Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:37

Cənub bölgəsində 10-dan çox dindar həbsdədir


Azər Quliyev
Azər Quliyev
-
Azərbaycanda ən çox cənub rayonlarında dini düşərgədən olan insanlar həbs edilib. İndi cənub rayonlarında 10-dan çox belə insan həbsdədir. Bunların 8-i Masallı rayonun payına düşür. Onların arasında xeber44.com internet qəzetinin baş redaktoru Araz Quliyev də var. Bu yaxınlarda Araz Quliyevin yaşadığı evə baş çəkib qardaşı Azər və Anası Mehrac Quliyevlərlə görüşdük. Məlum oldu ki, Araz Quliyevlə yanaşı, qaynı da həbs edilib. Buna görə də Arazın həyat yoldaşı körpə uşağı ilə anasının yanında qalır.

«EVƏ BOMBA QOYUBLAR»

Azər Quliyev deyir ki, qardaşına tətbiq edilən maddələrin heç birinin əsası yoxdur:

«Qardaşımı 8 sentyabr 2012 ci il tarixdə Masallıda keçirilən folklor festivalında jurnalist fəaliyyətini yerinə yetirərkən həbs ediblər. Ondan sonra qardaşıma təzyiqlər göstəriblər. Polis idarəsində də, Kürdəxanı həbsxanasında da ona zorakılıq olub. Sentyabrın 20-də evə bomba qoyublar, başqa sübutları olmadığı üçün. Dekabr ayında istintaq yekunlaşan vaxtı onlara qarşı 221.1 maddəsi ilə cinayət işi qaldırılmışdı. Həmin maddə götürüldü, əvəzində 5 maddə işə əlavə olundu».

Azər Quliyev hesab edir ki, qardaşı jurnalist fəaliyyətinə görə həbs edilib. İbadətlə məşğul olduğu üçün isə çox asanlıqla şərlənib. O deyir ki, qardaşı özünü təqsirli bilmir:

«Günahsız yerə tutulub, hətta döyülüb. Məhkəmə də onu qeydə almır, bunu azyaşlı uşağı da var. Üstəlik, şərləyiblər də. Orda 20 nəfər şahid oldu. Onların danışığında ziddiyyətlər oldu .İlk ifadələri ilə məhkəmədə verdikləri ifadələrdə ziddiyyətlər var idi.
Masallı rayonu
Masallı rayonu
Hakimlərdən biri onları yönəldirdi ki, belə-elə deyin. Dövlət ittihamçısı ancaq onu deyirdi ki, ilkin ifadəni təsdiq edirsiniz».

Azər Quliyevin deməsinə görə, məhkəmə sifarişli olmasaydı, qapalı keçməzdi. Məhkəmə iclasına jurnalistləri buraxmayıblar. Azər Quliyev qeyd edir ki, qardaşı taksi sürürdü, bununla ailəsini dolandırırdı.

«QAZIYA «MİNBƏRDƏN DÜŞ, SƏN ORA LAYIQ DEYİLSƏN» DEYİBLƏR»

Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov isə hesab edir ki, həmin insanlar heç də nahaqdan həbs olunmayıblar:

«Mən bura gələndə «Musey Kazım heyəti» adlı bir heyət var idi. Bir neçə dəfə məscidə hücum ediblər, cavan uşaqlardır. Onlar vaxt olub ki, buranın qazısına «minbərdən düş, sən ora layıq deyilsən» sözlərini deyiblər. Siz düz eləmirsiniz, din elə deyil, belədir. Onların içərisində redaktor da var».

Başçının fikrincə, taksi sürməklə ailəsini dolandıran bir şəxs güclü internet qəzeti buraxa bilməz. O deyir ki, bu adamlar cavan uşaqları yoldan çıxardırdılar:
Foto: Arxiv
Foto: Arxiv
«Bu son dövrün məhsulu deyil. Ona qədər bir neçə dəfə dava salıblar. Dini icmanın rəhbəri var. Onun işinə müdaxilə etmək olmaz».

«ADINI QOYUB DİNDAR, AMMA DİNDARLIQDA O IŞLƏR OLMAZ»

Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Ağa da hesab edir ki, İslam dini, xüsusən şiəlik bu bölgədə daha aktivdir. Onun bildirdiyinə görə, bölgədə çoxlu dini təriqətlər yaradılıb. Bu da insanlar arasında parçalanma və narazılıq salır:

«Dindar heç vaxtı parçalamanı istəməz. «Qurani Kərim»də Allah buyurur: «Ey məxluqat, birləşin». Birlik olan yerdə dirilik olar. Bəziləri ruhani adı altında, bəzisi dindar adı altında çox işlər görürlər. Adını qoyub dindar, amma dindarlıqda o işlər olmaz. Bu günləri islamda vahabiçilik, nurçuluq, başqa-başqa təriqətlər var. Bu günləri o tutulanların içərisində bizim dindarlar var, o dindarlardır ki, pis niyyətdə olan insanlardır».

NARKOTİK, DÖVLƏT ÇEVRİLİŞİ, SİLAH...

Qazinin dediyinə görə, dindar yaşadığı ölkənin marağını da əldən verməməlidir. Xarici ölkələrdən gələn dini təbliğatın təsiri altına düşməməlidir:
İltifat Rəhimzadə
İltifat Rəhimzadə

««İmam Musey Kazım Heyəti» yaradıblar. Bu heç vaxtı dində görünməyib. İmam Musey Kazım həmişə vəhdəti deyib. Onların hər biri ilə söhbət etmişəm, evlərinə getmişəm, məscidlərdə də olmuşam. Bu dini məzhəbi parçalamayın. Biz məzhəblərə bölsək - sən şiəsən, mən süniyəm - sabahları deyəcəklər ki, vəhhabiyəm, filankəsəm. Din get-gedə əldən gedər».

Ziyalılar Birliyin cənub bölgəsi üzrə nümayəndəsi İltifat Rəhimzadə isə həbsdə olan bu şəxslərin əleyhinə irəli sürülən ittihamları qondarma hesab edir. Onun bildirdiyinə görə, dindar kəsimdən olan insanlara qarşı narkotik, dövlət çevrilişi, silah saxlamaq kimi gülüş doğuran ittihamlar irəli sürülür. Bu da inandırıcı deyil. O da deyir ki, cənub bölgəsinin İranla sərhəddə yerləşməsi islam dininin, onun şiəlik qanadının aktivləşməsinə kömək edir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Araz Quliyevə 8 il həbs cəzası verib. Ümumilikdə Masallıda onlara üst-üstə 40 ildən çox iş verilib. Lənkəranda dini düşərgədən olan daha iki şəxsin məhkəməsi gedir. 2012-ci ilin dekabrın 5-də Lənkəranın «Hüseyniyə» məscidində qarşıdurma baş vermişdi. Qarşıdurmaya görə iki ibadət əhli təqsirli bilinir. Məhkəmə mayın 5-də işini davam edəcək.
XS
SM
MD
LG