarçılıq, özbaşınalıq açıq şəkildə ifşa olunur, iri çaplı məmurlara mesajlar ötürülür, xalqa ali dəyərlər kimi sırınan şeylər ələ salınır.

Və təkrarlayıram ki, bütün bunlar nazirlərin gözləri qabağında çağırış eləyirmişcəsinə edilir.

Bütün bunları görəndən sonra qəfildən hər şeyi başa düşdüm: Bəli, belə lazım imiş. Nazirlərin gözü qarşısında rejimi ifşa edə bilmək üçün, diktaturanı ələ salmaq üçün, yalançı dəyərləri açıq-aşkar gözdən salma hüququna malik olmaq üçün qabaqcadan özünü sığortalamaq lazımdı.

Bu haqqı əldə etmək üçün özünü rejimə sadiq bəndə, sadiq nökər kimi təqdim etməli, təsdiqləməlisən, inandırmalısan. İnandırmalısan ki, gələcəkdə səhnədə «Isveçrədəki villarlardan» danışanda sənin əslində Dubaydakı villaları nəzərdə tutduğunu düşünməsinlər.

Sığortalanmalısan ki, sonra rejimin ifşası «məsum və intellektual zarafat» kimi görünsün. Sığortalanmalısan ki, sənin Kim İr Sen deyəndə elə Kim İr Seni, Kim Çen İr deyəndə elə Kim Çen İri nəzərdə tutduğuna heç bir şübhə olmasın.

Azərbaycan polisi etiraz aksiyasında gənc fəalı saxlayır, 12 mart 2011
Azərbaycan polisi etiraz aksiyasında gənc fəalı saxlayır, 12 mart 2011

Tahir İmanova münasibətimin dəyişməyində daha bir rolu da göstəridə müxalifətə bircə dənə də olsun mənfi eyhamın olmamağı oynadı.

Keçək Cabir İmanova. Cabir İmanova olan ikiqat nifrətimin səbəbi isə onun səhnədə polisi ifşa edib, sonra həvəslə polis işləməyi idi.

Etirazçı gənclər arasında gəzən söhbətlərə görə, hər dəfə aksiyalardan, mitinqlərdən sonra bölməsinə gətirilən müxalifətçiləri o daha çox, daha qəddarlıqla döyür, işgəncə verirmiş. Bir daha təkrarlayıram ki, bunları ancaq eşitmişəm və bu məsələdə faktlara deyil, şayiələrə istinad edirəm.

Tahir İmanovun sirrini açandan sonra Cabir İmanovu da təmizə çıxaracaq məqam tapdım.

Bu məqam isə sovet dövrünün dissidentlərindən olmuş, etirazına görə dəlixanaya atılmış Viktor Faynberqin xatirələrində tapıldı.

Faynberq yazır ki, o, dəlixanada olanda, hamının çox qorxduğu bir həkim barədə eşidir. Bu həkim siyasi motivlərlə dəlixanaya düşən xəstələrə qarşı xüsusi qəddarlığı ilə ad çıxarıbmış, onun «müayinəsi» barədə eşidəndə hamı zağ-zağ əsirmiş. Bu müayinələrdə olan «xəstələr» o həkimin adını eşidəndə özlərinin işgəncə dolu xatirələrini danışır, onun «qəbuluna» düşməyi heç bir yoldaşlarına arzulamırmışlar.

Nəhayət, bir gün Faynberq də həmin həkimin «müayinə»sindən keçməli olur. Onu gülərüzlə qarşılayan həkim dissidentə xoş üz göstərir, mehribanlıqla danışır və ürək-dirək verir. Sonra da pıçıltı ilə özünün bu rejimə ürəkdən nifrət elədiyini deyir. Faynberq həkimdən soruşur:

- Axı «siyasi xəstələr» sizin onlara işgəncə verməyinizdən danışırlar? Bu necə ola bilər?

Həkim gülümsəyir:

- Sən də burdan çıxanda onların dediklərini təkrarlayarsan...

Nə bilmək olar, bəlkə də Cabir İmanov, onun müxalifətçi gənclərə olan xüsusi qəddarlığı da uydurma, mifdir? Bəlkə bu da onun özünüsığortalama üsuludu?

Şair demişkən, bizim bütün gizlinlərimiz bircə-bircə açılacaq, faş olacaq...

P.S. Əminəm ki, yazıdan xəbər tutanda Tahir və Cabir İmanovlar bu ehtimalların absurd, məntiqə uyğun gəlməyən şeylər olduğunu iddia edəcəklər və bu gözləniləndir. Onlar özlərini qorumağa məcburdurlar. Mənimsə bu yazını yazmaqda iki məqsədim vardı. Birincisi, demokratik düşərgədə olan insanları bu adamlara fərqli yanaşmağa dəvət etmək və Tahirlə Cabir İmanovlara mesaj ötürmək: Narahat olmayın, biz sizi başa düşürük...

XS
SM
MD
LG