Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:41

Sovet vaxtı Azərbaycan bayrağını Qız Qalasından asan Cahid Hilaloğlu kimdir? -(Ardı)


Çingiz Abdullayev və Cahid Hilaloğlu
Çingiz Abdullayev və Cahid Hilaloğlu
-
Əvvəli burada

AZADLIQ ŞİRİN SÖZDÜRMÜ?

Azadlığa çıxmaq özünü həmişə «xalqlar həbsxanası»nda hiss edən Çingiz Abdullayevə rahatlıq gətirmir. O, xaricə getmək planları qurur. Moskvaya gedir. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.

Əli və Əzizə Şamillərin araşdırmasından aydın olur ki, Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır.

YENİDƏN MAŞTAĞAYA!

Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar...

44 İLDƏN SONRA XARİCƏ YOL AÇILIR!

Çingiz Abdullayev Maştağadan bir də sovetlərin çöküşündən sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. Araşdırmada vurğulanır ki, 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. 1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir. Araşdırma qrupu onun son sorağını 1998-ci ildə Bern şəhərindən alıb. Ondan sonra Ç.Abdullayevdən soraq verən olmayıb... Öldüsü-qaldısı bilinmir.

PALTO OĞRUSU SİYASİ DUSTAQ OLDU

Görək, Qız Qalasının başına üçrəngli bayraq sancan qəhrəmanımızın – Cahid Hilaloğlunun başına nələr gəldi? Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, həmin illərdə tanınmış aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır...

HƏYAT YOLDAŞININ DEDİKLƏRİ

C.Hilaloğlu cəzasını Mordvadakı Dubrovski islah-əmək düşərgəsində çəkir. Araşdırma qrupunun fikrincə, bura əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Cahid şəraitin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq, ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir.

Asəf Quliyevin 10 il öncə çəkdiyi sənədli filmdə Cahid Hilaloğlunun həyat yoldaşı onun məhbəs həyatını belə təsvir edir:

«Gündə çağırıb-danışdırırdılar. Xətkeşi elə vururdular ki, dişim qopurdu. Məni camaatın içinə salmadılar. Dedilər, səni zülmlə öldürəcəyik. Qış vaxtı, çılpaq aparıb yekə bir hovuzun içinə saldılar. Neçə gün o suyun içində qaldım. Şişib qarderobdan da yekə oldum... Axırda bir kişi dedi, onu çıxarın. Məni çıxaranda hamı qorxudan qaçdı. O qədər şişmişdim ki, enim 2 metrə olubmuş. Sonra məni bir otağa saldılar. Yanıma da tibb bacısı qoydular. Başladılar məni müalicəyə. Yavaş-yavaş özümə gəldim. 10 ildə çox zülmlər gördüm. 3 qənd verirdilər. Birini yeyib, ikisini saxlayırdım. Sürgün eləyəndə, bir ovuc qənd saxlamışdım. Gəlib əlimdən alıb ayaqlarıyla əzdilər. Elə itələdilər ki, üzüm qapıya dəyib parçalandı, eləcə də – qanım tökülə-tökülə məni qatara mindirib sürgünə göndərdilər...».

AZADLIQ YOLUNDA QAN TÖKƏNLƏR...

Cahid Hilaloğlu
Cahid Hilaloğlu
​10 il həbsdən sonra Bakıya dönən Cahid Hilaloğlu uzun müddət işsiz qalır. 1969-cu ildə məcbur olub Yerevanda – C. Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor işləyir. Araşdırmaya görə, təhlükəsizlik orqanları orada da C.Hilaloğlunu dinc buraxmır. Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna, gah tamaşaya qoyduğu əsər başqa cür başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan millətçilik qoxusu gəldiyinə görə «söhbətə» çağırırlar. 1971-ci ildə Hilaloğlu Bakıya qayıdır və vaxtilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor çalışmağa başlayır.

İNCƏSƏNƏT İNSTİTUTU

Cahidin vaxtilə oxuduğu institutda işə düzəlməsi və işdən çıxması Rahib Hüseynovun rektor çalışdığı dövrə təsadüf edir. Qəribədir ki, az sonra Hilaloğlu institutda rejissorluqdan dərs deməyə başlayır. Elə bu ərəfədə institutun rektoru həbs edilir. Əli Şamilin fikrincə, o dövrdə bütün rektorlar eyni üslubda işləyirdi. Bəs necə oldu ki, məhz İncəsənət İnstitutunun rektoru tutuldu? Araşdırmaçı-jurnalistin fikrincə, Rahib Hüseynov Cahidin tələbə yoldaşı olub və bu da onun cinayətkar kimi həbs edilməsinə şübhə ilə yanaşmağa əsas verir. Maraqlıdır ki, R. Hüseynov həbs olunan kimi, C. Hilaloğlu da ərizə yazıb işdən çıxır.

NÖVBƏTİ İŞSİZLİK-NÖVBƏTİ TEATR...

1976-cı ilin aprelin 13-də öz ərizəsi ilə işdən gedən C.Hilaloğlu yenə işsiz qalır. Xanımının dediyinə görə, hara gedirdisə, onu «Azərbaycan xaini-düşmən» adlandırırdılar:

«Deyirdi, mən neyləmişəm ki, düşmən olmuşam? Axırda məni yanına salıb aparırdı kluba, mədəniyyət evinə, deyirdi mənə iş verin, axı mən də insanam, bax, mənim də ailəm var, yaşamaq istəyirəm. Vermədilər. Axırda məcbur olub Ağdam teatrına getdi. Orada işləyən vaxt bütün artistlər Cahiddən ötrü dəli-divanə idi. Camaat yığışırdı başına».

…VƏ SON—NADAN KİMİ VURDUĞUNUN FƏRQİNDƏYDİMİ?

Bədbəxtlik bu kiçik Vətəndə də ondan əl çəkmir. 1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir «Volqa» avtomobili Cahidi vurur.

Qəzada həlak olan C.Hilaloğlunu Ağdamda ata-anasının yanında dəfn edirlər...

Araşdırma qrupunun fikrincə, xüsusi xidmət orqanlarının təşkil etdikləri avtomobil qəzaları, qəfil ölümlər haqqında o qədər faktlar aşkarlanıb ki, C.Hilaloğlunun ölümünə də təsadüfi avtomobil qəzası kimi baxmaq olmur...

DƏYƏRDİMİ? SİZ DEYİN, DƏYƏRDİMİ?

1991-ci ilin 28 Mayında Cahid Hilaloğlu Azərbaycan Cümhuriyyətinin 73-cü ildönümünü sonuncu dəfə qeyd etdi.

Vətənin müstəqilliyinə sayılı aylar qalırdı. Cahid də, Çingiz də az qala yarım əsrlik mübarizələrinin bəhrə verəcəyi günə yaxınlaşırdılar.
Amma bu müstəqillik Cahid Hilaloğlunun, Çingiz Abdullayevin fikirləriylə nə dərəcədə səsləşəcəkdi, bəlli deyil.

Zatən, Çingiz Abdullayev bu səsləşmənin olduğunu uğrunda can qoyduğu Vətəndən getməklə puça çıxardı...

Cahidsə qəfil ölümü seçdi.

Az sonra Cahidin pənah apardığı Ağdam işğal olunacaq, yerlə bir olacaqdı...
XS
SM
MD
LG