Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:46

V. Quluzadə: «Atəşkəs sülh deyil, Rusiyanın əlində təpəmizə dirənmiş silahdır»


Erməni hərbiçiləri
Erməni hərbiçiləri
-
Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından 19 il ötür.

Atəşkəs haqda razılaşma 1994-cü il mayın 8-də Bişkekdə imzalanıb. Dörd gün sonra - mayın 12-də qüvvəyə minib. Bununla da, cəbhə xəttində hərbi əməliyyatlar dayandırılıb.

RUSİYADAN GƏLƏN TƏŞƏBBÜS

Atəşkəs elan edilməsi haqda təşəbbüs Rusiyadan gəlib. Moskvanın planlarına görə, Ermənistan və Azərbaycan atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun iştirakı ilə hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. Ancaq 19 ildə Minsk Qrupunun iştirakı ilə aparılan danışıqlar səmərəsiz qalıb. Azərbaycanla Ermənistan işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun geri qaytarılması ilə bağlı razılığa gələ bilmirlər.

«1994-CÜ İLDƏ BİZ MÜHARİBƏNİ ÖZ İRADƏMİZLƏ DAYANDIRA BİLMƏZDİK»

«1994-cü ildə biz müharibəni öz iradəmizlə dayandıra bilməzdik. Sadəcə, Rusiya düşündü ki, bu qədər bəsdir, Dağlıq Qarabağın və 7 rayonun işğalı yetərlidir». Sabiq dövlət müşaviri Vəfa Quluzadə belə deyir.

Vəfə Quluzadə (Foto: Samirə Nəcəf)
Vəfə Quluzadə (Foto: Samirə Nəcəf)
Onun sözlərinə görə, atəşkəs imzalanmaqla Moskva sülh danışıqlarını da dalana dirədi:

«Ona görə mən 1994-cü ildə atəşkəsin imzalanmasını nailiyyət saymıram. Bundan sonra sülh müqaviləsi bağlanmadı. Çünki 7 rayonun geri qaytarılması, sülh müqaviləsinin bağlanması Azərbaycanın qarşısında böyük imkanlar açırdı. Azərbaycan NATO-ya üzv ola bilərdi, sərbəst addımlar ata bilərdi. Atəşkəs Rusiya üçün bir rıçaqdır. Sözsüz ki, atəşkəs sülh deyil, Rusiyanın əlində daima təpəmizə dirənmiş silahdır».

«ATƏŞKƏSİN BİR XEYRİ OLDU»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətincə, atəşkəsin bir xeyri oldu, bəzi məğlubiyyətlərin qarşısı alındı: «O zamankı Azərbaycan hakimiyyəti nəfəs dərmək, fasilə götürmək üçün bu addımı atmaq məcburiyyətində qaldı».

«19 İL ÖNCƏ VƏZİYYƏT NECƏYSİDƏ İNDİ DƏ ELƏDİR»


Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Elxan Şahinoğlu diqqəti bir məqama yönəldir:

«Atəşkəs imzalandıqdan sonra nələr baş verdi? Biz bu fasilədən istifadə edib danışıqlarda mövqeyimizi gücləndirə bildikmi? Ermənistana təzyiqləri artıra bildikmi? Bu suallara birmənalı cavab vermək çətindir. Düzdür, Azərbaycan hakimiyyəti iddia edir ki, dəfələrlə Ermənistandan güclüyük, büdcəmiz də böyükdür, hərbi xərclərimiz də artıb. Bunlar doğrudur. Amma bütün bu işlər bizim atəşkəs dövründə üstünlüyümüzün nəticə verməsinə gətirib çıxarmayıb. 19 il öncə vəziyyət necəydisə, indi də elədir. Yəni torpaqlar işğal altındadır, böyük dövlətlər – Minsk Qrupu Ermənistana torpaqları qaytarmaq üçün təzyiq etmir, Rusiya yenə də Ermənistanın arxasındadır».

Elxan Şahinoğluna görə, atəşkəs dövründə itkilər də çox olub. O döyüş getməsə də, çoxsaylı əsgər və zabitin öldüyünü yada salır.

«APA» yazır ki, atəşkəsdən ötən 19 ildə müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi həlak olub.
XS
SM
MD
LG